Tanınmış dissident Nadir Ağayevin iki cildlik “Fəlakətlərimizin baiskarı” kitabını bu günlərdə oxuyub bitirdim. Bu kitabı oxuyub bitirmək necə asandırsa, onun doğurduğu etkidən qurtulmaq bir elə çətindir. Bu kitabı yazan adamla (Nadir Ağayev), “yazdıran” adam (Heydər Əliyev) Azərbaycanın son əlli illik tarixinin iki çarpışan baxışlar sistemi yerindədir. Azərbaycanın son əlli illik tarixini personallaşdırmaq gərəkərsə, Nadir Ağayev-Heydər Əliyev personası, sözsüz, ilkin olaraq önə çəkilməlidir. Birinci – Azərbaycan idealına qulluq, ikinci – antiAzərbaycan ideyasına qulluq örnəyi olaraq! Birinci – Azərbaycan idealına qulluq yolunda yanlışlara da yol verir, ancaq bu yanlışlar yanlışını bilib düzəltməyə, suçunu yumağa çalışmaq baxımından bağışlanandır. Ikinci – antiAzərbaycan ideyasına gərəyincə qulluq baxımından, demək olar, yanlışsızdır. Biz bunu Nadir Ağayevin sözü gedən kitablarından açıqca görürük. Son çağlar bizdə Heydər Əliyevin gerçək kimliyini açıb ortaya qoyan bir sıra kitablar yayılıb. Faktoloji monumentallığına, arqumentallığına görə Nadir Ağayevin kitabı onların hamısından yüksəkdə dayanır.Nadir Ağayev kimdir?
Nadir Ağayev ötən yüzilin 60-cı illərində “Azərdövlətkəndtikinti” institutunda baş mühəndis işləyib. (H.Əliyev onda KQB sədrinin yardımçısı olub). O, özünün dediyi kimi, “respublikanın suverenliyinə çalışdığına – siyasi baxışlarına görə” çoxillik repressiyalarla üzləşib. Onu 1966-cı ildə baş mühəndislikdən çıxarıblar. KQB əməkdaşları ona siyasətdən uzaq durmaq tapşırığı veriblər. Onun adı o çağdan KQB-nin qara siyahısına düşüb. O çağlar Azərbaycan KP MK-nın birinci katibi olan Vəli Axundov tezliklə onun üzərindən KQB-nin qorxunc “dissident” damğasını götürüb, əlindən alınmış hüquqlarını özünə qaytarıb. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Nadir Ağayev yenidən “dissidentə” çevrilib, uzun sürən repressiyalarla üzləşib, türmələrdə yatıb. “Əməllərində heç bir cinayət tərkibi olmadığına görə” onu 1988-ci ildə türmədən buraxıblar. Çoxillik türmə yaşamına son qoyulan Nadir Ağayev duruxub-düşünmədən birbaşa Xalq Hərəkatına qatılıb. Bu onun öz idealına bağlılıq göstəricilərindəndir! Onun qısaca bioqrafiyası belədir. Ancaq bu, Nadir Ağayevin bütöv, o baş-bu baş bioqrafiya göstəricisi deyil, onun bioqrafiyasının bir dönəmidir. Ikinci dönəm yenidən Heydər Əliyevlə başlayan, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni xarakter alan bir dönəmdir.
