Bəs onda “Heydər Əliyev ordeni”ni niyə müxalifətçilərə vermirsiniz?

Həmkarımız Natiq Cavadlı Əliyevçi rejimin orden və medalları haqqında maraqlı bir araşdırma aparıb. Dünən “Bizim yol” qəzetində oxuduğum həmin araşdırmada ilginc bir detal vardı: “Heydər Əliyev ordeni” Milli Məclisin “”Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” 2005-ci ilin 28 aprelində dərc olunan qanunu ilə Azərbaycanın “ən yüksək ordeni” elan edilir.

Ilk baxışda “Heydər Əliyev ordeni”nin məhz 28 apreldən etibarən Azərbaycanın “ən yüksək orden”i elan edilməsində bəlkə də bir o qədər qeyri-adilik yoxdur. Baxmayaraq ki, 91 il əvvəl Azərbaycanda 28 aprel işğalı yaşanmasa, indi “Heydər Əliyev ordeni” olmayacaqdı. Çünki 28 aprel olmasa, ictimai-siyasi mənada heç Heydər Əliyevin özü də olmayacaqdı, Xalq Cümhuriyyəti yaşayacaq, güclənəcək, beləcə, tariximizin 40 ilinə sahiblənən bir KQB generalını, bir despotu biz yuxumuzda da görməyəcəkdik.

“Heydər Əliyev ordeni”nin təvəllüdünün məhz 28 aprellə bağlı olmasında əsas ilginc məqam isə başqadır: həmin günədək Azərbaycanın ən yüksək dövlət ordeni “Istiqlal” ordeni idi. Indi işə baxın ki, 1920-ci ilin 28 aprelində Azərbaycanın istiqlalının yaşadığı aqibət 2005-ci ilin eyni günündə təkrarlanır – bu dəfə “Istiqlal” ordeninin “ən yüksək orden” kimi varlığına son qoyulur, özü də məhz Azərbaycanın istiqlal günəşini söndürənlərin yetişdirdiyi bir adamın adı ilə bağlı ordenin təsis edilməsi ilə!

Mən bunun təsadüf olduğunu əsla düşünmürəm. Bu rejimin Azərbaycanın istiqlalına, bu xalqa ilk dəfə azadlıq dadızdırmış insanlara münasibəti məlumdur. Ona görə də “Istiqlal” ordenini ölkənin ən ali ordeni kimi sinirə bilməmələrində təəccüblü heç nə yoxdur. Məhz 28 apreldə “Heydər Əliyev ordeni” təsis etmək isə heç şübhəsiz, düşünülmüş addımdır və hər kəsə mesajdır: “Biz Azərbaycan tarixində məhz bu günü sevirik, məhz bu günün daşıdığı anlama sadiqik, məhz bu günün ruhunu qoruyub saxlamaq istəyirik. Bizim 28 maya qarşı əzəli və əbədi alternativimiz var: 28 aprel!”Mənə qalsa, “Istiqlal” ordeni yerli-dibli ləğv edilərdi. Çünki bu hakimiyyət “Istiqlal” ordenini onsuz da istiqlal adına təhqirə çevirib. Ilham Əliyev onu ancaq Azərbaycanın müstəqilliyi əleyhinə səs vermiş insanlara paylayır. Özü də bilərəkdən, qəsdən, düşünülmüş şəkildə – bununla istiqlal anlayışını ironiya obyektinə çevirmək, istiqlalçılığı aşağılamaq istəyir. Əks halda soruşuram: ey Ilham Əliyev, “Istiqlal” ordenini götürüb istiqlalımızın əleyhinə səs vermiş adamlara paylayırsan da, bəs o hesabla “Heydər Əliyev ordeni”ni niyə götürüb müxalifətçilərə vermirsən?Əsəbiləşmə, məntiq bunu tələb edir, mənim nə suçum var?

“Avrovizion” qeydləri

Keçən ilədək başlanmasına hələ həftələr qalmış küçədə, avtobusda, çayxanada, toyxanada bütün söhbətlərin mövzusu “Avrovizion” olardı.“Avrovizion”a gedəcək müğənnilərin adları 7-dən 77-yə hər kəsin dilində əzbərə çevrilərdi.“Avrovizion”da neçənci olacağımıza dair mübahisələr baş alıb gedərdi.

Amma bu il baxırıq, nə? Çoxunun yarışmanın başlamasından belə, xəbəri yoxdur. Çıxın küçədə, parkda Azərbaycanı təmsil edənlərin kimliyini soruşun, alacağınız cavab – dərin bir səssizlik.

“Avrovizion”da neçənci olacağımıza dair mübahisələr isə yerini zatən çoxdan bizdə inqilabın nə vaxt olacağına dair qızğın polemiklərə verib.Bunlar əlbəttə, çox sevindiricidir. Eyni zamanda sübut edir ki, insanlarımız nəhayət:BIR: çörək yoxdursa, mahnının da olmadığının fərqinə varmışlar;

IKI: korrupsiyayla mübarizə, insan hüquqlarının durumu ilə bağlı siyahılarda sonuncu olan bir ölkənin hansısa mahnı müsabiqəsində birinci olmasının heç bir məna ifadə etmədiyinin fərqinə varmışlar;

ÜÇ: Avropanın demokratik dəyərləri uğrunda mübarizə aparmadan Avropanın hansısa musiqi yarışında mübarizə aparmağın gülünc olduğunu dərk etmişlər;DÖRD: “Avrovizion”a qatılan müğənnilərimizin sonra gəlib YAP-ın vizyonuna çevrilmələrindən dəhşətli dərəcədə iyrənmişlər, qəzəblənmişlər.