Sumqayıtdakı müəmmalı ölüm haqda yeni xəbər

20 yaşlı şəxsi uşaq sanan müstəntiq Adilovlar ailəsindən yeni dəlillər tələb edir

Rəsmi məlumatlarda Sumqayıt şəhərindəki 13-cü mikrorayonda 9 mərtəbəli binadan özünü atıb intihar etdiyi bildirilən Seymur Adilovun ölümü ilə bağlı yeni məlumatlar əldə etmişik. Onu da vurğulayaq ki, ailəsi S.Adilovun intiharını bütün hallarda rədd edir. Valideynlər deyirlər ki, övladlarını öldürüblər. Fikirlərini belə izah edirlər ki, Seymur 9 mərtəbəli binanın damından özünü atsaydı parça-parça olmalı idi: “Morqda olan dostları Seymurun bədənində olan izlərin 9-cu mərtəbədən atılan adamda ola biləcək xəsarətlərlə uyuşmadığını deyirlər. Intihar məsələsi yalandır. Seymur müəllim işləyirdi. Oğlumuzu tanıyanlar bilir ki, o, həmişə sülh tərəfdarı olub. Dostları arasında söz-söhbət olanda onları Seymur barışdırırdı. Nə problemi olsaydı belə təkbaşına həll edirdi”.
Bəs, Seymur Adilov nədən ölüb və yaxud niyə öldürülüb?

Var-yox söyüşü, yoxsa…

Işin arxasında maraqlı məqamlar dayanır. Belə ki, Seymurun ölüm xəbəri fevralın 20-də saat 19 radələrində ailə üzvlərinə məlum olub. Həmin gün saat 16-17 arasında evdə olub. Kimlərləsə telefonla danışaraq “qaqaş, narahat olma, evdən çıxıram” deyib. Və elə həmin gün…
Sən demə, Adilovlar ailəsinə iki gün öncə – fevralın 18-də Oqtay Ağayev adlı qohumları gəlir (Oqtay Ağayev Seymurun anası Səkinə Adilovanın əmisi qızının yoldaşıdır – R.D). Gecəni onlarda qalan Oqtay Seymurdan Moskvada yaşayan xalası oğlu Sərxan Əhmədovla telefon əlaqəsi yaratmasını xahiş edib.
Kiçik bir haşiyə: Bu ilin yanvarında Moskvaya gedən Oqtay Sərxanın dayısı Süleymanın qonağı olub. Sərxanla bir evdə yaşayan Süleymanın evində yeyib-içiblər. Məclisin şux yerində Oqtay Sərxanın yanında olan xanıma sataşıb. Bundan qeyzlənən Sərxan da onu vurub. Bunu həzm etməyən Oqtay tezliklə Sərxanı cəzalandıracağını deyib.
Çox təkiddən sonra Oqtay Seymurun Sərxanla danışmasına nail olub. Məqsədi Sərxanın onun haqda nə düşünməsini öyrənmək olub. Seymur əlaqə yaradanda Oqtayın danışığı aydın eşitməsi üçün telefonu dinamikə (səs gücləndiriciyə) qoşub. Sərxan da danışıq zamanı Oqtaya “var-yox” söyüşü söyüb (Sərxan Seymurun telefonu dinamikə qoşmasından və söhbəti Oqtayın da dinləməsindən xəbərsiz olub. O, Oqtayın yanında olub-olmadığını Seymurdan dəfələrlə soruşub). Üstəlik, Süleyman dayısını söyüb. Ki, Oqtay ona görə Moskvaya gəlib və nəticədə belə bir hadisə yaşanıb. Seymur isə öz növbəsində Süleymanı yox, başqa bir dayısını – Məsləhət Əliyevi söyüb. Bu söyüşləri Oqtay telefonunun diktafonuna köçürüb. Səhəri, yəni fevralın 19-da Bakıda metronun “20 Yanvar” stansiyası yaxınlığında Oqtayla Məsləhət görüşüb. Və Oqtay Seymurun Məsləhəti söyməsini ona dinlətdirib. Bu zaman onların yanında Seymurun xalası oğlu Müzəffər Adilov da olub. Elə Müzəffərin yanında Məsləhət deyib ki, Seymurun ömrünə az qalıb. Oqtay da bildirib ki, Sərxanın da sonu çatıb. Məsləhət məsləhət görüb ki, Sərxan bir az yaşasın. Seymurdan sonra onun işinə baxarlar. Müzəffər söhbətə qarışmaq istəsə də ona “hələ sənin danışmağa da haqqın çatır” deyib susdurublar. Qeyd edək ki, Müzəffər qorxusundan bunları bir müddət gizlətsə də, ancaq istintaqa deyib. Oqtay və Məsləhət ona təzyiqlər etsə də, fikrindən dönməyib. Sonra bu danışıq Süleymana göndərilib. Süleyman da Sərxandan bu söz-söhbətin səbəbini soruşub. Heç bir söz deməyən Sərxan Seymurla əlaqə saxlayıb və niyə onun danışdıqlarını diktafona yazdığını anlatmasını istəyib. Bunlardan xəbərsiz olan Seymur Oqtayla əlaqə saxlayıb və məsələni öyrənib. Beləliklə, fevralın 20-də məsələni həm dərindən öyrənmək, həm də bu işə nöqtə qoymaq üçün görüş təyin ediblər.
Qeyd edək ki, həm Müzəffər, həm də Sərxan yazılanları olduğu kimi “Azadlıq”a təsdiqləyiblər.

