Elmarın qatilinə neft bazası söz veriblərmiş

«Onlar tez-tez hansısa səfirliklə danışırdılar…»

«Mən onların danışığından «aeroport», «Dubay», «İsrail», «Fransa», «Almaniya» sözlərini başa düşdüm»

Elmar Hüseynovun qətlinə görə tutulan adamı bu maddə ilə ittiham etdilər:
Maddə 320. Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlma, satma və ya saxta sənədlərdən istifadə etmə

***

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 6 il ötdü. Bu müddətdə cinayətin üstü açılmadı. Açılacağı da gözlənilmir. Hamı əmindir ki, bu qətl hakimiyyətin çox yuxarı səviyyələrindən sifariş verilib və buna görə də, nə qədər ki, indiki rejim hakimiyyətdədir, bu cinayətin üstü açılmayacaq. Cinayətin açılmaması bir yana, hətta bu qətl hadisəsinin istintaqı ilə bağlı məlumatlar da cəmiyyətdən gizlədilir. Sanki hansısa kabus bu qətllə bağlı bütün sirləri öz içinə alıb, hadisəni ictimai müzakirədən çıxarmaq üçün tələb olunan göstərişlər ciddi-cəhdlə yerinə yetirilir.
“Azadlıq”a bu cinayət işi ilə bağlı bir sənəd daxil olub. Bu, həmin qətl hadisəsi ilə bağlı həbs edilən yeganə adamın – Turqay Bayramovun istintaqa verdiyi ifadədir. Əslində bu qətl hadisəsində həmin gəncin heç bir günahı da yox idi. Sadəcə, cinayət işi açılmışdısa, “iş gedir”, deyə kimisə həbs edib cəmiyyətin diqqətini yayındırmaq lazım idi. Turqay Bayramov 2 il həbsdə olub azadlığa çıxdı. Onun günahı bu idi ki, Elmar Hüseynovu öldürməkdə ittiham edilən Teymuraz Əliyevin xalası oğludur…
Ona verilən saxtakarlıq ittihamı da qohumlarının Bakıda istifadə etmələri üçün mobil telefon nömrəsi almasıyla bağlı idi.
Turqay Bayramovun bu qətlin icraçılarıyla bağlı verdiyi ifadəni “Azadlıq”ın oxucularına təqdim edirik:

“Seko gürcü deyil, kürddür”

2005-ci il yanvarın sonlarında (dəqiq günü yadımda qalmayıb), həmişəki kimi bazarda iş yerimdə idim. Hava da isti idi. Köşkün qarşısında oturmuşdum. Saat təxminən 14-16 radələrində mənə Gürcüstanda yaşayan xalam oğlu Əliyev Teymuraz Adil oğlu yaxınlaşdı. Onu hamımız “Teymur” deyə çağırırıq. Görüşüb öpüşdük. Həmin vaxta qədər Teymurazı 4-5 il olardı ki, görmürdüm. Nə əcəb gəldiyini soruşdum. Çünki o, ailəsi ilə Gürcüstanda Tbilisi şəhərində yaşayırdı. Teymurazın anası ilə mənim anam atadan bir, anadan ayrı bacıdırlar. Dedi ki, bazarlıq etməyə gəlib. Əlavə etdi ki, Tbilisidə ona və yanındakı Seko adlı dostuna neft bazası verirlər, ona görə də Bakıya neft almaq üçün müqavilə bağlamağa gəliblər. Onun yanında Seko kimi təqdim etdiyi gürcü və Tahir adında azərbaycanlı var idi.
Teymuraz Tahiri Tbilisidə qonşusu və uzaq qohumu, Sekonu isə kirvəsi kimi təqdim etdi. Bildirdi ki, Tahir onlar üçün bir ayı 220 dollara kirayə ev tutub. Buradaca qeyd edim ki, Sekonun barəsində mən hələ Gürcüstanda yaşayarkən eşitmişdim, amma üzünü görməmişdim. Teymuraz özü demişdi ki, Seko onun dostu və kirvəsidir, həm də bildiyimə görə Seko milliyyətcə gürcü deyil, kürd olmalıdır, məncə maşın alveri ilə məşğul olurdu.
Beləliklə, bazarda Teymuraz xiyar, pomidor, təzə balıq, meyvə aldı. Sonra birlikdə Teymurazın təklifi ilə onların kirayə yaşadıqları evə getdik. Mənzil Rüstəmov küçəsində beş mərtəbəli evin beşinci mərtəbəsində yerləşirdi, iki otaqlı idi, bir balkonu var idi və balkon şüşəbənd kimi bağlanmışdı. Mənzildə televizor, stol və stullar, divan, bir də kamod var idi. Teymuraz məndən soruşdu ki, verdiyimiz pul bu evə dəyər, yoxsa yox? Mən mənzil təmirsiz olduğu üçün dedim ki, həmin pula dəyməz.

