Dişsiz adamlar ölkəsi

Niyə görəsən bizim ölkədə hər addımda dişsiz adama rast gəlirik? Bəli, hər addımda, hər yerdə. “Dişsiz” deyəndə sözü hərfi mənada işlədirəm. Sözün başqa mənaları da var, amma mən ağzında dişi olmayan adamları nəzərdə tuturam.  Baxırsan ki, adamın dişləri ya tamamilə yoxdur, ya da bir neçə qabaq dişinin yeri görünür. El arasında bu hala mırtıq da deyirlər. Amma mən bunu gülmək üçün demirəm, əksinə, ürək acısı ilə yazıram bunları. Hər yerdə, hər zaman belə adamları görmək olur. Çoxdur onlar, mən deyərdim, hər yaşdan olanları var. Uşaqların bir yaş dövrü var ki, onlar diş dəyişdiyi üçün mırtıq olur. Təbii haldır. Bəs cavanlar, yaşlılar? Müəllimlər, alimlər niyə? Hətta prezidentlə görüşlərdə TV-lər belə adamları göstərirlər. Bəzilər mırtıq dişlə mədhiyyələr söyləyir…

Uzun-uzadı təsvirə və izaha ehtiyac görmürəm. Amerika açmayaq. Hər şey çox sadədir: adamlar dişlərini düzəltdirə bilmirlər. Hətta bilmirəm ki, stomatoloq xidmətlərinin qiymətləri bizdə ucuzdur, ya baha, amma onu dəqiq bilirəm ki, adamlar kasıblıqdan edə bilmir bunu. Imkansızlıqdan bu ölkənin xeyli adamı dişsiz gəzir…
Ölkəmizin reallığını əks etdirmək üçün bu da bir göstəricidir. Bəli, kim desə ki, bu, göstərici deyil, qoy o getsin bircə ay dişsiz gəzsin…

Illər öncə Avrostatistikada maraqlı göstəricilərlə üzləşərək, xeyli heyrətlənmişdim. Məsələn,  ölkədə istifadə olunan dəftərxana kağızının adambaşına düşən miqdarı, yaxud adambaşına düşən tualet kağızı istehlakı. O vaxt xaricdə təhsil alan iqtisadçı dostlardan biri izah etdi ki, müasir ölkələrdə həyat səviyyəsini müəyyənləşdirmək üçün bu kimi həssas və yan göstəricilərdən istifadə edirlər. Çünki makroiqtisadi göstəricilər, həmçinin klassik statistika real vəziyyəti və ya vəziyyətin bütün tərəflərini aça bilmir. Iqtisadi və sosioloji biliklərim artdıqca, bunu daha yaxşı anlamağa başladım. Tutaq ki, ölkədə adambaşına düşən ÜDM artıb, bəlkə bu zaman gəlirlər daha çox hərbi sahəyə yönəlib? Bəlkə ölkə xərclərinin çoxunu asfalt və körpü çəkməyə sərf edib? Və ÜDM artımına baxmayaraq, adamların vəziyyəti yaxşılaşmayıb…

Indi dünyada “müasirlik indeksləri” deyilən bir anlayış var. Ölkədə azadlıqların durumu, media azadlığı, iqtisadi rəqabətlilik, insan inkişaf indeksi, korrupsiyanın səviyyəsi, təhsil standartları və s. Nüfuzlu beynəlxalq təşkilatlar məhz bu indekslərlə ölkələrin real durumunu, reytinqini, inkişaf istiqamətlərini və tendensiyalarını müəyyən edir. Bizim hakimiyyətin nümayəndələri isə bu indekslərlə bağlı hesabatlar yayılanda cin atına minirlər, axı Azərbaycanın bu hesabatlarda reytinqi əksər hallarda çox pis olur. Həmişə bu siyahılarda adamı utandıran yerlərdən birini tuturuq. 

YAP təşviqatçıları deyir ki, bu hesabatları ermənipərəst qüvvələr hazırlayır və onlar qərəzlidir, həqiqəti əks etdirmirlər. Bəs onda bu ölkənin adamları niyə dişsizdir? Onlar niyə dişsiz gəzir? Bunu necə izah edək?

***

Dünyada müasirlik indekslərini hazırlayan nüfuzlu qurumlardan Beynəlxalq Şəffaflıq təşkilatı – Transparency International mayın 4-də yeni hesabat yayıb və Azərbaycanı korrupsiyaya qarşı mübarizəyə çağırıb.  Bu təşkilatının sonuncu illik hesabatına görə, korrupsiya indeksi üzrə Vətənimiz dünyanın 178 ölkəsi arasında 134-cü sırada qərar tutur.

Amma bu dəfə Transparency International Azərbaycana xəbərdarlıq da edib: “Bu regiondakı hökumətlər anlamalıdırlar ki, daha vətəndaşlar passiv seyrçi olaraq qalmaq istəmirlər. Onlar getdikcə daha çox nümayiş etdirirlər ki, korrupsiya və pis idarəetməyə dözmək istəmirlər.”
Yəni dişsizlər ölkəsinin adamları daha dişli olmaqdadır…