Müstəntiq 20 yaşlı adamı uşaq sanır

Seymurun ailəsi deyir ki, Oqtayla uzaq qohum olsalar da bir ailə kimi olublar. Tez-tez onlara gəlirmiş: “Hər dəfə bizdə olanda Seymurun tez-tez 13-cü mikrorayona getdiyini deyirdi. Biz də söyləyirdik ki, sevdiyi qız həmin ərazidə yaşayırdı. Hətta bir dəfə Seymuru indi intihar etdiyi kimi qələmə verilən binanın qarşısında görüb. Ancaq bilməyib ki, Seymurun sevdiyi qız həmin binadan uzaqda yaşayır. Sadəcə Seymur həmin binanın qarşısından taksiyə minir”.
Ailəsi bildirir ki, məhz buna görə Seymur öldürüləndən sonra meyit həmin binanın qarşısına atılıb: “Əgər bilsəydilər, onu sevdiyi qızın yaşadığı binanın qarşısına atardılar”.
Seymurun anası Səkinə xala deyir ki, o, oğlunun ölüm xəbərini 19-da eşidib: “Axşam saat 12-də Oqtaya zəng edib Seymurun ölüm xəbərini dedim. Xahiş etdim ki, bizə gəlsin, bu işlə bağlı araşdırma aparsın. Çünki o, vaxtilə ”Banditizm”də işləyib və əlaqələri kəsilməyib. Sən demə, Oqtay axşam saat 7-8 radələrində bacıma zəng edib Seymurun ölüm xəbərini deyib. Ancaq istintaqa ifadəsində deyib ki, oğlumun ölüm xəbərini guya məndən eşidib”.
Səkinə xala bildirir ki, həm Oqtay, həm də Məsləhət istintaqa yalan ifadə veriblər: “Məsləhət deyir ki, Oqtayın telefonunda qulaq asdığı səs xırıltılı olub, heç nə eşitməyib, Oqtay isə bildirib ki, ümumiyyətlə, belə səsyazma yoxdur. Sadəcə, Məsləhətə guya ”prikolnı” bir video göstərib. Müzəffər bütün bu danışıqların şahididir. O, ifadə verib.
Müstəntiq Emin Mirzəyev isə deyir ki, o, uşaqdır, dediyi əsas sayılmır. Necə uşaqdır? O, hərbi xidmətdə olub. Ailəlidir, 20 yaşı var. Belə uşaq olar?”.

Zənglər nə deyir?

Müsahibim bildirir ki, müstəntiq və Sumqayıt prokurorluğu işi açmaqda maraqlı deyil: “Onlar işləməkdən biz işləyirik. Elə bil müstəntiq bizik, zərərçəkmiş onlar. Biz icra başçısı Eldar Əzizovun da qəbulunda olduq. O da tapşırıq verdi ki, bu işlə ciddi məşğul olsunlar. Ancaq ortalıqda heç nə yoxdur. Hadisənin üstündən iki aydan artıq vaxt ötüb. Niyə heç nə etmirlər?”.
“Seymurun yasında Məsləhət iştirak etməyib. Deyib ki, bacısı oğlu onu söyüb, orada ola bilməz. Ancaq istintaqa deyib ki, səsi xırıltılı gəlirdi, heç nə eşitməmişəm. Əgər heç nə eşitməmisənsə, niyə camaata car çəkmisən ki, Seymur səni söyüb?” – deyir Səkinə xala.
Istintaq Seymurun ölümündən əvvəlki günlər danışığını “Bakcell” mobil operatorundan əldə edib. Orada Oqtaya edilən zəng əksini tapmayıb. Ancaq Səkinə xala Seymurun ölümündən bir gün öncə oğlunun yığılan zənglər bölümündə Oqtayın adını görüb: “Nədən Oqtayın adı indi siyahıdan çıxıb? Niyə istintaq Müzəffərə olan hədə-qorxulara maraq göstərmir? Axı Müzəffərə həm Oqtay, həm də Məsləhət təzyiqlər edir. Bu işi araşdırsınlar da. Sərxan Rusiyadan üç günlük gəlib istintaqa izahat verdi. Hər şey göz önündədir. Camaat oğlunu yaxşı yerdə işə düzəltməsi, biz isə oğlumuzun qatilinin tapılması üçün qurban boyun almışıq”.

***

Həm Müzəffərlə, həm də Sərxanla əlaqə yaradıb hadisənin təfərrüatlarını öyrəndik. Ancaq nə Məsləhət Əliyevlə, nə də Oqtay Ağayevlə əlaqə yaratmaq cəhdlərimiz səmərə verdi. Onları da danışdırmağa çalışacağıq.

Ramin DEKO