“Real” Madridin türk transferi

Kral klubu “Borussiya” Dortmunddan Şahini aldı

Dünyanın ən nəhəng futbol klublarından biri olan İspaniyanın “Real” (Madrid) klubu daha bir türk futbolçunu heyətinə daxil edib.

“Real” (Madrid) Almaniyanın “Borussiya” (Dortmund) komandasının kapitanı, Türkiyə milli komandasında çıxış edən Nuri Şahini transfer edib. Transfer “Real”ın rəsmi saytında açıqlanıb. Nuri ilə “Real” arasında 6 illik müqavilə imzalanıb. “Real”ın “Borussiya” klubuna bu transfer üçün 12 milyon avro ödəyəcəyi, N. Şahinin isə ildə 2,5 milyon avro alacağı bildirilir.

Qeyd edək ki, 1988-ci il təvəllüdlü Nuri Şahin bu mövsüm “Borussiya”nın Almaniya çempionu olmasında mühüm rol oynayıb.

Xatırladaq ki, ötən il “Real” Almaniyanın “Verder” komandasının türk əsilli oyunçusu Məsut Özili transfer etmişdi (APA).