Türkiyə kimi və niyə seçir?

Parlament uğrunda mübarizə ölkədə son on ildə olmayan vəziyyəti yaradıb

Türkiyədə seçkilər yaxınlaşır. Yeni parlamentin seçilməsinə bir aya yaxın vaxt qalıb. Televiziya proqramlarında və mitinqlərdə hərarət artmaqda, polemikalar qızışmaqdadır. Anket sorğularındakı vəziyyət isə reallığa xeyli yaxındır. Əsas polemikaların AKP və CHP arasında getdiyi rəy sorğularından da aydın olur. Göründüyü kimi, real vəziyyətin qiymətləndirilməsi üçün həm sosioloji sorğuların, həm də real polemikaların yaratdığı imkanları siyasi partiyalar da hiss edirlər. Ona görə də bu seçkilərdə CHP sədri Kamal Kılıcdaroğlunun Tvitter sosial saytından istifadə etməsi diqqəti cəlb edir. MHP isə daha çox hökuməti PKK ilə əməkdaşlıqda ittiham edir. Rəqəmlər üzərində dayanmaq istəməsək də onu vurğulayaq ki, MHP-nin anketlərdəki yerini təyin edən rəqəmlər ayrı-ayrılıqda CHP və AKP-nin səslərindən üç dəfə azdır. Bu isə yeni parlamentin formalaşdıracağı hökumətin taleyinə ciddi təsir edən faktor ola bilər. MHP-nin seçki baryerini aşıb-aşmayacağı barədə fikirlərin də mövcudluğu bu partiyanın əvvəlki mövqelərindən də xeyli geri getdiyini göstərir.

AKP nə deyir?

Hakimiyyətdə olan AKP daha çox, yol-körpü inşaatları, su anbarları tikintiləri üzərində təbliğat quraraq ölkədə yeni infrastruktur yaratdıqlarını təbliğ edir. Ucqar dağ əyalətlərinə çəkilən tunellərin ölkədə kommunikasiyanı asanlaşdırdığını deyən Ərdoğan bu məsələlərdən bəhs edən videoroliklərdən ibarət reklam materialları da hazırlatdırıb. Daha çox dindar kəsimin maraqlarının müdafiəçisi kimi çıxış edən hakim partiya “Türban” mövzusunda ciddi uğurlar qazandığını təbliğ edir. AKP Türkiyəni müsəlman dünyasının liderinə çevirdiyini əsas gətirir, Israilin bölgədə nüfuzunun azalmasını geopolitik uğurlarının başlıca göstərgəsi sayır. Bu partiya on illik hakimiyyət dövründə dəfələrlə Qərbin, konkret olaraq ABŞ-ın və NATO-nun bölgədəki siyasətinə fərqli münasibət göstərərək  Qərblə həm daha yaxın, həm də məsafəli bir siyasət yürütdüyünü nümayiş etdirməyə çalışır. Bununla belə bir müddət öncə Ermənistanla sərhədlərin açılması məsələsində israr edən AKP indi Ərzurumdakı ermənilərlə türklərin dostluğunu göstərən “Insanlıq abidəsi” heykəlini uçurmaqla millətçi kəsimə istinad etməyə və bu zümrədən itirdiyi səsləri bərpa etməyə çalışır. Beləliklə, AKP həm solçu, həm sağçı, həm də mühafizəkar bir don geyinməyə çalışır və bu siyasət potensial rəqiblərin sandığını zəiflətməyə hesablanıb.

CHP öz səsi ilə…

Bu seçkilərdə diqqəti çəkən ilk yeniliyi CHP lideri Kılıcdaroğlu etdi. Onun partiya proqramının təbliği üçün hazırlanmış videoçarxlarda öz səsi ilə danışması siyasi texnoloqların diqqətini çəkib. Belə ki, CHP liderinin daha səmimi və yaddaqalan bir metod sərgilədiyi barədə rəylər genişlənməkdədir. Başlıca məqam isə CHP-nin daha çox sosial mesajlar verməsi, hakimiyyətin ünvanına tənqidləri zamanı siyasi praktikanın imkanlarından yararlanması və sanki yalnız mümkün olanları təbliğ etməsidir. Buraya uşaq və ailə sığortası kimi mühüm məsələlər daxildir. Gəlirlərin yenidən bölüşdürülməsi kimi Qərb dünyasında populyar olan sosial ədalətin bərpası da yaddan çıxmayıb. Vətəndaşların müxtəlif foks qruplarına istinadən hazırlanmış proqramların təqdimatı, eyni zamanda CHP-də apardığı islahatlar  Kılıcdaroğluna AKP-ni rahat tənqid və öz proqramını çatdırmaq imkanı verib. Bu da siyasi rəqabətin gərginləşməsinə səbəb olub. Başqa bir faktor isə hazırda ən müxtəlif siyasi ittihamlarla həbsdə olan tanınmış şəxslərin CHP-dən deputatlığa namizəd olmasıdır. Bu həm də o deməkdir ki, CHP də AKP qədər olmasa da öz ideolojisindən uzaqlaşmaqda təhlükə görmür, əksinə hazırkı hökumətdən narazı olan bütün təbəqələri öz ətrafında cəmləməyə üstünlük verir. MHP – yorğun, amma qəzəbli…

Millətçi Hərəkatın xeyli geriləməsinin səbəbini kənarda axtarmaq o qədər də doğru olmazdı. Ən başlıca faktor odur ki, MHP öz tabanı ilə seçiciləri arasında yaranmış uçurumu bərpa edə bilmədi. Bunun başlıca səbəbi kimi partiya rəhbərliyinin müasir siyasətin tələblərinə cavab verməməsi  və inkişafda iştirak etmədikləri üçün narahatçılıq duymamasıdır. Hətta, ülkücü kəsimin də MHP-dən üz döndərməsi barədə sosial şəbəkələrdən öyrənmək mümkündür. Daha operativ mübarizə və polemikada olan Ərdoğan-Kılıcdaroğlu cütlüyündən  fərqli olaraq nəinki sosial şəbəkələrdə, hətta TV-lərdə lazımınca görünə bilməyən Dövlət Baxçalı yazılı açıqlamalarla yorğun görünür və hazırkı status-kvoya ümid edən bir təəssürat yaradır. Bundan başqa, MHP proqram partiyasına çevrilə bilmir və populist ittihamçı obrazında qalır. Bu kriteriya üzrə isə Ərdoğana uduzan Baxçalı yeni müstəvi axtarmaq fikrində görünmür… Hər halda üçüncü olacağına inanır, amma ikinci ilə məsafədən narahat deyil..

MHP uğrunda savaş…

Bu seçkidə AKP və CHP bir-birinə nə qədər zərbə vura bilsə, MHP-nin rolu o qədər artacaq. Təbii ki, hökumətin formalaşmasında. Mütləq üstünlüyü əldə etmək heç kimə qismət olmasa, həlledici halqa kimi MHP yenidən populyarlaşacaq. Düzdür, bu, MHP üçün heç də uğurlu vəziyyət deyil. Çünki, ideoloji baxımdan əks qütbdə olan partiyalarla koalisiyaya getməyin sonrakı fəsadı səs itkisi olur. Başqa tərəfdən, hakimiyyətdə olmaq bir siyasi vasitədir və bu vasitəni əldə etmək şansını qaçırmaq siyasi partiya üçün yolverilməzdir. Beləliklə, bizi çox qızğın bir Türkiyə gündəmi gözləyir. 

Seymur Həzi