Cabbar Savalan və Pier-Luk Dusseault!
Hələ sovetlər dönəmində Mir Cəlalın “Bir gəncin manifesti” romanını oxumuşduq. Əsərin əsas qəhrəmanı Bahar o dönəmin mürəkkəb və qorxulu ictimai-siyasi mühitində, haqsızlığa, ədalətsizliyə qarşı mübarizə aparan gənc kimi təsvir edilir. Əsərin mahiyyətini sosial ədalətsizlikdən qurtulmaq, ictimai-siyasi azadlıqların təmin olunması yolunda mübarizə təşkil edir. Ən başlıcası isə əsərin 1938-ci ildə qələmə alınmasıdır. Sovet repressiya illərinin ən qəddar və dəhşətli zamanında.
Bunu yazmaqda məqsədim heç də romanı təqdimat etmək deyil, sadəcə müəllifin sosial ədalətsizliyə, haqsızlığa, azadlıq və bərabərlk uğrunda gənclərin apardığı mübarizəyə olan yanaşmasıdır. Hələ 38-ci ildə bu mübarizəni qəhrəmanlıq kimi təqdir edən yazıçının sələflərinin bugünkü mübariz gənclər haqqında mövqesizliyi yetərincə təəccüb doğurur.
Amma mən bu gün az qala bütün dünyanın diqqət mərkəzində olan, fərqli tale yaşayan, fərqli ölkələrin vətəndaşı olan 2 gəncin manifestindən söz açmaq istəyirəm.
Cabbar Savalanlı. 19 yaşının içində həbs olundu. Cabbarın arzuları, həyat yolu haqqında çox yazılar yazılıb və əminəm ki, yazılacaq da. Amma onun məhkəmədəki son nitqi çox ibrətamiz və bir qəhrəmanın essesidir. Bu, hər gün deyilməli və yazılmalıdır.“Azərbaycanda insanlara ya azadlıq, ya da çörək seçmək təklif olunur. Çörəyi seçənlər azadlıqlarını itirirlər. Mən isə çörəyi yox, azadlığı seçmişəm. Ona görə də məni qismən fiziki azadlıqdan məhrum etdilər. Mən həbsxanada da azadam.
Biz azadlıq mücahidləri olaraq, azadlıq uğrunda sonacan döyüşəcəyik”.Bu ifadələr 19 yaşlı Cabbar Savalanlıya məxsusdur. Bu, onun taleyidir. Fiziki cəhətdən nə qədər uğursuz olsa belə mənəvi və ictimai baxımdan çox uğurludur.Inanıram ki, Savalanlını şərləyənlər, ona hökm istəyən prokuror və hökmü oxuyan hakim belə bu çıxışın qarşısında min dəfə sınıb, əzilib. Onlar hökmü verərkən yalnız ona deyil, öz övladlarına oxudular bu hökmü. Ona görə ki, Savalanlının mübarizəsi yalnız özü uğrunda deyil, həm də elə onların da övladlarının demokratik və azad gələcəyi uğrundadır. Bunu onlar çox dəqiq bilirlər və inanıram ki, məhkəmə sonrası adi günlərində stol arxasında oturarkən Cabbarın mərd və qürurlu çıxışını 19 yaşlı gəncin qələbəsi kimi xatırlayır və özlərinin gücsüzlüyünü lənətləyirlər. Bəlkə də “Mənim də kaş belə bir oğlum olaydı” deyə düşünürlər.
Bəli, bu, Azərbaycan gənclərinə olan münasibətin bugünkü göstəricisidir. Ölkədə illərlə davam edən “Gənclər ili”, “Gənclərin inkişafına yönəlik 5 illik proqram”lar siyasəti həyata keçirilsə belə hər şeyin kosmetik görüntüsü ortada. Əgər sən bir ananın övladını həbslərə atıb, universitetlərdən xaric etdirirsənsə, bir ananın övladını yaltaq və mədhiyyəçiyə çevirib, yararsız televiziyalara çıxarıb əbədi şəxsiyyətsizliyə düçar edib də, ona yolun bu olduğunu diktə edirsənsə, bunun sonu heç də ürəkaçan olmayacaq. Bu, yanlış yoldur, hər kəs bilsin.Mən 2-ci gəncdən də bəhs etmişdim.
19 yaşlı Pier-Luk Dusseault. Ən gənc millət vəkili kimi Kanada tarixinə adını yazdı. “Kanada gənclərini təmsil etmək üçün mənə bu fürsəti verənlərlə fəxr edirəm” – dedi.
19 yaşlı bu iki gəncin taleyi bir-birindən nə qədər fərqlidir, deyilmi?
19 yaşlı hər iki gənc indi dünyanın diqqət mərkəzindədir. Biri həbsxana divarları arasında 2 il 6 aylıq həyatla üzbəüz qalan, canı qədər sevdiyi vətənində doğma dilində belə yazıb oxumağı bacarmayan şahidlərin, repressiv rejimin şərləyərək susdurmaq istədiyi Cabbar, digəri isə Kanada xalqı və dövlətinin mandatını qazanan, bəlkə də dünyanın ən gənc deputatı Pier-Luk Dusseault!
Biri hakimyyətin şərləyib həbsə atdığı, o biri isə deputat mandatına sahib olan iki eyni yaşlı gənc!Biri hakimlərinə və hakimiyyətinə nifrət edən, biri isə qürur duyan iki gənc!
Biri avtoritar, digəri isə demokratik ölkənin vətəndaşı!
Son dərəcə ibrətamiz və müqayisə üçün maraqlı olan bu iki gəncin taleyi həm də gənclərimizin maraq dairəsində ola biləcək bir müzakirəyə səbəb olsun deyə yazdım bu yazını. Qoy bütün müstəqil və qeyri-müstəqil gənclərimiz və onların təşkilatları hər iki gəncin öz ölkələrindəki taleyini birgə müzakirəyə çıxarıb ictimai debatlar təşkil etsinlər.
Cabbarın anası Təravət xanımın məhkəmədəki ibrətamiz ana obrazı da hər bir ana üçün örnək olmalıdır.
O, məhkəmədə öz oğluna bunları dedi: “Qoy lap 6 il versinlər. Mənim oğlumu bununla qorxuda bilməzsiniz. Kişi kimi mərd cəzasını çəkəcək. Amma bu hökmü verənlər Səddam Hüseyn kimi cəzalarını alacaqlar”.
Bu mütləq olacaq Təravət xanım. Bir gün Savalan da Azərbaycanın ən gənc millət vəkili kimi 2-ci dəfə tarix yazacaq. Biz buna əminik!Indi söz sizindir, Azərbaycan ədibləri. Bəlkə “Bir gəncin manifesti”ni yeniləyəsiniz. Sıra sizdə!