Xalqla azadlıq arasında qaratikan kimi bitənlərin Gül bayramı

Nə qədər insan var bu ölkədə sevgilisinin ad gününə bir qucaq çiçək ala bilməyən? Qadınlar Günündə evə bir dəstə güllə gələ bilməyən nə qədər insan var bu ölkədə?
Amma bunlar ətək-ətək pul töküb xaricdən gətirdikləri çiçəklərlə Gül bayramı keçirirlər utanmadan.

***

Ötən il açıqladı YUNISEF: beş yaşına qədər uşaqlar arasında ölümün ən çox yayıldığı ölkələrdən biridir Azərbaycan. Hər min körpədən 39-nun ölümü ilə 77-ci yerdəyik dünyada. Cənubi Qafqaz ölkələri arasında 1-ciyik. Yəni anlayacağınız, məmləkətin cocuqları gül kimi açılmadan solurlar.
Amma bunlar ətək-ətək pul töküb xaricdən gətirdikləri çiçəklərlə Gül bayram keçirirlər utanmadan.

***

Aprel, 2010. Gəncə. Şəhər sakini P.Ə. Xətai prospektikindəki gül kolunu oğurladığına görə yaxalanır. Polisdəki ifadəsində xeyli vaxtdır həyətinə gül-çiçək əkmək istədiyini, amma gül kolu almaq imkanı olmadığını, oğurluğu da buna görə etdiyini deyir.
Gülü sevən, amma imkansızlıqdan həyətinə gül kolu əkə bilmədiyi üçün gələcəyi qaralan, dəmir barmaqlıqlar ardına atılan insanlarımız var, qısası.
Amma bunlar ətək-ətək pul töküb xaricdən gətirdikləri çiçəklərlə Gül bayramı keçirirlər utanmadan.

***

Gül satıcısı Ceyhun Məmmədov anspress-ə danışır: “Bakıdakı gül dükanlarına çiçəklər əsasən Hollandiya və Ekvadordan gətirilir. Bundan başqa, Türkiyə, Iran, Macarıstandan gətirilən güllər də var. Əsasən zanbaq, səhləb çiçəyi, tülpan, çobanyastığı, qızılgül kimi güllər çoxluq təşkil edir. Yerli gül çox azdır. Yalnız Bakının Maştağa və Nardaran kəndlərindən qərənfil gətirilir. Onları da məzar üstünə qoymaq üçün alırlar”.
Bu da gülçülüklə məşğul olan Maştağa sakini Əliəsgər Haşımovun dedikləri: “Kənddə gül becərmək üçün imkan yoxdur. Nə qaz, nə su, nə də elektrik verilir. Kommunal xərclərin çox olması gül əkib-becərməyə imkan vermir. Üzü astarından baha çıxır”.
Amma bunlar ətək-ətək pul töküb xaricdən gətirdikləri çiçəklərlə Gül bayramı keçirirlər utanmadan.

***

Bunların hamısını bəlkə də keçmək olar. Bunlar hamısını bəlkə də görməzdən gəlmək olar. Bunların hamısına “quş” qoymaq olar bəlkə də.
Amma daha pisi var, daha dəhşətlisi var: 40 il ərzində bu ölkənin korrupsiya qanqalları əkmədikləri yeri qalmadı. Hər qarışında rüşvət alaqları bitirdilər bu ölkənin. Hər addımında yalan, yaltaqlıq, saxtakarlıq, sümürücülük, süründürməçilik tikan kimi insanların ürəyinə batır bu ölkədə.
Ən əsası, min cür məşəqqətlə müstəqillik qazandıq, azadlığa qovuşduq, bizim də ölkəyə istiqlal günəşi doğdu, bizim də ölkədə xoşbəxtlik gülləri açdı deyərkən bu tayfabazlar, yerlibazlar, bu hakimiyyət, var-dövlət hərisləri gəldilər xalqla müstəqillik arasına girdilər, xalqla azadlıq arasında, demokratiya arasında qaratikan kimi bitdilər.
Indi utanmadan ətək-ətək pul töküb xaricdən gətirdikləri çiçəklərlə Gül bayramı keçirirlər. Həm də bu 40 illik haqsızlığın, zalımlığın, ədalətsizliyin, hüquqsuzluğun banisinin ad günü şərəfinə. 

Bunlardakı ağıla baxın, məntiqə baxın. Elə bilirlər, Hollandiyadan zanbaq gətirib Bakının mərkəzinə döşəyəndə məmləkət doğrudan da, güllük-gülüstanlıq olur. Elə bilirlər, meydanlara, parklara bahalı güllər alıb düzdünmü, məmləkət doğrudan da gülşənə çevrilir.
Insanların üzünün gülmədiyi ölkədə xaricdən millətin qanı bahasına alınan güllərlə bayrammı olar, allah eşqinə?

***

Kimsə ürəyini sıxmasın. Kimsə darılmasın. Kimsə üzülməsin. Hər kəs könlünü fərah tutsun, hər kəs əmin olsun: 
Azərbaycanda gerçək bir Gül bayramı əlbəttə, olacaqdır – xalqla azadlıq arasına girən bu qaratikanları qazıyıb atacağımız gün, Azərbaycandan bu korrupsiya qanqallarını, bu rüşvət alaqlarını təmizlədiyimiz gün gerçək bir Gül bayramı olacaqdır hamımız üçün.
Özü də xaricdən millətin qanı bahasına alınan güllərlə yox, insanların üzündə açacaq güllər hesabına!!!