Böyük siyasət yenə də özünü gündəmə gətirdi, öz fonunda regional siyasəti az qala görünməz etdi. Bircə anlığa diqqət ərəb dünyasındakı proseslərdən ayrılaraq Bin Ladenin üzərində cəmləşdi. Bəli, burada jurnalist və politoloq fantaziyası üçün böyük meydan var, dərhal konspiroloji təxəyyül işə düşdü, hamı terroristin ölümündə gizli və mistik çalarlar axtarmağa başladı. Olsun. Insanlara düşünməyi yasaq etmək olmaz. Amma məni tamam başqa detal düşündürür. Bin Laden soyuq müharibədən sonra dünya siyasətində yeni bir mərhələni təcəssüm etdirirdi. Böyük dövlətlər, o cümlədən ABŞ-ın özü, təhlükəsizlik konsepsiyalarını terrorizm və Bin Laden üstündə qurmuşdular. Bin Laden müəyyən mənada simvola çevrilmişdi və elə soyuq müharibədən sonra yeni təhlükə mənbəyini xarakterizə etməli idi. Hətta buna görə hesab edirəm ki, Bin Ladenin ölümü böyük dövlətlərə o qədər də lazım deyildi. Bu aspektdən yanaşanda bəlkə başqa bir siyasi administrasiyanın vaxtında bu ölüm baş verməyəcəkdi. Elə bu səbəbdən Bin Ladeni öldürməklə B.Obama dünyanın təhlükəsizlik atalarının sevimli oyuncaqlarını onların əlindən aldı və onları oyuncaqsız qoydu. Bundan sonra onlar silahlanmanı, müdaxilələri hansı ad altında həyata keçirəcəklər? Bəli, Əl-Qaidə pis mənada bir brend kimi özünü təsdiq edib və dünyanın hər bir ölkəsində bu adı tanıyırlar, onun adı gələndə qorxu keçirirlər, insanları təlaş hissi bürüyür! Elə ona görə də bu təşkilat hələ bir müddət yaşayacaq. Səbəb? Əvvəla, təhlükəsizlik ataları yeni bir təhlükəli oyuncaq fikirləşməlidirlər, bunun üçün vaxt lazımdır. Daha sonra, terror da böyük biznesdir, xüsusən də Şərq ölkələrində. Və bu oyun hələ bir müddət davam etməlidir, çünki elə insanlar var ki, öldürməkdən və ölməkdən, partlatmaqdan və dağıtmaqdan başqa heç nə bacarmırlar! Bunu böyük təəssüf hissilə deyirik! Nə etmək olar?
Bu da dünyanın acı reallığıdır. Amma mənə elə gəlir ki, Əl-Qaidənin “şöhrətli” vaxtları artıq arxada qaldı. Ona görə də təhlükəsizlik ataları mütləq yeni bir oyuncaq fikirləşib tapmalı və onu dövriyyəyə buraxmalıdırlar. Elə bu səbəbdən sual yaranır: Görəsən, Bin Laden öz ölümü ilə böyük siyasətin əqrəbini çevirə, döndərə biləcəkmi? Bundan sonra böyük siyasət, təhlükəsizlik qayğıları görən hansı istiqamətə yönələcək? Bu prosesi demokratların iştirakı ilə izləmək daha maraqlı olardı və əgər bu hadisə demokratların vaxtında baş veribsə, onlar öz təhlükəsizlik arxitekturalarında Bin Ladenə ehtiyac duymayıblarsa, deməli, ehtiyatda bir başqa ideya da var. Çox güman ki, artıq təhlükəsizlik və terrorizm müstəvisi beynəlxalq koalisiyalar üçün bir o qədər də əlverişli olmayacaq, digər zəmin axtarmaq lazım gələcək. Belə məsələlərdə respublikaçıların fantaziyası lap çevik işləyir. Amma dünya onların təhlükəsizlik konstruksiyaları olmadan da keçinər! Kölgələr günorta yox olur!
Bəli, son illərdə terrorizmə qarşı yaranan birgə koalisiyalar siyasi sistemlər arasındakı fərqləri görünməz etmişdi. Balaca diktaturalar özləri üçün sözün əsl mənasında əlverişli əməkdaşlıq müstəvisi tapmışdılar. Hətta bir az qürur da duyurdular ki, bunlar da böyük problemlərin həllinə cəlb olunublar. Indi necə olacaq? Koalisiyalar hansı zəmində qurulacaq? Bax, günün siyasi və elə politoloji sualı da budur.
Mənim zənnimcə, Bin Ladenlə M.Qəzzafi, ya da B.Əsəd arasında elə bir ciddi fərq yoxdur. Sonuncular da öz millətlərini əsl terror etməklə məşğuldurlar. Hələ məlum deyil ki, qlobal terrorizm məsələsi müstəvisində onlar hansı oyunu oynayırlar?! Bu haqda da düşünmək xeyir gətirərdi. Indi, görək, nə olur! Hər halda, qlobal təhlükəsizlik arxitekturası yeni model axtarışı ilə məşğul olacaq. Bu, şübhəsizdir. Sadəcə, yaxşı bir hal olardı ki, həqiqi, obyektiv təhlükə mənbələri müəyyən edilsin və dünya indi həmin mənbələrə qarşı səfərbər edilsin. Diktaturaların və avtoritar rejimlərin dünya siyasəti üçün daşıdığı təhlükələrə də diqqət yetirməyin vaxtıdır.Çox məşhur filmdə deyildiyi kimi: günorta kölgələr olmur!