Quran və Üç rəngli bayraq kimindir

3-4 gün qabaq dindarların “Hicaba azadlıq” şüarıyla keçirdiyi aksiyada polis, əlində Quran tutmuş hicablı qadını çarpışa-çarpışa maşına basanda Quran yerə düşdü, polislərin ayağı altda qaldı, tapdandı, üstündən bir qədər keçəndən sonra az əvvəl par-par parıldayan kitab artıq əzik-üzük olmuşdu.

Yadıma 1994-cü il, yanılmıramsa, sentyabrın 20-də indiki Heydər Əliyev adına Lenin sarayının qarşısında keçirilən, amansızlıqla dağıdılan böyük, izdihamlı mitinq düşdü. Həmin gün Bakıda “Əsrin müqaviləsi” imzalanırdı. O mitinqdə düşən iki şey gördüyümü xatırlayıram.

Biri polisin furajkasıdı – mitinqçi ilə dartışanda başından düşmüşdü; hava bir az küləkli, meydan bir az şaquliydi deyən, papaq üzü aşağı diyirlənməyə, polis də ardıyca qaçmağa başladı. Yalan olmasın, o həndəvərdə bir neçə anlıq da olsa mitinq dayandı, qaçdı-qovdu durdu və hamı dönüb gülə-gülə polisin papağının ardıyca baxdı. Indi yerini lap dəqiq xatırladım Konservatoriyanın qabağıydı, mən hardasa Üzeyir bəyin heykəlinin yanında durmuşdum. Nə isə, papaq bir neçə nəfərin ayağının altında qalandan sonra sürətini tam yavaşıtdı, fürsətdən istifadə eləyən yiyəsi ona çatdı, götürüb başına qoydu və alıcı şahin kimi yenidən camaatın üstünə şığıdı.

Bundan sonra ikinci düşəni gördüm. O özü düşmədi, həmin polis düşürdü. O bizim üçrəngli bayrağımız idi. Polis əlində bayraq tutan adama çatdı, onu zopasına doladı, sonra bayrağı almaq üçün savaş verməyə başladı, köməyinə başqa bir polis də yetişdi, axır ki, alıb yerə, ayaq altına atdılar və tapdalamağa, üstündə rəsmən lambada oynamağa, lomba-lomba tüpürməyə və ən iyrənc sözlərlə söyməyə başladılar. O söyüşlərin hətta baş hərflərini belə mətnə salmaq olmaz. Ancaq bir məqamı deyəcəyəm – polis bayrağı Xalq Cəbhəsinin bayrağı kimi söyürdü – “səni də, sənin Cəbhənin bayrağını da…” – bayraq tutmuş şəxsə deyirdi.

O vaxt artıq çoxdan idi ki, üçrəngli bayraq Azərbaycanın rəsmi dövlət bayrağı idi, lakin polis hələ də elə bilirdi ki, bu bayraq dövlətin deyil, Xalq Cəbhəsinindi. Görünür, o günə kimi bir nəfər adam tapılmamışdı ki, dövlət atributları haqda adama məlumat versin.

Indi düşünürəm ki, əslində o polis haqlıymış. Yanlış da bir naxışdı. Polisin beyninə özündən xəbərsiz yazılan bütün informasiyalar o bayrağın heç də həmin vaxt hakimiyyətə gəlmiş Heydər Əliyevin ələ keçirdiyi Azərbaycanın deyil, Xalq Cəbhəsinin olduğunu diqtə eləyirmiş. Indi də bütün faktlar göstərir ki, gerçəkdən də eləymiş – bu bayraq bu hakimiyyətə heç vaxt doğma ola bilməz. Onu da vurğulayım ki, mən Xalq Cəbhəsi deyərkən AXCP-ni deyil, bütün hərəkatı nəzərdə tuturam – bəli, bu bayraq bizimdi və onu haçansa Azərbaycan bayrağı kimi ucaltmaq, dövlət bayrağına çevirmək də bizim borcumuzdur.

Iş ondadır ki, Azərbaycanda dövlət başçısı seçilən şəxs andiçmə mərasimində məhz bu iki şeyə and içir – Bayrağa və Qurana – Kitaba əl basır, Bayrağın isə qarşısında diz çöküb onu öpərək gözünün üstünə qoyur. Konstitusiyada prezidentliyə namizədliklə bağlı məhdudiyyət aradan qaldırılandan sonra,- ki bu əslində dövlət çevrilişidir,- arzularına çatarlarsa, hələ on dəfələrlə dövlət başçısı seçilib eyni ritualı təkrar eləyəcəklər. Və Səməd Mənsur demişkən: “Həpsi rəngdir”. YAP-dan Allahın kitabına, Xalq Cəbhəsinin bayrağına hörmət gözləmək isə kafirlikdir.