Daşkəsəndə 230 min manatlıq yeyinti

Şəhəri su ilə təchiz edən kəmərin yenilənməsinə ayrılan vəsait yoxa çıxıb

Icra başçılarının yerlərinin dəyişdirilməsi rayonlarda sosial-iqtisadi problemlərin həlli istiqamətində heç bir dəyişikliyə səbəb olmur. Yeni təyin olunan icra başçıları da sələflərinin yolunu davam etdirir. Konkret olaraq, Daşkəsən rayonunda həllini gözləyən, əhalinin ciddi narazılığına səbəb olan problemlər olduğu kimi qalır.
AXCP Daşkəsən rayon şöbəsinin sədri Sofi Məmmədovun “Azadlıq”a verdiyi məlumata görə icra başçısı Əhəd Abıyevin əsas fəaliyyəti asi “müxalifətçilər” axtarıb-tapıb televiziyaya çıxarmaqdan ibarətdir. Halbuki, vətəndaşlar bu rayonda məmur özbaşınalığından, korrupsiyadan, süründürməçilikdən boğaza yığılıb.
Sofi Məmmədov deyir ki, Daşkəsən şəhərini su ilə təchiz edən boru kəmərinin dəyişdirilməsi üçün dövlət büdcəsindən ayrılan 230 min manat vəsait təyinatı üzrə xərclənməib: “Yeni icra başçısı əhalinin ən çox şikayətləndiyi bu problemi həll etməli idi. Gurbulaq kəndindən rayon mərkəzinə çəkilmiş su xətti bərbad gündədir. Bir neçə yerdən dağılıb, paslanıb karroziyaya uğramış xəttin dəyişdirilməsi nəzərdə tutulsa da, bu baş vermədi. Rayon Su Idarəsi büdcədən ayrılmış vəsaitin nəyə sərf olunduğunu açıqlamır”.
AXCP funksioneri Daşkəsən əhalisinin üzləşdiyi daha bir problem haqqında da məlumat verib. Onun sözlərinə görə, əhaliyə məxsus pay torpaqları icra başçısının göstərişilə kənar şəxslərə uzun müddətə icarəyə verilir: “Məsələn, Gurbulaq kəndinə məxsus 100 hektarlıq torpaq sahəsi bu yolla sakinlərin əlindən alınaraq icarəyə verilib. Icra başçısı bələdiyyələrə təzyiq edir ki, onun tapşırığı ilə rayona üz tutan şəxslərlə icarə müqavilələri bağlansın”.

Xəyal