kiv-df

Qəhrəmanlıq mübarizəsinin ocağı – Bəzz qalası

Böyük savaşın beyin mərkəzi

Azərbaycan türkləri arasında qəhrəmanlıq simvoluna çevrilən Bəzz qalası… Yüz illərdir bu şahid qala uzaq mübarizə tariximizdən heyrətamiz hekayətlər danışır. Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Orta əsr mənbələrində Bəzz adı ilə iki ölkə, vilayət, şəhər (qala), dağ nəzərdə tutulmuşdur. 1967-ci ildə aparılmış arxeoloji kəşfiyyat zamanı Bəzzin yeri dəqiq müəyyən olunmuşdur. Hər il minlərlə cənublu soydaşımızın yürüş etdiyi bu qala Şərqi Azərbaycan ostanının Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşir. Strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdədir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir.

Babək Xürrəminin ad günü kimi qəbul edilən bu tarix adətən Kəleybər şəhərinin yaxınlığındakı Bəzz (Bəzzeyn – Cümhür qalası), yaxud Babək qalasında qeyd edilir. Lakin son illər ərzində Iran hökumətinin məntəqədə hərbi manevrlər keçirməsinə görə qalanın ətrafında toplaşmağa imkan tapa bilməyən əhali bu mərasimi şəhər mərkəzlərində qeyd edir. 

Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: “Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb”. Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldəgəzlər dövlətlərinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.

Tarixi qaynaqlarda bu dövrlə bağlı çox maraqlı faktlara rast gəlmək mümkündür. Ərdəbil mahalında baş vermiş 809-cu ildəki üsyana Cavidan başçılıq edirdi. Cavidan qüvvələrini dağların qoynunda yerləşən Bəzz qalasında toplamışdı. O zamanın tarixçiləri Babəkin yaşadığı yerin Bəzz dağı olduğunu qeyd etmişlər. Bəziləri bu sözü ikilik bildirən “eyn” şəkilçisi ilə Bəzzeyn şəklində də yazmışlar. Buradan aydın olur ki, bu adla bir-birinə yaxın iki yaşayış məntəqəsi varmış. Ola bilər ki, Bəzz, Bəzzeyn dağlığı Muğan düzənliyinin (indiki Muğanın) cənubunda olan həmin dağlıq nahiyə imiş (S.Nəfisi – Babək, səh.27).Ibn-Xordadbeh “Kitab-əl-məmalik və I-Məsalik” adlı əsərində Ərdəbil ilə Babəkin qərargahı olan Bəzz şəhəri arasındakı yaşayış məntəqələrinin məsafəsini belə göstərmişdir: “Ərdəbildən Xoşa səkkiz ağac, oradan da Bərzəndə altı ağacdır (deməli, Ərdəbildən Bərzəndə on dörd ağac imiş. Ibn-havqəl, ”Surət-əl-ərz” adlı əsərində deyir: “Ərran (Arran) ərazisinin sərhəddi Araz çayının aşağı tərəflərindən başlayır ki, onun kənarında Vərsan şəhəri yerləşmişdir”. Cüzzeyn Bəzzin bir hissəsidir. Kənarları təxinən 400-600 m sərt uçurumla əhatələnmiş Cüzanqala – Cüzzeyn düşmənin hərəkətini ümidsiz edirdi. Digər bir müdafiə qala yeri 

Alar kəndinin cənubunda eynilə sərt qayalarla əhatələnmiş “Qız qalası” kimi tanınan qala yeridir.Ordubaddakı Babək qalası