Ikinci dönəm başlanğıcında “dissident” Nadir Ağayevə başucalığı gətirməyən, bir sıra faktlar-görsənişlər baxımından onu əskildən dönəmdir. Kitabından (daha doğrusu, kitablarından!) göründüyünə görə, o özü bu dönəmin ağrılarını indi də yaşamaqdadır. N.Ağayev onun gerçəkdən dönməz dissident bioqrafiyasında utanc yeri sayılacaq bu dönəmin başlanğıcı ilə bağlı “aldandığını, aldadıldığını” bildirir. Bir çoxları kimi o da Heydər Əliyevin hakimiyyətə qayıdıb keçmiş suçlarını yuyacağını, xalqa, ölkəyə ağsaqqal baxışları ilə yanaşacağını düşünürmüş. Buna onu inandıranlar da olub – sözsüz, Heydər Əliyevin adamları. Dissident Nadir Ağayev, akademik Ziya Bünyadov, şair Xəlil Rza Ulutürk kimilərini – sayılıb-sevilən adamları yanına çəkmək o çağlar H.Əliyevə çox gərək idi. Gərək idi, ancaq hakimiyyətə qayıdıb yerini bərkidənədək. Hakimiyyətə qayıdıb yerini bərkidəndən sonra o, hakimiyyətə qayıtmaq üçün yararlandığı bu adamların hər birini sonrakı davranışlarına uyğun olaraq dəyərləndirəcəkdi. Kimlər sonadək ona qulluq yolu tutacaqdısa, onları görəvləndirib-ödülləndirəcəkdi. Kimlər öz ideyalarına-ideallarına bağlı qalacaqdısa, onlar çeşidli biçimdə cəzalandırılacaqdılar.
Bir çox aldanıb-aldadılmışlar kimi, Nadir Ağayev də başlanğıcda Heydər Əliyevin istədiyi kimi düşündüyünə görə görəvləndirilmiş-ödülləndirilmişdi. Ancaq sonra Nadir Ağayev “yolunu azmış”, bildirdiyinə görə, Heydər Əliyev siyasətinin antiAzərbaycan, antitürk xarakteri daşıdığını görərək bu siyasətlə barışmaq istəməmişdi. Bu yerdə onunku gətirmişdi: onu işdən uzaqlaşdırmaqla cəzalandırmış, ancaq sağ qoymuşdular. Kim bilir, bəlkə də, bir çox belələri sayaq Nadir Ağayevin də sınıb geri çəkiləcəyini, çəkilib susacağını düşünmüşdülər. Ola bilsin, Nadir Ağayevin repressiyalarla dolu bioqrafiyası, bir də çoxsaylı “gözü çıxan” qardaş faktorunu özünə görk edəcəyini düşünərək onunla yumşaq davranıblar.
Nadir Ağayev fenomeni
Görünür, çoxları bu sözün incəliyinə varmadığından, hansı gerçək anlamı daşıdığını bilmədiyindən son illər bizdə “fenomen” anlayışı yeri gəldi-gəlmədi işlədilir. Çağdaş Azərbaycanındakı bəlli sosial-siyasi görsənişlər baxımından fenomen anlayışı Nadir Ağayevlə bağlı bütünlüklə yerinə düşən, Nadir Ağayev adına bütünlüklə yaraşan anlayışdır. Bir var sən nələrisə, hansısa gizlinləri bilmədiyindən sənin yaşamına qorxu yaradacaq yazılar yazasan, bir də var bilə-bilə. Bunlar ayrı-ayrı kateqoriyadan olan görsənişlərdir. Nadir Ağayev uzun illərin dissidenti olaraq, bir çox qorxulu gizlinləri bilə-bilə, başqa cür desək, ölümünü gözünün altına alaraq ata-oğul Əliyevlərlə bağlı neçə-neçə kitab yazıb. Ən başlıcası, o, bu kitabların birincisini, Heydər Əliyevin çoxillik siyasətlərinin gizlinlərini, belə desək, iç üzünü açıb ortaya qoyan “Fəlakətlərimizin baiskarı” kitabını birbaşa onun özünə göndərib. Göndərib, sonra da məhkəməyə verilməsinə çalışıb – illərlə törədilmiş bir çox cinayətlərin daha geniş ölçüdə açıqlanıb hamıya bəlli olması üçün!