“Dayısına zəng vurub dedi ki, Teymur gəlib”

Bazardan aldıqları ərzaqları evə qoydular və birlikdə əvvəllər “Xəyal” firmasının yerləşdiyi sahə olan kafeyə düşdük. Orada yemək yeməyə başladıq, bu zaman qonşu stolda oturmuş Elşən bizə yaxınlaşdı, mənimlə və digərləri ilə görüşdü, oturdu. Başa düşdüm ki, Elşən məndən əvvəl artıq Teymurazgillə görüşüb və onların Bakıda olduqlarını bilir. Yemək gələndə o öz hesabına bir şüşə araq və bir şirə gətizdirdi. Mənə elə gəlir ki, sonda hesabı da o verdi. Elşən və Teymuraz da qohumdurlar. Elşən Teymurazın xalası qızının oğludur. Yəni Teymurazın anası Safa Elşənin nənəsi Cəvahirin bacısıdır. Elşən isə mənim anamın bacısı qızının oğludur.
Biz orada püre, kotlet, göyərti, pendır, toyuq və sair yedik. Elə-belə söhbətlər etdik. Elə oradaca Elşən öz mobil telefonu ilə, onun nömrəsini xatırlamıram, dayısı Nizamiyə zəng vurdu və dedi ki, Teymur gəlib, gəl görüş. Təxminən 20 dəqiqə sonra Nizami gəlib çıxdı. Nizami də mənim xalam oğludur, yenə analarımız atadan bir anadan ayrıdırlar. Amma Teymurazla Nizami doğma xala oğlanlarıdır.
Yemək yeyib qurtarandan sonra hamımız birlikdə Elşəngilə qalxdıq. Səbəb də bu oldu ki, Teymuraz Elşənin anası, özünün xalası qızı ilə görüşmək istəyirdi. Elşənin anasının adı, səhv etmirəmsə, Hürzaddır. Elşəngildə oturub çay içdik. Teymuraz mətbəxə keçib xalası qızı ilə təklikdə də söhbət etdi. Sonra Elşən ev telefonundan zəng vurub digər xalaları ilə Teymurazı danışdırdı. Söhbətləri ancaq xəbər-ətərdən ibarət oldu. 10-15 dəqiqə oturduqdan sonra hamımız birlikdə Elşəngildən çıxdıq.

“Onlar dincəlmək üçün saunaya getdilər”

Çıxanda Teymuraz dedi ki, dincəlmək üçün saunaya getmək istəyir. Elşən bildirdi ki, “Gənclik” metrosu tərəfdə bir sauna var, orada dincəlmək olar. “Şərq şirniyyatı” mağazasının qarşısında Nizami və Elşənin tanıdığı, mənim adını bilmədiyim bir taksi sürücüsünün ağ rəngli “VAZ-2107″ markalı avtomaşınına minib ”Gənclik” metrosu tərəfə getdik. Mən, Teymuraz, Seko, Tahir, Elşən və Nizami hamımız həmin maşına minmişdik. Sonra Teymuraz, Seko, Tahir və Elşən saunaya getdilər. Mən və Nizami təxminən 5 dəqiqə maşında gözlədik, onların gəlmədiklərini görüb mən özüm saunanın içərisinə daxil olub Elşən və Tahiri gördüm. Hər ikisi mənə dedilər ki, siz də gəlin, istirahət edin. Mən istəmədiyim üçün etiraz etdim və Tahir mənə taksi üçün 20 min manat (hazırkı 20 manat) pul verdi. Mən pulu taksiyə verdim və elə həmin taksi ilə də qayıdıb Nizamigilin evinə gəldik.

