“Biz bu yola kəfənimizi geyinərək çıxdıq”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan avtomobil karvanına ötən gün edilən silahlı hücuma münasibətini açıqlayıb.
İzdiham qarşısında çıxış edən Rəcəb Tayyib Ərdoğan bunu seçkidə məğlubiyyətinə əmin olan şəxslərin həyata keçirdiklərini bildirib. “Bu namərd əllər, demokratik mücadiləyə inanmayan bu qara niyyətli insanlar, onları necə adlandırırsınız adlandırın, bu terrorçular, məsələni seçkidə həll edə bilməyəcəklərini anlayanlar ancaq belə uğur qazanacaqlarına inanırlar. Bunu xüsusilə bilmələrini istəyirik ki, biz bu yola, mərhum Menderesin də dediyi kimi, kəfənimizi geyinərək çıxdıq. Allahın bizlər üçün yazdığı ömrü kimsənin qısaltmağa və uzatmağa gücü çatmaz. Xalqa xidmətin haqqa xidmət olduğuna inanaraq biz bu yola çıxdıq. Və 780 min kilometrlik əraziyə malik bu vətən torpaqlarını biz kimsəyə böldürməyəcəyik”- deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Silahlı hücumla bağlı münasibətini bildirən Türkiyə prezidenti Abdulla Gül isə cinayətkarların yaxalanaraq məsuliyyətə cəlb olunacaqlarını deyib: “Bu, çox ciddi hadisədir. Hamı bunu bilməlidir ki, Türkiyə heç zaman terrora boyun əyməyəcək. Və terrorla əlaqəsi olanları heç zaman bağışlanmayacaq və onlarla sonuna qədər mübarizə aparılacaq. Bunu həm təhlükəsizliyə cavabdeh olanlar həm də xalqımız bilir. Ümid edirəm ki, bu terror əməlində iştirak edənlər yaxalanaraq məsuliyyətə cəlb ediləcək”



