Qəzzafinin ölüm xəbəri yayıldı

Liviya diktatoru yoxa çıxıb

NATO aviasiyasının mayın 1-də Tripolidə Müəmmər Qəzzafinin kiçik oğlu Seyf əl-Ərəbin ölümü ilə nəticələnmiş aviazərbələrindən bəri Liviya diktatorunun özü barədə artıq 9 gündür ki, xəbər yoxdur. Xarici diplomatlar NATO-nun həmin aviazərbələri zamanı Müəmmər Qəzzafinin də yaralandığı və ya öldüyünü istisna etmirlər.

İtaliyanın “La Stampa” qəzetinin yazdığına görə, Liviya diktatorunun televiziyaya çıxmaması və ictimaiyyət qarşısında görünməməsi onun həyatda olmasıyla bağlı şübhələrin yaranmasına yol açıb. Müəmmər Qəzzafi hətta kiçik oğlu və üç nəvəsinin dəfn mərasimində də iştirak aetməyib. Liviya diktatorunu mərasimdə digər oğlu Seyfülislam Qəzzafi təmsil edib.

Yayılmış məlumatlara görə, Müəmmər Qəzzafi həqiqətən də oğlu və nəvələrinin öldürüldüyü həmin binada olsaydı, oradan sağ çıxa bilməz. Həmin ev tamamilə dağılıb. NATO həmin aviazərbələr zamanı xüsusi bombalardan istifadə edib və bu cür vəziyyətdə sağ qalmaq qeyri-mümkündür.

Müəmmər Qəzzafinin yaralanması, ölməsi vəya həyatda olması ilə bağlı sualların meydana gəlməsinə baxmayaraq diktatora sadiq əsgərlər üsyançılara qarşı hücumlarını davam etdirir. Paytaxt Tripolidən 200 km. şərqdəki Misrata şəhəri ətrafında toqquşmalar səngimir.

Liviyanın dövlət televiziyası isə mühasirədə olan Misrata şəhərindəki üsyançılardan bir qrupunun hökumət qüvvələrinə təslim olduğunu xəbər verib. Paytaxtadan cənub-qərbdə də toqquşmalar davam edir. “Bərbər üçbucağı” adlanan bölgədə üsyançılarla Qəzzafiyə bağlı silahlılar arasında şiddətli qarşıdurma yaşanıb. Hər iki tərəfdən onlarla insanın tələf olduğuna dair xəbərlər yayılıb.

NATO aviasiyası isə Zintan şəhərinə yaxın, Tripolidən 145 km aralıda Liviya diktatorunun əmrindəki əsgərlərə aid silah-sursat deposuna zərbələr endirib. Zintan şəhərində isə iki həftədən çoxdur ki, Qəzzafiyə sadiq hərbçilərlə üsyançılar arasında qızğın döyüşlər gedir.

İnformasiya şöbəsi