“Onlar hansısa səfirliyə getməli idilər”

Bundan təxminən iki gün sonra, səhv etmirəmsə, fevralın 2-də Tahir, Teymuraz və Seko yenə bazara gəldilər. Teymuraza dedim ki, xalası, yəni mənim anam xəstədir, gəl gedək, ona baş çəkək. Dördümüz birlikdə bizim evə getdik. Anam yataqda yatırdı. Teymuraz o yatan otağa keçib anamla söhbətləşdi. Təxminən 15 radələri olardı, 30-45 dəqiqə oturdular, çay içdilər. Teymuraz dedi ki, hansısa səfirlikdə işləri var, ona görə də çox otura bilməyəcəklər, mən özüm isə işə qayıtmalı idim. Ona görə də birlikdə çıxdıq və taksi ilə bazara tərəf gəldik. Taksidə gedərkən Teymuraz dedi ki, Tahır onları gəzdirmək üçün bir nəfər taksi sürücüsü ilə danışıb. Sürücünün adını və maşınının markasını, nömrəsini və rəngini demədi. Həmin sürücü onları təxminən 4 gün gəzdirib. Hər gün də onun maşınına 20 litr də benzin vururlarmış. Zəhmət haqqı kimi isə 4 gün üçün həmin taksi sürücüsünə 50-60 dollar pul veriblər. Sonra da bu taksidən ayrılıblar. Tahirin həmin taksini haradan tutmasını da bilmirəm. Bu, Teymurazgil mənə rastlaşana qədər olub.
Bizim evdən qaydanda Teymuraz mənə dedi ki, onun mobil telefonu beynəlxalq sistemə qoşulu telefondur, danışığın hər dəqiqəsinə 3-4 dollar pul yazır. Ona görə Sekoya da rus dilində dedi ki, gedək bir ədəd nömrə alaq. Mənə də dedi ki, gedək bir yerdə bir nömrə alaq, oradan sonra işinə qayıdarsan. Birlikdə saat 17.00 radələrində “Neftçilər” metrosu yaxınlığına gedib orada olan bir telefon satışı dükanına girdik.

“Onlar saxta adla nömrə aldılar”

Nömrəni Teymurazgil üçü birlikdə seçdilər. Satıcı qız nömrəyə görə, səhv etmirəmsə, 40000 manat, bir ədəd sim-simə görə 100000 manat pul aldı. Müqavilə yazdı, müqavilədə göstərilən ad-familiya uydurmadır. Alıcı əvəzinə imzanı isə mən icra etdim. Nömrəni dəqiq xatırlamıram, amma səhv etmirəmsə, əvvəli “532″ rəqəmi ilə başlayırdı. Yəni, faktiki müqavilədə göstərilən yalan məlumatların guya düzgün olmasını mən imzamla təsdiq etdim. Həmin uydurma adları da dedim, səhv etmirəmsə, Teymuraz özü və Tahir də bu işə qarışdılar, yəni adı, soyadı və ya ünvanı deyəndə onlar kömək etdilər, yəni hərəsi bir söz dedi. Həm Teymuraz, həm Tahir, həm də mən bilirdik ki, müqaviləyə yazdırdığımız həmin məlumatların heç biri həqiqətə uyğun deyildi. Bu həmin telefon dükanı və satıcı idi ki, sonradan, yəni fevralın 27-də oradan satıcını aldadaraq daha iki nömrə almışdım. Qeyd edim ki, Tahirdə ”Azercell” nömrəsi ilə işləyən köhnə modelli “Nokia” telefonu, Sekoda isə nisbətən bir qədər təzə modelli “Nokia” telefonu görmüşdüm.
Göstərdiyim nömrəni alandan sonra mən onlardan ayrılıb iş yerimə getdim.

“Azadlıq”ın növbəti sayında oxuyun:
“Mənə dedilər ki, Teymuraz neft alveri üçün sənəd dalınca gedib”;
Icraçılardan biri 7 “şirvan” borcu kimdən alıb?
Tahir Xubanov və Teymuraz Əliyev aeroporta nə vaxt və hansı məqsədlə getmişdilər?