rovneq-kemal2

“Fövqəlnazirlə” Rövnəq Abdullayev niyə savaşır?

Ziddiyyətlərin kökündə Heydərovun istixanalarla bağlı təklifinin dayandığı bildirilir

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti(ARDNŞ) Rövnəq Abdullayev arasında ziddiyyətlərin olması barədə məlumat vermişdik.
Dünən redaksiyamıza bu ziddiyyətlərin əsl səbəbləri barədə maraqlı məlumatlar daxil olub. Məlumatlara görə, Kəmaləddin Heydərovla Rövnəq Abdullayev arasında ziddiyyətlərin kökündə qış aylarında “fövqəlnazir”in müşavirələrin birində irəli sürdüyü təklif dayanır. Qaz partlayışları və dəm qazından zəhərlənmələrin qarşısını almaq üçün Kəmaləddin Heydərov mənzillərdə quraşdırılan kombi sistemlərinin ləğvini, əvəzində isə istixanaların tikilməsini təklif edib. “Fövqəlnazir” bildirib ki, bu həm qaza qənaət, həm də vətəndaşların təhlükəsizliyi baxımından hökumətə sərf edir. Lakin bu təklif Rövnəq Abdullayevin maraqlarına uyğun olmayıb. ARDNŞ prezidenti bu halda milyonları itirəcəyini bildiyindən Kəmaləddin Heydərovun təklifinə qarşı çıxıb. Bu azmış kimi “fövqəlnazir”ə müharibə elan edib.
Rövnəq Abdullayevin Kəmaləddin Heydərova ilk zərbəsi “Azəriqazservis”in ləğvi olub. Bu qurumun rəhbəri Iqbal Məmmədov Kəmaləddin Heydərova yaxın şəxs idi. Bundan sonra isə Rövnəq Abdullayev dövlət qeydiyyatına götürülməyən binaların qazlaşdırılması təklifi ilə çıxış etdi. Bu da Kəmaləddin Heydərovun maraqlarına ciddi zərbə idi. Çünki həmin binalar “fövqəlnazir”in şərtləri ilə dövlət qeydiyyatına alınır. Bu şərtlər ağır olduğundan sahibkarlar müvafiq şəhadətnaməni ala bilmirlər. Kəmaləddin Heydərov onları binalarının söküləcəyi ilə hədələyir. Lakin həmin binalara qaz veriləcəyi təqdirdə avtomatik olaraq qeydiyyat məsələsi həllini tapacaq. Bu Kəmaləddin Heydərovun şəxsi büdcəsinə xeyli ziyan vura bilər.
Məlumatlarda deyilir ki, iki məmur arasında ziddiyyətlər getdikcə dərinləşir və açıq müstəviyə keçir. Bugünlərdə “fövqəlnazir”ə yaxın deputatlardan birinin, Qüdrət Həsənquliyevin parlamentdə Rövnəq Abdullayevi sərt tənqid etməsi buna misal bilər…

 

İnformasiya şöbəsi