Sərdar Cəlaloğlu: «Mən partiyanın əbədi sədri deyiləm ki»
Sərdar Cəlaloğlu Azərbaycan Demokrat Partiyasının(ADP) sədrliyindən uzaqlaşdırıla bilər. Bu barədə “Olaylar”a ADP sədrinin müavini Həsrət Rüstəmov bildirib. Sədr müavini deyib ki, nizamnaməyə əsasən bu il partiyanın növbəti qurultayı keçirilməli idi: “Lakin müəyyən səbəblərdən, eləcə də ölkənin ictimai-siyasi həyatında mühüm siyasi gedişat proqnozlaşdırılmadığından qurultayın vaxtı ertələnib”.
Həsrət Rüstəmovun sözlərinə görə, ADP-nin qurultayı 2013-cü ildə keçirilə bilər. O, bildirib ki, qurultayda Sərdar Cəlaloğlunun sədrlikdən uzaqlaşdırılması istisna deyil. “Həmin vaxta qədər partiyanın həyatında xüsusi bir hadisə baş verməsə və partiya hansısa uğura imza atmasa mümkündür ki, qurultayda ADP sədrinin vəzifəsindən uzaqlaşdırılması məsələsinə baxılsın və partiyaya yeni sədr seçilsin”.
ADP sədri Sərdar Cəlaloğlu “Azadlıq”a açıqlamasında bildirib ki, bu məsələdə hər hansı problem görmür: “Ola bilər ki, partiyanın növbəti və ya fövqəladə qurultayında sədrlikdən uzaqlaşdırılım. Burada hər hansı problem yoxdur. Mən partiyanın əbədi sədri deyiləm ki”.