İqtidarın ölkədə baş verənlərə nümayiş etdirdiyi yanaşma yanlışdır
Eldar Namazov: «Məhz demokratiya yolu Azərbaycanı düzgün gələcəyə doğru apara bilər»
Ölkədə müşahidə olunan siyasi aktivliyin fonunda hökumət daxilində baş verən bir sıra proseslər də maraq doğurur. Hökumət daxilində baş verənlər onu deməyə əsas verir ki, müxalifətə münasibətdə iqtidarda ikitirəlik müşahidə olunur. Ekspertlərin müşahidələrinə görə, hakimiyyət daxilində hazırkı iki qrup aktiv fəaliyyət göstərir. Onların hər birinin də hakimiyyətin son yekdil qərarının qəbuluna böyük təsiri var.
Məsələn, cəmiyyətdəki siyasi aktivliyin ilk günlərində beynəlxalq təşkilatlar kəskin tənqidə məruz qalırdısa, sonradan bu kampaniya gözlənilmədən başlandığı kimi, yekunlaşdırıldı. Hakimiyyəti təmsil edən deputatların bu dövrdəki açıqlamalarına da diqqət yetirdiymiz zaman cərəyan edən hadisələrlə bağlı yekdil mövqenin olmaması nəzərə çarpır. Redaksiyamıza daxil olan məlumatlara və müşahidələrə əsasən onu demək olar ki, hakimiyyətdəki bir cinahın mövqeyinə görə, ölkədə yaranmış situasiyaya uyğun olaraq müxalifətə müəyyən güzəştlər edilməli və cüzi də olsa islahatlara getmək lazımdır. Ikinci cinah isə yaranmış situasiyada istənilən güzəşti yolverilməz sayır və istənilən güzəştin hakimiyyətin sonunu yaxınlaşdırdığını düşünür.
Politoloq Eldar Namazovun fikrincə, ümumilikdə hakimiyyətin hazırda ölkədə baş verənlərə nümayiş etdirdiyi yanaşma yanlışdır. Politoloqun sözlərinə görə, əgər hakimiyyət müxalifətlə, vətəndaş cəmiyyəti ilə normal dialoqa başlasa, öz daxili siyasətinə yenidən baxaraq insan haqlarına hörmət etsə, bu, güzəşt kimi dəyərləndirilməyəcək: “Hakimiyyətin bu cür addımları yaranmış situasiyada yeganə düzgün qərar sayıla bilər. Məhz demokratiya yolu Azərbaycanı düzgün gələcəyə doğru apara bilər. Məsələni başqa cür də qoymaq olar. O zaman nəyə görə hakimiyyətin daxilində müxalifətlə dialoqa getməyin, vətəndaş cəmiyyətini dinləməyin gərəksiz olduğunu deyənlərə güzəştə gedilir? Nəyə görə məhz onların mövqeləri əsas götürülür?”.
E.Namazov hesab edir ki, hakimiyyət hazırda düzgün yolu seçməlidir. Bu yol da iqtidar-müxalifət münasibətlərini normallaşdırmaq, insan haqlarına hörmətlə yanaşmaq və bunun nəticəsində ölkənin normal və düzgün inkişafını təmin etməkdir.
Xəyal