Bin Ladeni müavini satıb?

«Əl-Qaidə» liderinin yaxın adamı Əl Zəvahiri tərəfindən ələ verildiyi barədə xəbərlər yayıldı

ABŞ prezidenti Barak Obama qərara gəlib ki, bin Ladenin meyitinin şəkli mətbuatda yayılmasın. Ağ evin sözçüsü prezident Obamanın bu qərarını zorakılığı və qəddarlığı təbliğ etmək istəməməsilə əlaqələndirib. Barak Obama özü isə bildirib: “Əlbəttə, elə adamlar tapılacaq ki, bin Ladenin ölmədiyini iddia edəcəklər. Amma fakt faktlığında qalır. Biz də bilirik, ”Əl-Qaidə” də bilir ki, bin Laden artıq yoxdur, məhv edilib və o, bir daha heç yerdə peyda olmayacaq”.
Xatırladaq ki, ABŞ-da aparılan DNK testləri də cəsədin 100 faizlik dəqiqliklə bin Ladenə məxsus olduğunu təsdiqləyib. Bu arada, “Reuters” agentliyi bin Ladenin öldürüldüyü evdə çəkilən qanlı fotoları yayımlayıb. Hərçənd, evin içərisindən və çölündən çəkilən fotolarda bin Ladenin cəsədi görünmür.
Bundan başqa, Səudiyyə Ərəbistanında yayımlanan “Əl-Vətən” qəzeti bin Ladenlə “Əl-Qaidə” terror şəbəkəsinin ikinci adamı sayılan Əl Zəvahiri arasındakı konflikti qabardaraq maraqlı məlumat yayıb. Qəzet ABŞ xüsusi xidmət orqanları tərəfindən izlənilən və bin Ladenin yaşadığı evin aşkarlanmasında “yardımçı” olan kuryerin əslində, Əl Zəvahiri üçün işlədiyini yazıb.
Quantanamo həbsxanasında aparılan istintaq nəticəsində kimliyi üzə çıxarılan kuryerin küveytli deyil, pakistanlı olduğunu yazan qəzet onu da qeyd edib ki, o, özünü izlənildiyini bilmirmiş kimi aparırdı.
“Bin Laden və Əl Zəvahiri arasında konflikt 2004-cü ildən başlayıb. Həmin vaxt bin Ladenin ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olduqdan sonra ”Əl-Qaidə” liderləri arasında təşkilatda nüfuz uğrunda mübarizə daha da gərginləşmişdi”, – deyə qəzet yazır.
Bu arada, Yəməndə “Əl-Qaidə”nin “orta səviyyəli” iki liderinin öldürülməsi haqda məlumat yayılıb. Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Musa və Abdulla Mübarək adlı qardaşlar “Əl-Qaidə” terror şəbəkəsinin fəal olduğu Şabva vilayətində zərərsizləşdirilib.
Şabva sakinləri “Əl-Qaidə”çilərin məhvi zamanı bir insansız hava layneri gördüklərini, daha sonra isə raket qurğularından çıxan alovun göründüyünü bildiriblər.

İnformasiya şöbəsi