“Əfv olmayacaq”

“May ayında əfv fərmanı imzalanması nəzərdə tutulmur”. Bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov şəxsən verib.Bu söz necə də dəhşət səslənir – “Əfv olmayacaq!”.

Analar-bacılar, atalar-qardaşlar, doğmalar-yaxınlar gözlərini boş yerə yollara dikib gözləməsinlər.Heç kim heç nə gözləməsin. Onlar bağışlamırlar:Yaltaqlanmayanları, əyilməyənləri, sınmayanları, onların ölkəni necə dağıtdıqlarına, insanları necə əxlaqsızlaşdırdıqlarına göz yummayanları;Onları tənqid edənləri, eyiblərini göstərənləri, korrupsiyaya, rüşvətə, büdcənin talan olunmasına, xalqın mütiləşdirilməsinə, kölə durumuna salınmasına qarşı gələnləri;

Azad seçki, sərbəst toplaşma, söz azadlığı, ədalət, bərabərlik, qardaşlıq tələb eləyənləri, elementar insan hüquqları, neftdən gələn gəlirlərin şəffaf şəkildə bölüşdürülməsini istəyənləri;Mənliyini pula-paraya, çörəyə, mala-mülkə, sərvətə, xoş gün-güzərana satmayanları, başını dik tutanları, əqidəsini, amalını yala dəyişməyənləri;Ürəyində insan sevgisi, vətən sevgisi, iman sevgisi olanları, bütlərə tapınmayanları, şəxsiyyətə pərəstişi qəbul eləməyənləri, ömründən kəsib onların ömürlərinə caladığını dilə gətirməyənləri;Dur dedikdə durmayan, otur deyəndə oturmayanları, ən şərəfsiz tapşırıqlarına belə can-başla əməl eləməyənləri, çirkaba bulaşmayan, öz qəlbinin və əməllərinin saflığını hər şeydən uca tutanları……bağışlamırlar!Onlara əfv yoxdu. Əfv olmayacaq. Eşidin və agah olun, əfv olmayacaq.

Və onlar bağışlayırlar…

Bu arada Ilham Əliyev Yazıçılar Birliyinin sədri Anara “Heydər Əliyev Mükafatı”nın verilməsi haqqında sərəncam imzalayıb. Bildirilir ki, “Anar Rzayev bu mükafata Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb”.

Hər şey bağışlayırlar. Yetər ki, xidmətin olsun. Yetər ki, susmamalıykən sus. Yetər ki, onların haqqında bir kəlmə yaman sözün olmasın. Nəsə demək istəyəndə də Ezop diliylə yaz. Elə olmasın ki, kimsə sənin onlar haqqında yaxşı fikirdə olmadığını düşünə bilmək iqtidarında olsun. Anar müəllim Heydər Əliyev mükafatına tam layiqdi, buna kimsənin sözü ola bilməz. Rəşad Məciddən sonra kimsə bu mükafata bu qədər haqq eləməyib. Ancaq ədəbiyyatın inkişafında xidmətlər məsələsi bir az dolaşıq söhbətdi.

Görəsən bizdə ədəbiyyat necə inkişaf eləyib, uğurları nədi? Uğur ədəbiyyatın inkişafına mane olmaqdan başqa heç bir əməli işi olmayan AYB-nin əski sovet qəlibində qorunub saxlanmasıdımı, büdcə pullarının mənasız ədəbi jurnal və qəzetlərə dağıdılmasıdımı, Hüseynbala Mirələmov və o qəbil qrafomanlar haqda tərif dolu tənqidi məqalələr çap etməkdimi, qəzetlərini başsağlıqları və bəy tərifləri ilə doldurmaqdımı? Yazıçılar acından qan qusur, bunlar ədəbiyyatın inkişafından danışırlar. Biləcəridən o yana çıxmayan ədəbiyyatımız sən demə, dəhşət inkişaf eləyibmiş və hətta o qədər ki, buna görə “Heydər Əliyev Mükafatı” kimi azman mükafatı Anar müəllimə bağışlayıblar.

Ədəbiyyatımız Anar Rzayevin xidməti sayəsində bu gündədi, gör indi o ədəbiyyatın inkişafında xidmət göstərməsəydi nə olardı. Onda onu bağışlayardılarmı və ya ona bağışlayardılarmı?

Hər bir halda əfv olmayacaq. Bu ölkədə heç kimə əfv düşmür. Qarşılıqlı şəkildə.