Mübarəkin daxili işlər nazirinə 12 il həbs verildi

Mayın 5-də Misir məhkəməsi sabiq daxili işlər naziri Həbib əl-Ədlini 12 il müddətinə azadlıqdan məhrum edib. Sabiq nazir xidməti vəzifəsindən sui-istifadə edərək “çirkli pulların” yuyulmasında və dövlət vəsaitlərinin talan olunmasında təqsirli bilinib.

Həbib əl-Ədli prezident Hüsnü Mübarəkin istefasından bir neçə gün sonra – fevralın 17-də istefaya göndərilib.

Hüsnü Mübarək fevralın 11-də istefaya gedib. Ölkədə yanvarın sonlarından başlayan xalq hərəkatı sonda onu hakimiyyəti orduya təhvil vermək məcburiyyətində qoyub. Hazırda ölkəni Misir Silahlı Qüvvələrinin Ali Şurası idarə edir (media forum).