Polis jurnalistlərə qarşı cinayəti araşdırmır

Seymur Həzi və Ramin Dekonun oğurlanaraq döyülməsilə bağlı cinayət işi açılmayıb

“Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin oğurlanmasından 40 gün keçməsinə baxmayaraq, hələ də cinayətin üstü açılmayıb. “Martın 25-də naməlum şəxslər tərəfindən oğurlanmağım və döyülməyimin nəinki üstü açılmayıb, bu məsələ ilə bağlı cinayət işi belə qaldırılmayıb”, deyə Seymur Həzi “Turan”a bildirib.
Bununla belə, bu yaxınlarda məsələ ilə bağlı Abşeron rayon polis rəisi ilə görüşdüyünü deyən S.Həzi rəisin bu işin daxili işlər nazirinin nəzarətində olduğunu xatırlatmaqla kifayətlənib.
Jurnalistə görə, bu cinayətin üstünü açmaq o qədər də çətin deyil, ortada şahidlər var, telefon zəngləri var, istifadə edilən avtomobil var.
“DIN iddia edirdi ki, cinayətin üstü açılacaq. Lakin baş verənlər bunun əksini göstərir”, – deyə S.Həzi bildirib.
“Azadlıq”ın digər əməkdaşı Ramin Dekonun oğurlanması və döyülməsi ilə bağlı işdə də yenilik yoxdur. O, bu il aprelin 3-də oğurlanıb, növbəti gün isə oğurlandığı barədə məlumat verdiyi üçün amansızca döyülüb. Yasamal rayon polisində döyülmə faktı ilə bağlı cinayət işi qaldırılsa da, oğurlanma faktı ilə bağlı iş açılmayıb.