Çoxlarının çeşidli yollarla, çox böyük amansızlıqla susdurulduğu çağlarda belə bir addım atmaq, sözsüz, ortaya fenomenal subyekt faktorunu çıxarır. Bunun gerçəkdən nə demək olduğunu bilib-anlamaq üçün Nadir Ağayevin sözü gedən kitablarından bircəciyini oxumaq da yetərlidir. “Fəlakətlərimizin baiskarı” kitabının redaktoru, Azərbaycanın çox dəyərli aydınlarından olan fəlsəfə elmləri doktoru Şamil Salehin “Redaktordan” yazısı bu sözlərlə başlayır: “Geniş oxucu kütlələrinin mühakiməsinə verilən bu kitab günün günorta çağı çaxan ildırımı xatırladır. ”Azərbaycan dövlətçiliyinin memarı”, “vahid milli liderimiz” kimi qələmə verilən Heydər Əliyevi mədh edən tonlarla yazıya qarşı bu əsər qondarma dalğaların qarşısında ucaldılan sal qayaya, onun təvazökar müəllifi isə mövqe naminə, qazanc naminə erməniyə dayı deməyə hazır olan muzdlu, yaltaq, simasız, mənşəyi-kökü olmayan xain məddahlar sürüsünə sinə gərən həqiqət aşiqinə bənzəyir”. Çağdaş Azərbaycan gerçəkliyində Nadir Ağayev fenomeni bu deməkdir.
Çoxsaylı susdurulanlar, susqunlar içində susmamaq, qorxmadan, çəkinmədən sözünü demək – tarana getmək deməkdir. Qorxunun gözünün içinə düz baxmaq, ona barmaq tuşlayıb kimliyini göstərmək az qala kütləviləşən əyilgənlik-yenilgənlik içində tanrısal əyilməzlik-yenilməzlik görsənişləridir! Yaşamaq, sözsüz, gözəldir, ancaq yaşamaq var, yaşamaq var. Palaza bürünüb elnən sürünən yaşamaqla sürünənlərin sırasından sıyrılıb yüksəlmək, yüksəldikcə səsini də yüksəltmək, yüksək səs, yüksək söz yiyəsinə çevrilmək mənlik adına öyünc qazandıran görsənişlərdəndir. Böyük çoxluğun yalan-yaltaqlıq axarında itib-batdığı bir durumda sən tək bir səsinlə minlər, milyonlarla səs xoruna üstün gəlirsən. Çox çəkməz: o minlər, milyonlarla səs xoru olmamış kimi itib-batar, ancaq bu dünyada sənin səsin qalar – gerçəyi hayqıran səsin!
Göz yaşları içində, xalqın ağrı-acılarından yoğrulmuş-yapılmış bir fundamental arxitektura əsərini göz önünə gətirin. Onun yaradıcısı bir arxitektordur. KQB adlanan qorxunc repressiya maşınının çarxları arasından çıxmış arxitektor. KQB adlı qorxunc bir maşının bütün çarxlarından keçib gələn, gələ-gələ böyüklüyünü, bütövlüyünü – mənliyini qoruyub saxlayan ADAM! Mənə elə gəlir, adamlar sevgilərini itirəndən sonra mənliklərini itirirlər. Yenilməz mənliyin qaynağı sevgidir. Sevgi olmayan yerdə mənlik də olmur. Mənliyi olmayan kimsələrsə çox asanlıqla, könüllü olaraq hər hansı rejimin, hər hansı şər gücün əlaltısına çevrilirlər. Könüllü köləliyin özü də sevgisiz könüllərin sevinc qaynağı ola bilir. Böyük yolların yolçuları böyük sevgilərlə – Ölkə, Xalq sevgisi! – yaşayanlardır!
Sözü gedən kitabda iki yanlış gördüm. Bunlardan birincisi “Elçibəy” adı ilə, ikincisi “Yurd” birliyinin yaranma nədənilə bağlıdır. Birincidə N.Ağayev akademik erməni, ikincidə içimizdəki düşmən yalanına uymaqla yanlışa yol verib. Bunları ona çatdırmışam, kitabın qarşıdakı dördüncü çapında hər iki yanlışı aradan qaldıracağına söz verib.
Nadir Ağayev Azərbaycanın son əlli illik tarixini yazıb. Bu onun tarixidir – onun Azərbaycan tarixi. Bu eləcə də bizim tariximizdir – bizim Azərbaycan tariximiz. Tarixi hərə bir cür yaza bilər, ancaq tarix özü hamı üçün birdir. Sözü gedən kitab kimi…