Ekspertlər Yaşar Əliyevin Səhlab Bağırovla əvəzlənməsi barədə müxtəlif versiyalar irəli sürür
Xəbər verildiyi kimi Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini Yaşar Əliyev Daxili Işlər Nazirliyinin (DIN) Baş Mühafizə Idarəsinin rəisi vəzifəsinə təyin edilib. Yaşar Əliyevin yerinə isə Çevik Polis Alayının rəisi Səhlab Bağırov gətirilib.
Ramil Usubovun bu qəfil əmri müxtəlif mülahizələrə yol açıb. Ekspertlər hesab edir ki, Yaşar Əliyevin BŞBPI-dən uzaqlaşdırılması bir neçə səbəblə bağlı ola bilər: “Yaşar Əliyev Bakı polisinin sabiq rəisi Məhərrəm Əliyevin kadrı kimi tanınırdı. Yaşar Əliyevə general rütbəsi də Məhərrəm Əliyevin təqdimatı ilə verilmişdi. Əslində Məhərrəm Əliyevin istefasından sonra onun yerinə Yaşar Əliyev təyin olunmalıydı. Lakin Ramil Usubov buna imkan vermədi. Daxili işlər naziri özünə yaxın şəxslərdən birini bu posta təyin etdirməyə çalışırdı. Lakin məqsədinə çata bilmədi.
Rafiq Abbasov rəis təyin edildikdən sonra isə Yaşar Əliyevlə aralarında müəyyən problemlər yarandı. Rəis müavini Bakını rəisdən daha yaxşı tanıdığına görə bəzi məsələlərdə Rafiq Abbasovun əleyhinə çıxmağa məcbur oldu. Ola bilər ki, Ramil Usubov bundan yararlanaraq Yaşar Əliyevi DIN-ə öz nəzarəti altına gətirib, yaxın adamı Səhlab Bağırovu isə Rafiq Abbasovun yanına göndərib. Bununla da nazir BŞBPI-dəki mövqelərini bir qədər də möhkəmləndirib. Həmçinin mümkündür ki, bir müddətdən sonra Rafiq Abbasov yola salınsın, onun yerinə isə Səhlab Bağırov gətirilsin”.
Ekspertlərin sözlərinə görə, səbəblərdən digəri isə Yaşar Əliyevin artıq “mitinq generalı” olmaqdan bezməsi ola bilər: “Yaşar Əliyev yalnız mitinqlərdə yada düşür. Hamı onu ”mitinq generalı” kimi tanıyır. Mitinqləri dağıtmaqla Yaşar Əliyev dəfələrlə mətbuatın hədəfinə gəlib. Hətta 2003-cü ildə jurnalistlərə qarşı kobudluğuna görə 5 qəzet tərəfindən məhkəməyə verilmişdi. O zaman Yaşar Əliyev jurnalistlərdən üzr istəmək məcburiyyətində qalmışdı. Bundan başqa hər dəfə mitinqlər zorakılıqla dağıdılanda məhz Yaşar Əliyevin adı hallanır. Bu isə onun adının beynəlxalq hesabatlara düşməsini şərtləndirən amildir. Bir polis generalı kimi əlbəttə Yaşar Əliyev adının beynəlxalq hesabatlara düşməsini istəməz. Ola bilər ki, heç bir iddiası olmayan Yaşar Əliyev nəhayət, “mitinq generalı” kimi fəaliyyətindən bezib və kölgəyə çəkilmək qərarına gəlib. Sadəcə onu indiki vəziyyətdə işdən çıxararaq mətbuata mövzu vermək istəməyiblər və sabiq rəis müavinini o qədər də ictimai diqqətin olmadığı bir vəzifəyə təyin ediblər”.
Analitik informasiya şöbəsi