NATO da Qəzzafinin öldüyünü günam edir

Üsyançılar Liviya diktatoruna növbəti zərbəni vurdu

Liviyada Qəzzafi rejiminə qarşı yerli və beynəlxalq əməliyyatlar davam edir. Ötən gün diktatora bağlı silahlılar həftələrdir mühasirədə saxladıqları və mütəmadi hücumlar təşkil etdikləri Liviyanın üçüncü böyük şəhəri Misratada məğlubiyyətlə üzləşiblər.
Üsyançılar Qəzzafi əsgərlərinin mühasirəsini yarararaq Misrata hava limanını ələ keçiriblər. Şahidlərin sözlərinə görə, yüzlərlə Qəzzafi əleyhdarı Misrata küçələrində bir-birini təbrik edərək havaya yaylım atəşi açıb. Diktatora sadiq hərbçilərin qoyub qaçdığı tank və zirehli texnika yandırılıb. Dünənə qədər Misratanın əksər hissəsi Qəzzafi qüvvələrinin nəzarətində idi.
Bundan başqa, dünəndən etibarən Qəzzafi rejiminə qarşı NATO komandanlığı altında aparılan hərbi əməliyyatların birinci mərhələsi başa çatıb. Bu barədə NATO təmsilçiləri məlumat verib.
Onların sözlərinə görə, əməliyyatın ikinci mərhələsi zamanı Liviya diktatoruna bağlı hərbi qərargahlar bombalanacaq. Təmsilçilər Müəmmər Qəzzafinin fiziki məhvinə yönəlik əməliyyatların istisna edildiyini növbəti dəfə xatırladıblar.
Bu arada, koalisiya qüvvələrinin italiyalı təmsilçisi general Klauidio Qabellini Liviya diktatorunun yoxa çıxdığını təsdiqləyib. Onun sözlərinə görə, Qəzzafinin harada olduğuna və onun yaşayıb-yaşamadığına dair NATO qüvvələrində heç bir məlumat yoxdur.
Avropa Birliyi isə Liviyada üsyançıların nəzarətində olan Benqazi şəhərində nümayəndəlik açmaq niyyətindədir. Təşkilatın xarici siyasət üzrə ali komissarı Ketrin Eşton Avropa Parlamentində çıxışı zamanı bildirib ki, bu addım Liviyanın müxalifət administrasiyası sayılan Keçid Milli Şurasının fəaliyyətinə kömək olacaq.

İnformasiya şöbəsi