Pulunuzu demokratiyaya yatırın!

Ilham Əliyevin Azərbaycanı ilə Saakaşvilinin Gürcüstanını müqayisə eləməyi çox sevirəm. Bunun iki əsas səbəbi var.BIR: Saakaşvili və Gürcüstan mövzusu Ilham Əliyev və onun böyür-başını çox qıcıqlandırır, əsəbiləşdirir. Onlar bunu nə qədər büruzə verməməyə çalışsalar da, qulaqlarının dibində bir demokrat ölkənin və liderin varlığını özlərinə ən böyük təhlükə sayırlar. 

IKI: Müasir Gürcüstan guya inqilab yolu ilə nəyəsə nail olmağın mümkünsüzlüyünə dair bizim bəzi ağlı topuğunda “politoloqlar”ın, cib müxalifətçilərinin arqumentlərini alt-üst edir.

Bəs bu gün Azərbaycanla Gürcüstanı müqayisə etmək ehtiyacı haradan yarandı? Çox sadə səbəbdən: bir neçə gün əvvəl Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobaliya Azərbaycan iş adamlarına Gürcüstanın turizm sahələrinə sərmayə qoymağı təklif etmişdi. Gürcüstan hökuməti bizim sərmayəçilərə güzəştlər vəd edib. Sərmayə qoyan Azərbaycan şirkətlərinə pulsuz torpaq, layihələr və bütün kommunikasiya xətlərinin Gürcüstan tərəfinin hesabına qurulacağı bildirilib. Bundan başqa, sərmayə qoyanlar 15 il gəlir və əmlak vergisindən azad olacaq.

Buyurun: “turizm ili”ni Ilham Əliyev elan edir, amma iş adamlarımıza turizmə maya qoymaq üçün ən fantastik güzəştlər, ən cəzbedici təkliflər Saakaşvilidən gəlir. Gürcüstanda “turizm ili” deyil, ancaq baxın həmin ölkə turizmin inkişafı, bundan dövlətin cibinin dolması üçün necə ağıllı addımlar atır.Mən inanıram ki, Gürcüstanın bu çağırışı cavabsız qalmayacaq, necə ki, artıq azərbaycanlılar bayram tətillərində istirahət üçün, əyləncə üçün axın-axın Gürcüstana gedirlər, iş adamlarımız da korrupsiyasız, monopoliyalarsız bir ölkədə turizmə yatırım qoymaq üçün dəstə-dəstə qonşu ölkəyə üz tutacaqlar. Şəxsən bu, mənim çox ürəyimcədir. Çünki bu gün Gürcüstana sərmayə yatırmaq təkcə biznes üçün əlverişli deyil. Bu, həm də demokratiyaya sərmayə qoymaqdır. Demokratik Gürcüstanın çiçəklənməsinə maya qoymaqdır. Demokratik Gürcüstan nə qədər çiçəklənərsə, biz bunun özümüz üçün – despotizmin caynağında inləyən, korrupsiyanın, 
inhisarçılığın tapdağına çevrilən Azərbaycan üçün faydasını da bir o qədər tez görəcəyik. 

Əminəm ki, sahibkarlarımız düşünmədən Gürcüstanın səsinə səs verəcək, qonşu ölkəyə tələsəcəklər. Bu, həm də onları illərdir əzən, normal biznes fəaliyyəti ilə məşğul olmalarını əngəlləyən, sadəcə, bir qrup adamın varlanmasına yaşıl işıq yandırıb yerdə qalan hər kəsi öz nökəri, naibi kimi görən Əliyevçi rejimi əla bir protest aksiyası olardı.

Iş adamlarımızın siyasi proseslərdən uzaq durmasından çox şikayətlənirik. Bəzən onlara əsəbiləşirik ki, hüququn, ədalətin, rəqabətin, şəffaflığın olmadığı ölkədə bizneslə məşğul olmağın necə böyük təhlükələr vəd etdiyinin fərqinə varmırlar, bir gün özlərinin də bu azğın rejimin tırtılları altında qalıb əziləcəklərini hesablamırlar, susurlar. Amma eyni zamanda onları da başa düşürük: onlar da bu qədər korrupsiyalaşmış, rüşvət iliklərinə qədər işləmiş sistemdən məmnun deyillər, sadəcə, kiçicik bir etiraz səsi çıxarmaları kifayətdir ki, sərvətləri son qəpiyinədək əllərindən alınsın, dilənçi kökünə salınsınlar.

Indi isə onların əlində fürsət var ki, bir despot hakimiyyətinin onlardan daha çox faydalanmasına  razılaşmasınlar. Indi onların əlində fürsət var ki, bir despot hakimiyyətini bundan artıq bəsləməsinlər, yemləməsinlər. Barı bundan sonra demokratiyaya xidmət etsinlər. Hüquqa, ədalətə, azadlıqlara maya qoysunlar.Bu fürsətin adı – Gürcüstandır. Əsla qaçırmasınlar. Beləcə, canları da rahat olsun, vicdanları da.