kiv-df

Azaflı nə desin belə dünyaya?

Olubdur qanunlar tələ dünyaya…

Azərbaycan ədəbiyyatında adı keçən ən məşhur haqq aşıqları sırasında Aşıq Abbas Tufarqanlı, Qurbani və Aşıq Ələsgər dayanır. Onları yaddaşlara yazan həqiqət sözün əsl mənasında haqq aşiqi olmaları idi. Amma bu ustadların yolunu min cür əzab-əziyyətə qatlaşaraq davam etdirən başqa bir söz sərrafı da var ki, onun adı bəzən kölgədə qalır. Əslində, səbəb çox sadədir. Taleyi Sovet dövrü ilə bağlı olan bu haqq aşığının – Mikayıl Azaflının əsərləri o illərdə doğru-dürüst yayıla da bilməyib. Hələ üstəlik, adı Dövlət Təhlükəsizlik Komitəsinin qara siyahısına düşüb və 1961-1964-cü illəri sürgündə keçirib. Onun “günahı” da hardasa 37-ci illərdə hədəfə alınan ziyalılarla eyni idi. Haqqın aşiqi olduğu, türk soyundan gəldiyini açıq bəyan etdiyi üçün “pantürkist” damğası vurmuşdular. O illərdə həqiqətən xalq şeiri üslubunda yazdığı gözəl əsərləri Türkiyədə daha məşhur idi. Həbsxanada yazdığı şeirlər sonralar “Zindan şeirləri” adı altında toplanaraq, iki il əvvəl buraxılan “Qoca Azaflıyam” kitabında işıq üzü görüb. Bu şeirlər ustadın haqsızlıqdan giley-güzarını, ayrılıq acısını, dərdlərini ifadə edən nümunələrdir:

Azaflı nə desin belə dünyaya, Olubdur qanunlar tələ dünyaya. Tarix söylədi ki, hələ dünyayaBir doğru ədalət, divan gəlməyib.

Azaflının həyat və ömür yolu haqqında gerçəkləri Şəhriyara, Qarslı Aşıq Islama, Hüseyn Bozalqanlıya, Aşıq Ələsgərə, Aşıq Alıya, Aşıq Şəmşirə, Aşıq Imrana, qızı Marala, Mülkülü Həsənə, Cahan Əfruza, Əli Kafkasiyalıya, Osman Sarıvəlliyə, Aşıq Mrzəyə yazdığı şeirlərdən açıq-aydın öyrənmək olur. Aşığın müasirləri ilə bir çox deyişmələri də var ki, onlar nəşr olunan kitabın böyük bir hissəsini tutur. Tovuz rayonunda dünyaya göz açan Mikayıl Azaflı(1925-1991) aşıq sənətinin sirlərini Aşıq Əsəddən və Aşıq Yusifdən almışdı. Xalq üslubunda yazdığı gözəl şeirləri ilə təkcə Azərbaycanda deyil, Türkiyədə də tanınmağa başlamışdı. Yaradıcılığındakı üsyankar notlar “yuxarıların” xoşuna gəlmirdi. Zaman-zaman bunun acısını çəkmiş və sonunda sürgün həyatı yaşamalı olmuşdu.

Amma maraqlı bu idi ki, onu gözümçıxdıya salanlar istedadını, sənətkarlığını da dana bilmirdilər. “Millətçilik” damğası ilə həbs olunan aşığın dəfələrlə Moskvada konsertlərinin təşkil olunması nə anlam daşıyırdı? Bəli, könül verdiyi uca haqq onunlaydı, onu hər çətinlikdən çıxarıb qorumuşdu da. Aşıq ən böyük arzusuna çatmışdı –  sovetlər dağılmağa başlayan ilk zamanlarda – 1989-cu ilin oktyabrında Türkiyəni ziyarət etmişdi. 

“Gəmidə oturub gəmiçi ilə mübarizə aparan mücahid”

Tənqidçi Vaqif Yusifli: “Mikayıl Azaflı da əksər klassik aşıqlarda olduğu kimi acı tale ilə üzləşib. Onun sevgilisi əlindən alınmayıb, necə deyərlər, Məcnun kimi çöllərə düşməyib, amma ”xoşbəxt sovet quruluşunun” haqsızlığına məruz qalıb. Şöhrətinin ən parlaq bir çağında Dövlət Təhlükəsizlik Komitəsinin qara siyahısına düşüb, dörd il azadlıqdan məhrum edilib. Amma onu susdura bilməyiblər, sürgündə olanda da yaşadığı cəmiyyətin qüsurlarına tənqidi münasibətini dəyişməyib. Azaflının “Zindan şeirləri” özü də ayrıca bir söhbətin mövzusu ola bilər. Bu şeirlər Azərbaycan aşıq poeziyasında yenidir. Azaflıdan öncə də 1937-ci ildə Şirvan aşıq sənətinin görkəmli nümayəndəsi Mirzə Bilal həbs olunmuşdu, amma onun sürgündə şeir yazıb-yazmadığı məlum deyil. El şairi Məzahir Daşqının da həbsdə şeirlər yazdığı məlumdur. Azaflı isə “Zindan şeirləri” ilə gəmidə oturub gəmiçi ilə mübarizə aparan bir mücahidə çevrildi. O, aşıq poeziyasının ənənəvi obraz və rəmzlərini “Zindan şeirləri”nə qatdı, amma həmin obraz və rəmzlər qəm tülünə büründü…”. Mən dustağa bir xəbər ver, Açılıbmı yaz, ay bülbül? Dərdim çoxdu, sənə deyim, Qələm götür, yaz, ay bülbül.

