Mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsindən 17 il ötdü. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” 4 gün sonra qüvvəyə minib. Bundan sonra cəbhə xəttində hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. Daha sonra diplomatik meydanda savaş başlayıb. Bəs bu müddət ərzində Azərbaycanın qazancı və itkiləri nədən ibarət olub?
“Bunların yalnız 30 faizi döyüş itkisi, 70 faizi isə qeyri-döyüş itkisidir”
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərənli Müdafiə Nazirliyinin bu müddətdəki itkilər barədə məlumat açıqlamadığını deyir. Bu səbəbdən də atəşkəs dövründə nə qədər canlı qüvvə itkisinin olduğunu dəqiq demək çətindir. Lakin mətbuatda gedən məlumatlar əsasında ümumi nəticə çıxarmaq mümkündür.
Ekspertin sözlərinə görə, 1994-cü ildən 2003-cü ilə qədər itkilər daha böyük olub. Sonrakı müddətdə isə bu itkilər bir qədər azalıb. Ümumilikdə isə 5 minə yaxın insan həlak olub: “Atəşkəs dövründə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkiləri 5 min nəfərə yaxındır. Itkilərin böyük hissəsi hərbi əməliyyatlar dayandırılandan sonrakı dövrə təsadüf edir. 2000-ci ilə qədər xeyli sayda itkilər var idi. Xəstəlik və donvurmadan ölənlərin sayı da az deyildi”.
Ekspert deyir ki, ötən müddət ərzində həlak olanların yalnız 30 faizi döyüş itkiləri, yəni erməni snayperlərinin açdığı atəş və mina partlayışı nəticəsində ölənlərdir. 70 faizi isə qeyri-döyüş itkiləridir.
“Atəşkəsdən şəxsi mənafeyi üçün istifadə edənlər də az olmayıb”
Politoloq Zərdüşt Əlizadə isə atəşkəs dövründə insan itkisinin qarşısının alınmasını ən böyük qazanc hesab edir. Lakin atəşkəsdən şəxsi mənafeyi üçün istifadə edənlər də az olmayıb: “Müharibə davam etsəydi, nə qədər adam qırılacaqdı. Bunlar qırılmadı. Sağ qalanlar qazandı. Bölgədə nisbi sabitlik oldu. Neft layihələri həyata keçirilməyə başlandı. Qərbin transmilli neft şirkətləri, ”Əsrin müqaviləsi”ndə iştirak edənlərin hamısı yaxşı pul qazandı. Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa, Amerika hər iki ölkəyə, Azərbaycan və Ermənistana qəyyumluq etməyə başladılar. Onlar da bundan siyasi cəhətdən qazandılar. Ermənistanın və Azərbaycanın hakim zümrəsi yaxşı qazandı. Robert Köçəryan, Serj Sərkisyan milyonçu oldu. Hər iki ölkədə hakim zümrə cibini xeyli doldurdu, hədsiz varlandı. Azərbaycan xalqına da nəsə çatdı…”.
Lakin ekspert bu dövr ərzində strateji baxımdan münaqişənin həll olunmamasını mənfi hal kimi qiymətləndirdi.
“Bu müddətdə Azərbaycan hakimiyyəti uğur qazanmamaq üçün mümkün olan hər şeyi edib”
Siyasi ekspert Rahim Hacıyev atəşkəsdən sonrakı dövrün diplomatiya müharibəsi dövrü olduğunu deyir. Azərbaycan hakimiyyəti döyüş meydanında uduzduğunun əvəzini diplomatiya meydanında kompensasiya edə bilərdi. Diplomatik müharibədə uğur qazanmaq olardı. Lakin Azərbaycan hakimiyyəti uğur qazanmamaq üçün mümkün olan hər şeyi edib: “Hakimiyyətdə olan qüvvələr üçün həmişə Qarabağ məsələsi ikinci, üçüncü dərəcəli olub. Iqtidarın başlıca qayğısı öz hakimiyyətini saxlamaq olub. Yalnız öz mənafelərinə uyğun siyasət aparıblar”.
Ekspertin sözlərinə görə, hakimiyyətin son illərdə Qarabağ məsələsində Azərbaycana reveranslar edən qüvvələrə qarşı ənənəvi münasibəti dəyişməyib: “Bunun əvəzində torpaqların işğalında çox böyük rol oynamış Rusiyaya hakimiyyətin çox yaxşı münasibəti var. Amma bu illər ərzində Azərbaycana çox yaxşı münasibət göstərən Türkiyə ilə hakimiyyətin münasibəti heç də yaxşı deyil. Çünki Türkiyədə demokratik hakimiyyətdir. Rusiyada isə hakimiyyət antidemokratik olduğundan Azərbaycandakı antidemokratik hakimiyyət onlarla xoş münasibətdədir”.
R.Hacıyev hakimiyyətin Avropa Birliyi və NATO ilə də ciddi əməkdaşlıq etmək istəmədiyini vurğuladı: “Son hadisələr, xüsusilə də Liviyada baş verənlər göstərdi ki, bu gün ABŞ və Avropa Birliyinin dünyadakı proseslərə müstəsna təsiri var. Amma Azərbaycan hakimiyyəti ABŞ, eyni zamanda demokratik dövlətlərin toplaşdığı Avropa Birliyi və NATO ilə əməkdaşlıq etmək istəmir. Xarici işlər naziri Elmar Məmmədyarov bunu açıq şəkildə bildirib. Baxmayaraq ki, NATO sammitdə Azərbaycanın ərazi bütövlüyü barədə qətnamə qəbul elədi. Bütün bunlar onu göstərir ki, Azərbaycan hakimiyyəti üçün bütün bu illər ərzində Qarabağ məsələsi əhəmiyyət kəsb etməyib”.
Ekspert hesab edir ki, dünyadakı son dövrlərdə gedən proseslər Azərbaycanın Qarabağ məsələsinin həllində ciddi uğur əldə edə biləcəyini göstərir. Buna Avropa Birliyi və NATO ilə sıx əlaqələr qurmaqla nail olmaq olar. Ancaq Azərbaycan hakimiyyəti hələ də demokratik dünya ilə ciddi əməkdaşlıq etməmək, antidemokratik rejimlərlə əməkdaşlıq etmək siyasəti yürüdür. Antidemokratik rejimlərin dünyadakı proseslərə heç bir ciddi təsir imkanı olmadığından Azərbaycan hakimiyyətinin bu siyasəti Qarabağ məsələsinin həllində ölkəmiz üçün çıxılmaz durum yaradıb.
Ekspertin fikrincə, nə qədər ki, Azərbaycanda demokratik rejim qurulmayıb, demokratik dünya ilə ciddi əməkdaşlıq yoxdur, heç bir uğur gözləməyə dəyməz.
Fizzə