Hakimiyyət aqrar sektorun inkişafında niyə maraqlı deyil?

Məmurlarımız zəhmətsiz gəlirə üstünlük verirlər

Vahid Məhərrəmov: «Neftin istehsalı ucuz, gələn gəlirsə yüksək olduğundan hökumət ona can atır»

Aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmlərdə islahatların yeni mərhələsinin həyata keçirilməsi barədə ölkə başçısı səviyyəsində xüsusi komissiya yaradılıb. Bu yöndə xüsusi təkliflər verilməsi üçün iki ay ərzində komissiya konkret mexanizmlər hazırlamalıdır.
Iqtisadçı ekspert Rövşən Ağayev “Mediaforum” saytına açıqlamasında sözügedən təşəbbüslə bağlı bəzi suallara cavab verməyi vacib sayıb. O, aqrar sektorun Azərbaycan iqtisadiyyatının aparıcı sferası kimi ÜDM-in təxminən 5, məşğulluğun isə təxminən 45 faizini formalaşdırdığını bildirərək əhali istehlakının ən azı üçdə ikisinin bu sektor hesabına təmin olunduğunu bildirib. Iqtisadçı başqa ölkələrin müqayisəsində real vəziyyətə diqqəti çəkib. Bəlli olub ki, Yaponiya 5 min hektarla 65, Azərbaycan isə cəmi 5 milyon əhalini saxlaya bilir. Niderland aqrar məhsulların ixracından orta hesabla  60 milyard dollar gəlir əldə edib ki, bu, hazırda  Azərbaycanın neftdən əldə etdiyi bütün qazancından 2,5 dəfə çoxdur. Eləcə də bu sektorda vəziyyəti qənaətbəxş olan Danimarka, Baltik ölkələri Azərbaycanı çox-çox qabaqlayıb.
Azərbaycanın aqrar sektorunun hazırkı durumu belə müqayisələrdə üzə çıxır. Hərtərəfli resurslarımız olduğu halda, bu sektorda heç nə ilə irəli gedə bilməmişik.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ilk növbədə ətraf ölkələrlə müqayisəyə üstünlük verməyin tərəfindədir: “Avropa və inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı elmi əsaslarla inkişaf etdirilib, aqrar sahəyə xüsusi investisiya qoyulub. O cümlədən, aqrar sahənin inkişafı üçün yüksək məbləğdə dotasiya verilib. Biz həmin ölkələrdən fərqli olaraq sovetlər dönəmini yaşadığımıza görə dotasiya aqrar sahənin inkişafı üçün deyil, onun ziyana məruz qalmaması üçün verilib. Yalnız zərərin ödənilməsi də həmin sahənin inkişafını stimullaşdırmır”. Ekspertə görə, bu günün problemi aqrar sahənin hökumət üçün maraqlı olmamasıdır. Çünki bu sahə ziyanla işləyir. Müqayisə olunsa, neftin hökuməti daha çox cəlb etməsi onun istehsalının çox ucuz başa gəldiyi və buna rəğmən yüksək gəlir əldə edilməsindədir: “Amma aqrar sahədə istehsal prosesi açıq şəraitdə getdiyi üçün burda texnoloji pərakəndəlik mövcuddur. Gübrə, toxum, texnika, insanlar, torpaq sahəsi kimi pərakəndəlik istehsal prosesini mürəkkəbləşdirir. Təşkilati baxımdan aqrar sahədə belə problemlər var. Ona görə də hökumət aqrar sahəyə investisiya qoymaqdansa, daha tez gəlir gətirən digər sahələrə vəsait yatırmağı üstün tutur”.
Həmsöhbətimiz aqrar sahəyə bu gün də faktiki fikir verilmədiyini söylədi. Ciddi problemlərin biri torpağa uzun müddət qayğı göstərilməməsidir. Əvvəllər torpağa mineral və üzvi gübrələr verilirdi, torpaqlar paylanandan sonra isə imkansız sahibkarlar öncə torpağın qayğısına qalmaq əvəzinə, torpaqdan istifadə edib gəlir götürməyə başladılar: “Torpağa gübrə verilmədən ondan uzun müddət istifadə edildi. Sahədə eyni bitki əkildiyi üçün torpaqdan birtərəfli şəkildə qida maddəsi çıxarıldı. Yəni torpaq öz gücünü itirdi, zəiflədi, kimyəvi tərkibini dəyişdi, əksər hallarda deqradasiya prosesi, duzlaşma başladı”.
V.Məhərrəmov toxumçuluq sahəsinin də başlı-başına buraxıldığını söylədi. Bununla ciddi məşğul olan qurumun yoxluğuna diqqəti çəkən ekspert, problemin həmçinin əksər sahələrdə yaşandığını göstərdi: “Indi suya olan tələbatı da problemlər sırasına qatmaq olar. Texnika da həmçinin. Rusiyanın istehsal etdiyi kombaynlar taxıl biçini vaxtı daha çox itkiyə yol verir və tez-tez təmirə dayanır. Bu da biçin prosesini uzadır, itki yaradır. Halbuki, həmin texnikaya külli miqdarda vəsait xərclənib. Nəticədə məhsuldarlıq çox aşağı olur, aqrotexniki qaydalara riayət olunmaması, tərkibi problemli kimyəvi preparatların, gəmiricilərə qarşı mübarizə aparılmasının effektivsizliyi problem yaradır”. Müsahibimizə görə, ən vacib problem bölünən torpaq sahələri nəticəsində meydana çıxan kiçik sahibkarların birləşdirilməməsidir, onlarda maraq yaratmamaqdır. Gözlənilən kooperasiya haqqında qanundan sonra da problemin qalacağını düşünən ekspert, real durum və mövcud psixologiyanı diqqətdə saxlamağı tövsiyə etdi.

Nigar