Dissident sənətkar haqqında xalq arasında fərqli hekayətlər dolaşır. Haqq aşığının ayrı-ayrı əsərləri haqqında da belə hekayətlər mövcuddur. Amma onunla bağlı faktlara əsaslanan tam dolğun mənzərəni şübhəsiz ki, yuxarıda bəhs edilən kitab verir. Bu kitabda aşıq yaradıcılığı tarixində ilk dəfə olaraq gəraylı, təsnif, qoşma, təcnis, müxəmməs, divani, vücudnamə, sicilləmə, ustadnamə, cahannamə və digər aşıq şeir şəkillərində hər bölmədən əvvəl onun şəkli xüsusiyyətləri barədə qısa məlumat verilmiş, eləcə də həmin şeir şəklində Azaflının xidmətləri açıqlanmışdır. Kitabda aşıq poeziyasında Aşıq Şəmşir və Azaflıya qədər az yer alan, bu səbəbdən də indiyə qədər aşıq yaradıcılığında, demək olar, tədqiqata cəlb olunmayan ithaflar, nəzirələr, mərsiyələr, şeir-məktublar haqqında ilk dəfə olaraq ətraflı danışılmış, onlar ayrı-ayrı bölmələrdə verilmişdir. Aşığın bağlama-qıfılbəndləri, deyişmələri, bayatıları, rübailəri, qəzəlləri, zindan şeirləri, poemaları və “Səlim Şah” dastanı ayrıca bölmələrdə verilmişdir.

Qoca Azaflıyam,

dilim var, lalam, 

Təbrizdə qardaşım,

Sibirdə balam.

Elə dərd varmı ki, çəkməmiş olam, 

Bax, onlar ağartdı başımı mənim.

“Azaflı, yaz, dilə gəlməz…”

Haqq aşığının el arasında çox məşhur olan “Qoca qartal” şeirini hər kəs əzbər bilir. “Qartal bizim bədii təfəkkürümüzdə həmişə ucalıq, vüqar, məğrurluq rəmzi olub və şeirimizdə məhz belə inikas olunub. Amma bu gəraylıda Qoca Qartala müraciət olunsa da, əslində, söhbətin məğzi insan ömrünün bir daha ələkeçməz anları barədədir. Elə anları ki, şamamalar saralıb, bağban qan ağlayır, sonalar daha gölə gəlməz.

Poeziyada həmişə təbiətin solan vaxtı ilə insan ömrü arasında assosiasiya ilə qarşılaşmışıq. Təbii ki, bu gəraylıda Azaflının ifadə etdiyi fikir parlaq şəkildə də öz inikasını tapıb. Belə nadir poetik incilərə biz klassik aşıq şeirində az rast gəlməmişik. Şeirin gözəlliyi öz yerində… Burada klassikaya bağlılıqla (müticəsinə yox, yaradıcılıqla!) yanaşı, həm də XX əsrin poetik təfəkkürünün izləri, cizgiləri duyulmaqdadır. Nəhayət, QOCA QARTAL… Bu şeirin nə vaxt yazıldığını deyə bilmərəm, amma o şeirin doğulduğu gündən Mikayıl Azaflı QOCA QARTAL kimi aşıq şeirimizin daha bir zirvəsini fəth etdi”(V.Yusifli). Azaflı öz yaradıcılığında aşıq poeziyasının həm qədim, həm də digər ustad aşıqlar tərəfindən çox az işlənən şəkillərindən istifadə etdiyi üçün şeirləri hər zaman diqqət çəkmişdir. V.Yusifli qeyd edir ki, “Azaflı aşıq poeziyasında nisbətən az işlənən şeir şəkillərinə müraciət edəndə də bunu dəb xatirinə həyata keçirməmişdir. Sadəcə, ustad olduğu üçün USTAD YOLUNU axıracan başa vurmağa can atmışdır. Götürək ”Sicilləmə” şeir şəklini. Bunlar tədqiqatçıların qeyd etdiyi kimi, sicilləmələr əsasən ya divani, ya da müxəmməs şeir şəklinə uyğun yazılır. Daha çox ustadnamələrə oxşayır. Həm də misraların əvvəlində söz təkrarı ilə diqqəti cəlb edir”.

Azaflı ustad aşıq kimi keşməkeşli bir yol keçib, həm gözəl səsi olub, həm saz ifaçılığında da böyük uğurlar qazanıb. Iki qız övladı Gülarə və Dilarə Azaflılar da sənətdə onun yolunu seçiblər.

Məşhur haqq aşığının yaradıcılığı haqqında bir çox görkəmli tədqiqatçılar qiymətli rəylər söyləyib, maraqlı yazılar yazıb. Türkiyəli tədqiqatçı Əli Kafkasiyalı isə onun yaradıcılığından namizədlik dissertasiyası qələmə alıb.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir