Bir aya 3,4 milyard necə xərclənib?

«Büdcədən bu cür istifadə korrupsiyanın göstəricisidir»

Qubad Ibadoğlu: «Ilin sonuna qədər xərclənməmiş vəsaitləri çox sürətlə rəsmiləşdirməyə və «silməyə» başlayırlar»

Ötən gün Ictimai Palatanın Iqtisadiyyat Komissiyasının keçirdiyi dəyirmi masada büdcə xərcləri ilə bağlı sensasion informasiyalar verilib. Komissiyanın sədri, iqtisadçı-ekspert Qubad Ibadoğlu vurğulayıb ki, keçən ilin büdcəsinin aylar üzrə bölgüsündə düzgün proporsiya yoxdur. Belə ki, 11.8 milyardlıq büdcənin demək olar ki, 30 faizi, yəni 3 milyard 345 milyon manatı yalnız dekabr ayında xərclənib.
Q.Ibadoğlu mövzuyla bağlı qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, keçən ilin büdcəsindən bir ay ərzində 3 milyard 345 milyon manatın xərcləndiyi barədə informasiya Mərkəzi Bankın (MB) məlumatından götürülüb. Q.Ibadoğlunun sözlərinə görə, büdcənin aylar üzrə xərcləmələri barədə MB-nin məlumatından görünür ki, büdcənin icrası dinamikasında proporsionallıq pozulub. Belə ki, aylar üzrə orta hesabla 8.5 faiz xərclənməli olduğu halda, may və dekabrda xərcləmələrin miqdarı yüksək, digər aylarda isə aşağı olub: “Keçən ilin dekabrında orta göstəricidən üç dəfə çox vəsait xərclənib. Bu da üç milyard üç yüz qırx beş milyon manat deməkdir. Yalnız bu ayda ümumi büdcənin 28.5 faizi xərclənib. Bu isə büdcə vəsaitlərinin ilin sonunda xərclənməsi deyil, ”silinməsi” təsəvvürünü yaradır və bu, büdcə vəsaitlərindən səmərəsiz istifadənin təzahürüdür. Bu cür halların yaranma səbəbi Azərbaycanda mərkəzləşmə islahatlarının getməməsi ilə bağlıdır. Çünki büdcə təşkilatları vahid büdcə təsnifatı üzrə əldə etdikləri vəsaitləri bölüşdürərək xərcləyirlər. Bir çox hallarda bu istiqamətlər üzrə normadan müəyyən kənarlaşmalar yaranır. Bu kənarlaşmaları yalnız maliyyə idarələrinin razılığı olandan sonra maliyyələşdirmək mümkündür. Ona görə maliyyə müstəqilliyi olmayan büdcə təşkilatları öz vəsaitlərini sərbəst bölüşdürmək, onun üzərində sərəncam vermək hüququ olmadığından ilin əvvəlində Maliyyə Nazirliyinə müraciət edirlər. Bir çox hallarda Maliyyə Nazirliyindən maliyyə xərclərinin istiqamətlərinin dəyişdirilməsi haqqında cavablar isə ilin sonunda alınır. Nəticədə xərclənməmiş vəsaitləri çox sürətlə rəsmiləşdirməyə və xərcləməyə başlayırlar. Ona görə dekabr ayında da daha çox xərclənmə müşahidə olunub”.
Büdcədən bu cür istifadəni korrupsiyanın göstəricisi sayan Q.Ibadoğlu vurğuladı ki, ilin axırında xərclənən vəsait məhz investisiya büdcəsinə, müdafiə sənayesinin xərcləmələrinə aid edilməlidir. Sonuncu büdcənin qapalı olması üzündən burada korrupsiya hallarına yol verilmə ehtimalı daha çoxdur.

Xəyal