Babəkin adı ilə bağlı qalalar Azərbaycanın başqa ərazilərində də var. Ölkənin müxtəlif bölgələrində bu xalq qəhrəmanının adını daşıyan abidələrə rast gəlmək mümkündür. Amma Babəkin fəaliyyəti ilə bağlı cərəyan edən hadisələrdə Naxçıvanın adı da tez-tez keçir. Buna görə belə unikal abidələrdən birinin Ordubad rayonunda yerləşməsi də təsadüfi deyil. Orta əsrlərə aid abidə Biləv kəndi yaxınlığında, Gilançayın sağ sahilindədir. Yaxınlığında orta əsrlərə aid iki aşırımlı körpü var. Əlincəqalaya gedən yolun üstündə yerləşən Babək qalası da strateji baxımdan əlverişli mövqedə, uca zirvədə tikilmişdir. Fərdi memarlıq xüsusiyyətləri olan qala yonulmuş daşdan tikilmişdir. Qala daxilində dairəvi və dördkünc bina qalıqları var. Müxtəlif həcmli qaya parçalarından ucaldılmış binalar bir-birinə bitişik tikilmişdir. Evlərin içərisində divara bitişik ocaq qurğusu mövcuddur. Yaşayış evləri sahəsindən e.ə.2-ci minilliyə aid dən daşları, obsidian(dəvəgözü)lövhələri, orta əsrlərə aid boz, qırmızı, qəhvəyi rəngli keramika, tək-tək şirli qab qırıqları tapılmışdır. Babək qalası təbii strateji mövqeyinə, memarlıq və tikinti xüsusiyyətlərinə, arxeoloji materiallarına görə Şərur rayonu ərazisində Qalacıq, Qız qalası, Böyükqala, Kiçikqala, Gilançay vadisindəki və s. orta əsr istehkam abidələri ilə yaxın analogiya təşkil edir. Bu qala Cənubi Azərbaycan-Xudafərin-Gilan-Naxçıvan-Sünik-Qarabağ karvan yolu üzərində mühüm nəzarət məntəqəsi sayılmışdır. Qədim Azərbaycan ərazisindəki bütün Babək qalalarının xalq qəhrəmanının adı ilə bağlı olduğunu nəzərə alsaq, şübhəsiz, bu məntəqə ilə Bəzz arasında əlaqə olduğunu da söyləyə bilərik.

Babəkin və qəhrəmanlıq qalasının adı ilə…

“Bəzz qalası xilafətə qarşı böyük savaşın beyin mərkəzi olub. Indi bu qala ikinci dəfə yenidən tariximizə dönmüş olur. Güney Azərbaycanda Azərbaycan düşüncəsi ilə yaşayan insanlarımızın hətta həbslərə və təqiblərə baxmayaraq, öz istəklərini bildirmək üçün məhz Bəzz qalasına yürüş etməsi və onu anması Bəzz qalasının yenidən tariximizə dönməsi deməkdir… Nə zamansa, bizim hansı nəsilsə, o qalanın hətta daşlarını saxlayıb, onlar qarşısında səcdə edəcəklər. O daşları öpəcəklər. Nə üçün? Ona görə ki, xalqımızın tarixində olum-ölüm probleminin həlli zamanı Bəzz qalası böyük mərkəzlərdən biri olmuşdur”. (Süleyman Əliyarlı, tarixçi professor).

Xalqın qurtuluş hərəkatında, xalqın olum-ölüm problemi qarşısında durduğu zamanlarda müəyyən tarixi faktların, amillərin böyük bir tarixi-mənəvi rəmzə, bütöv bir milləti təmsil edə biləcək bir rəmzə çevrilməsi tamamilə qanunauyğun hadisədir. Indiki Güney Azərbaycan insanının Bəzz qalasına müraciət etməsi, o deməkdir ki, Bəzz qalası artıq bizim bütün xalqımız üçün böyük bir tarixi rəmzə çevrilmişdir və Bəzz qalası bunun nəticəsində doğrudan da yenidən tarixə dönmüşdür. Təsadüfi deyil ki, miladi təqvimi ilə 837-ci ildə Bəzz qalası çökdükdən sonra artıq Babəki ölümə aparırdılar. Və böyük türk sərgərdəsi, xilafət ordularının baş komandanı Heydər ibn Kavus Afşin Babəkə söyləyir: “Sən indi ölümə gedirsən! Son istəyin nədirsə, söylə. Mən onu yerinə yetirəcəyəm”. Heç bir şey istəməyən Babəkin cavabı belə olur: “Mən öz şəhərimi görmək istərdim”. 837-ci ilin avqust ayı idi, aylı bir gecədə Babəki gətirdilər Bəzz qalasına və dağıdılmış binaların önündə cəsədləri qalanmış savaş yoldaşlarını ziyarət etdikdən və Bəzz qalası ilə vidalaşdıqdan sonra Babək söyləyir: “Indi aparın məni!”.

Xürrəmilər hərəkatı və onun lideri Babəklə adı ayrılmaz olan Bəzz qalası Azərbaycan tarixinin parlaq səhifələridir. “Nə qədər Azərbaycan anlayışı varsa, coğrafi mənada yox, etno-siyasi mənada, milli-siyasi mənada, dövlətçilik mənasında, nə qədər dünyada Azərbaycan türkü adlanan bir xalq varsa,  Babəkin və Bəzz qalasının adı Azərbaycan insanının yaddaşında olacaq və onlara mənəvi ruh verəcəkdir” (Süleyman Əliyarlı).

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir