Yumurta “fenomen inkişafdan” əl çəkmir ki, çəkmir!

Tam səmimi olaraq etiraf edirəm: möhtərəmimizin son 6 ayda rəsmi bəyanatlarından çaşıb qalmışam. Məşədi Ibaddan fərqli olaraq, mən “Tarixi-Nadir”i bütöv oxumuşam, amma cənabımızın açıqlamaları arasında ha əlləşirəm, bir bağ tapa bilmirəm.

Bax, ötən il oktyabrın 20-də Nazirlər Kabineti 2010-cu ilin 9 ayının yekunlarına həsr edilən iclas keçirdi. Möhtərəmimiz orda geniş bir çıxış yapdı və dedi ki, “2010-cu ilin 9 ayı ərzində ölkədə 56 min”, ümumilikdə 7 il ərzində  “900 min” yeni iş yeri açılıb və “işsizlik kimi çətin problemin həllinə nail olunub”.

Üstündən 3 ay keçəndən sonra 2010-cü ilə bütövlükdə yekun vuran Nazirlər Kabinetinin 14 yanvar 2011-ci il tarixli iclasında yenə möhtərəmimiz ürəklərə yağ kimi yayılan bəyanat verdi: “Ötən il 70 min, ümumilikdə 7 ildə 900 mindən artıq yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılması üçün əsas amildir”.

Qət-təzə sitatı da deyim, sonra çaşmağımın səbəbini izah edərəm. Deməli, möhtərəmimiz Qarabağ regionuna səfəri çərçivəsində, 2011-ci il mayın 6-da keçirdiyi zona müşavirəsində rəsmən bəyan etdi: “Son illərdə bir milyona qədər iş yeri açılıb, ancaq hələ ki, işsizlik vardır”.

Əgər 9 ayda 56 min iş yeri açılmışdısa və 2010-cu ilin oktyabrın 20-də iş yerləri “900 minə qədər” olmuşdusa, onda 2011-ci ilin yanvarında möhtərəmimizin “70 min” rəqəmini anlamaq mümkündür. Belə məlum olur ki, 3 ayda 14 min iş yeri açılıb və “900 minə yaxın” iş yeri olub “900 mindən azca artıq”.

Amma indi – yanvar iclasından 4 ay sonra – açılan ümumi iş yerlərinin sayı “bir milyona çatıb”. Yəni ən azından və ölü yerindən 80 min təp-təzə iş yeri açılıb. Bax, canım-gözüm, bu nətəhər olur? Necə yəni, 2010-cu ildə cəmi 70 min, amma 2011-ci ilin 3 ay 22 günü ərzində 80 min iş yeri yaranır?Keçək ikinci anlaşılmazlığa: nə təhər olur, cəmi 56 min iş yeri açılanda möhtərəmimiz deyir ki, “işsizlik kimi çətin problemin həllinə nail olunub”, 3 aya “yaradılan” 14 minlik iş yeri “işsizliyin aradan qaldırılmasında əsas amil” sayılır, amma 4 ay sonra may yağışıyla göbələk kimi yerdən çıxan 80 minlik yeni iş yeri “hələ də işsizlik vardır” kimi xarakterizə olunur?

Azərbaycanda ölkə əhalisinin artım sürəti bir ilə təxminən 90-100 min nəfər civarındadır. Yəni əgər 2010-cu ilin sentyabrında “işsizlik kimi çətin problem həll olunmuşdusa”, onda indiyə qədər 94 min iş yerinin açıldığını nəzərə alsaq, gərək bu ilin sentyabrına qədər işsizlik olmasın, axı! Bəs, cənabi-möhtərəmimiz niyə 6 ay 15 gün əvvəl dediyi sözü dəyişib? Və yaxud, möhtərəmimizi belə dolaşıq, anlaşılmaz çıxış etməyə və bizi naçar qoymağa nə vadar edib?

Ola bilər! Ola bilər ki, hansısa müdrik “işsizlik probleminin həll olunduğunu söyləmək ağ oldu” xəbərdarlığı ilə möhtərəmimizi sentyabr bəyanatından hissə-hissə, tədricən “işsizlik vardır”a keçid etməyə vadar edib. Əla və alqışlanası ehtimaldır.

Bəs, onda niyə “ehtimali müdrik” möhtərəmimizə imkan verir ki, Novruz bayramı ərəfəsində süni qiymət artımına qarşı keçirdiyi müşavirədən sonrakı “endirimləri” hallandırmaqda davam etsin? Elə 7-si çıxmayan həmin zona müşavirəsində möhtərəmimiz bir daha məşhur “Yumurta müşavirəsi”ni yada saldı: “Inhisarçılıq həm idxalda, həm də yerli istehsalda özünü göstərir. Biz Novruz bayramı ərəfəsində bu vəziyyətlə üzləşmişdik, ərzaq məhsullarının qiyməti süni surətdə artırılırdı. Ona görə, çox ciddi tapşırıqlar verildi, nəzarət təşkil edildi…”.

Axı, nə qədər demək olar ki, həmin Novruzərəfəsi müşavirədən sonra yalnız və yalnız YUMURTANIN qiymətinə “çox ciddi tapşırıqlar verildi”, yumurtaya “nəzarət təşkil edildi”. Vəssalam! Şüttəmam! Süni qiymət artımına qarşı heç bir mübarizə olmadı, əksinə, ət, yağ və digər zəruri malların qiyməti möhtərəm bu sözləri deyəndən bircə gün sonra bir daha qalxdı.

Yəni möhtərəmin ətrafında bir ağıllı adam tapılmır deyə ki, Novruzqabağı antiinhisar mübarizəsini bir daha hallandırmasın! Molla xiyardan yapışan kimi, nə yapışmısınız bu yumurtadan? Ölkədə başqa “ərzaq malı” yoxdu?