Məhəmməd Talıblı: «Qonşu ölkələrdəki vəziyyət benzinin qiymətini artırması üçün hökumətə əsaslar yarada bilər»
Mətbuatda gedən bəzi informasiyalara görə, Azərbaycanda yanacağın bahalaşması riski yaranıb. Buna səbəb son günlər xaricə benzin və dizel yanacağının daşınmasının kəskin artmasıdır. Belə ki, son həftələrdə Naxçıvan üzərindən Türkiyəyə qeyri-leqal yanacaq daşınmasının xeyli artdığı bildirilir. Buna səbəb Türkiyədə benzinin və dizel yanacağının qiymətinin durmadan artmasıdır. Azərbaycanla müqayisədə bu fərq təxminən 6 dəfəyə qədər yüksəlib. Eyni tendensiya Iranla da sərhəddə müşahidə olunur.
Müşahidələrə görə, Azərbaycandan da Irana benzin daşınması artıb. Rusiyada bir neçə gündür ki, müşahidə olunan ciddi yanacaq qıtlığı Azərbaycandan yanacaq daşınmasını real edə bilər. Hazırda Rusiya hökuməti ölkədən yanacaq ixracına müvəqqəti qadağa qoyub. Bəs Yaxın Şərqdə baş verən hadisələrin fonunda Azərbaycan hökuməti yanacağın qiymətinin bahalaşmasına gedə bilərmi? Hələ Yaxın Şərqdə hadisələrdən qabaq paytaxt sakinləri bu panikanı bir gecəlik yaşamışdı. O zaman yanacaqdoldurma məntəqələri təxminən üç-dörd günlük yanacaq normalarını satmışdılar.
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblının fikrincə, əslində Rusiyada baş verən benzin qıtlığı öz təsirini digər ölkələrə də göstərib. M.Talıblının sözlərinə görə, bu ayın əvvəlindən başqa xarici ölkələrə benzinin ixracına qoyduğu qadağanın müqabilində indi enerji resursları ilə zəngin ölkələr Rusiyaya embarqo qoyur: “Bu zaman Rusiyaya kömək göstərmək istəyən ölkələrdən birincisi elə Iran olacaq. Azərbaycanın Irana yanacaq satması real deyil, amma Türkiyə ilə bu əlaqələr həmişə olub və indi də var. Bunların bəziləri rəsmi qeydiyyata düşən ticari əməliyyatlar deyil. Səbəb isə aydındır. Naxçıvan vasitəsilə Sədərək sərhəd keçidindən Türkiyənin Iqdır şəhərinə, oradan isə digər bölgələrə yanacaq növləri, o cümlədən benzin satılır. Iranda isə yanacağın qiyməti Azərbaycandan xeyli ucuz olduğu üçün ora benzin daşınması sadəcə mümkün deyil”.
M.Talıblı hesab edir ki, əksinə, Irandan tranzit yolu kimi istifadə edən avtomobillər bu ölkədən yanacaq alırlar. Ona görə də M.Talıblının qənaətincə, yaranmış “fürsət” qiymət artımında maraqlı olan hökumətə əlavə imkanlar və bəhanə tanıda bilər”.
Xəyal