Məleykə Abbaszadə barədə səslənən iradların dərhal araşdırılmasını tapşırmaq nəyə xidmət edir?
Milli Məclisin iki gün əvvəl baş tutan iclası maraqlı olaylarla yadda qalıb. Digər məqamları bir kənara qoyub ölkənin hazırda daha çox aktualllıq kəsb edən təhsil məsələsinə toxunmaq istəyirik. Belə ki, deputat Qüdrət Həsənquliyev universitetlərə qəbul imtahanları üçün qoyulan sualların çətinliyindən danışıb.
Deputatın açıqlamasından bəlli olub ki, TQDK sədri Məleykə Abbaszadə orta məktəblərdə tədrisin yaxşı olmadığını sübut etmək üçün test imtahanlarının suallarını həddindən artıq çətinləşdirir. Qanunla orta təhsilimizin pulsuz olmasına diqqəti çəkən millət vəkili, repetitor xidməti olmadan şagirdlərin ali məktəbə daxil olmasının mümkünsüzlüyünü bildirib. Q.Həsənquliyev riyaziyyat fakültəsinin tələbəsinin tarix və incəsənətdən xəbərsizliyini təbii hesab edib. Deputata görə suallar çətin olduğu üçün abituriyent yalnız imtahana düşən fənləri öyrənir. Hər ailənin repetitor tutmağa imkanı olmadığına diqqəti çəkən millət vəkili, aztəminatlıların uşaqlarının ali təhsil ala bilmədiyini söyləyib: “Respublika Prokurorluğunda tətbiq olunan ənənə ali məktəblərə imtahan üçün də tətbiq edilə bilər. Onlar 1000 sual müəyyənləşdirirlər, həmin suallardan 100-ü imtahana düşür. Bunu qəbul imtahanlarında da tətbiq etmək olar. Yoxsa repetitor tutulması valideynlərin büdcəsinə ciddi ziyan vurur”.
Deputatın iradlarına spiker Oqtay Əsədovun reaksiyası da maraqlı olub. O, təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevə müraciət edərək bu məsələnin müzakirə olunmasını, müvafiq sənəd hazırlanmasını tapşırıb.
Oqtay Əsədovun bu operativ reaksiyasının arxasında əslində qruplararası mübarizə dayanır. Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin müəllifliyi ilə “antikorrupsiya şousu” başlayanda ilk olaraq zərbə Oqtay Əsədova dəydi. Spikerin nəzarətində olan “Azərsu” başqa qruplaşmanın əlinə keçdi. Hazırda da həmin qurumda Oqtay Əsədovun adamları işdən çıxarılır. Bundan başqa spiker sabiq deputat, Sumqayıtda “Univermaq Zaman” kimi tanınan iş adamı Zaman Isgəndərovun oğlu Nizami Isgəndərovu özünə köməkçi təyin etmişdi. Lakin məhz Ramiz Mehdiyevin bu məsələyə sərt reaksiyası nəticəsində Nizami Isgəndərovu işdən çıxarmaq məcburiyyətində qalmışdı.
Indi Ramiz Mehdiyevə cavab vermək üçün Oqtay Əsədovun əlinə fürsət düşüb. Yəni, spikerin PA rəhbərinə yaxınlığı ilə seçilən Məleykə Abbaszadə ilə bağlı səsləndirilən iradlarla razalışması və bu məsələnin araşdırılmasını tapşırması Ramiz Mehdiyevə cavab kimi dəyərləndirilməlidir. Yeri gəlmişkən, təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev rektor kimi təhsil naziri Misir Mərdanovdan, deputat kimi isə Oqtay Əsədovdan asılıdır. Bu baxımdan düşünmək olar ki, onun apardığı araşdırmanın nəticəsi spikerin maraqlarına uyğun olacaq.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu da hesab edir ki, təhsil sahəsində müəyyən qruplaşmalar var ki, səslənən açıqlamalar da onun nəticəsidir. Ekspertə görə test suallarının çətinliyi barədə geniş mübahisə də etmək olar: “TQDK-nın test suallarını götürüb analiz etsək, görərik ki, beynəlxalq standartlara uyğundur. Lakin onun Azərbaycan standartlarına uyğunsuzluğu bizdə təhsilin olmamasının nəticəsidir. Bu mənada hesab edirəm ki, orta məktəbi bitirən şagird üçün testlər çətin və ağırdır. Ona görə də nəticələr biabırçıdır. Beynəlxalq standartlara söykənsək, suallar heç də çətin deyil, normal test suallarıdır. Bu məsələ qruplaşmanın təsirindəndir ki, hər qrup öz marağına uyğun danışır”.
Ekspert Respublika Prokurorluğunun 1000 sual təcrübəsini şərh edərək söylədi ki, TQDK-nın özünün test bankı həddən artıq böyükdür və suallar da bu əsasda hazırlanır: “Ona görə də əllaməçilik etmək lazım deyil. Respublika Prokurorluğunun test üsulunu ora tətbiq etmək uğursuz bir müqayisə olmaqla bərabər, heç uyğun gələn iş də deyil”.
Nigar