Azərbaycan “Eurovision-2011”in finalında

Dünən Almaniyanın Düsseldorf şəhərindəki “Esprit Arena”da “Eurovision-2011” mahnı müsabiqəsinin I yarımfinalı baş tutub. İlk yarımfinalın 19 iştirakçısından finala vəsiqə qazanan onluqda Azərbaycan da var. Azərbaycanın adı finalçılar sırasında 4-cü zərfdən çıxıb. Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal isveçli müəlliflərə məxsus “Running Scared” mahnısını uğurla ifa ediblər.

I yarımfinalda Azərbaycanla bərabər, Türkiyə, Rusiya, Gürcüstan, Albaniya, Xorvatiya, Finlandiya, Yunanıstan, Macarıstan, İslandiya, Litva, Malta, Norveç, Polşa, Portuqaliya, Rusiya, San-Marino, Serbiya və İsveçrə,Ermənistan finala çıxmaq uğrunda mübarizə aparıb.

Finala çıxanlar isə bunlar olub: Azərbaycan, Serbiya, Litva, Yunanıstan, Gürcüstan, İsveçrə, Macarıstan, Finlandiya, Rusiya, İslandiya.

Yarımfinal konsertini 24 min tamaşaçı canlı izləmək imkanı qazanıb. Mayın 12-də keçiriləcək II yarımfinalda da 19 ölkə yarışacaq. Finalda ümumilikdə 25 ölkə birincilik uğrunda mübarizə aparacaq. Final mayın 14-də olacaq.