«Şəhid olsam – ağlamayın, Vətən sağ olsun…»
“Canım, atam və anam. Məndən sarı darıxmayın. Inşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azı ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Bu, Milli Qəhrəmanımız Mübariz Ibrahimovun ailəsinə yazdığı son məktubdur.
“Torpaq, uğrunda ölən varsa, vətəndir” gerçəyi bir daha burada özünü doğruldur. Mübariz Ibrahimov da vətən üçün canından keçməyi bacardı, xalqın zəfər nəğməsinə döndü, şəhidlik zirvəsinə yüksəldi. Gənclərimizə örnək ola biləcək böyük bir qəhrəmanlıq səlnaməsi yaratdı…2010-cu il iyunun 18-dən 19-a keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrilə gedən qanlı döyüşdə 4 erməni əsgərini məhv edən və elə o sayda da yaralayan Mübariz Ibrahimov həmin döyüşdə qəhrəmancasına həlak oldu.
Mübariz Ibrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz Ibrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
“Fəxr edirəm ki, belə bir oğul anasıyam…”
Azərbaycan Milli Ordusunun giziri Mübariz Ibrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Atası Ağakərim Ibrahimovun dediklərindən: “Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar…”
Şəhidin anası Şamama xanım Mübariz haqqında jurnalistlərə danışıb: “Mən fəxr edirəm ki, belə bir oğul anasıyam. O, yenidən dünyaya gəlsəydi, istəyərdim ki, yenə də döyüşlərə getsin və daha çox ermənini məhv etsin. Bu, onun arzusu idi. Əminəm ki, arzusuna qovuşduğuna görə Mübarizin ruhu rahatdır”.
Şamama xanım, hər gün onun çarpayısında yatmaqla oğlunun qoxusunu sanki içində yaşatmağa, onu hiss etməyə çalışır. Ana bu acını oğlunun şəhid olması qüruru ilə də ovutmağa çalışır. “Onun çox möhkəm iradəsi var idi. Qarşısına qoyduğu məqsədə çatmaq üçün hər şey edərdi. Mübariz hər zaman ermənilərin axırına çıxmağı arzu edirdi. Mübariz 3-cü sinifdən boksa və güləşə gedib. Daim idmanla məşğul olurdu. Uşaqlıqdan döyüş filmlərinə baxırdı. Son zamanlar evdə tez-tez ”Mən sağlam olmalıyam. Heç vaxt xəstə düşə bilmərəm. Çünki bu, mənə öz arzumu yerinə yetirmək üçün lazım olacaq” deyərdi.
Axırıncı dəfə 10 günlük məzuniyyətə gələndə evdəkilərlə sağollaşanda anası onun ardınca su atıb, sağ-salamat qayıtmasını arzulayıb. Mübariz isə anasına – “Suyu kiminsə arxasınca atanda onun qayıtmasını arzulayırlar. Arxamca su atma, ağlama, onsuz da qayıtmayacam…” deyə cavab verib.
Milli Qəhrəmanın atası Ağakərim Ibrahimov oğlu ilə axırıncı söhbətini belə xatırlayır: “Mübariz axırıncı 6 ayda gizli şəkildə məndən halallıq istəyirdi. Mən də hər dəfə onun bu fikirlərini başa düşmürdüm. Axırıncı dəfə yenə məndən halallıq istəyəndə dedim ki, haqqım hallal olsun. Nə istəyin varsa, arzuna çatasan. O isə cavabında ona şəhidlik arzulamağımı istədi. Üstündən bir neçə gün sonra onun şəhid olması xəbərini eşidəndə məndən niyə görə halallıq istəməsini başa düşdüm”.
“Bayraqları bayraq yapan üstündəki qandır…”
Mübariz şəhid olduqdan sonra erməni tərəfi xislətinə uyğun çirkinlik edərək, onun nəşini aylarla geri verməkdən imtina etdi. Bu uzun və üzüntülü müddətdə onun ailəsi qürurunu sındırmasa da, bir nisgil içində igid övladlarının “geri dönməsini” gözlədi. Mərd ata-ana qürur və dözümlə o günün gələcəyinə əminliyini bir an da olsun itirmədi. Nəhayət, hadisədən 5 ay sonra – noyabrda qəhrəman Mübariz namusu kimi yolunda can verdiyi üçrəngli bayrağa sarılı doğma vətəninə “qayıtdı”. Onu minlərlə həmvətəni göz yaşları içində öz əzizləri kimi qarşıladı. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirildi. Mübariz nəhayət ki, canından çox sevdiyi ana torpağına qovuşdu. Onu Fəxri Xiyabanda torpağa tapşırdılar.
Indi Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu Ibrahimovun adı verilib.
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ibrahimovun adını verib. Mübariz Ibrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə “Beşiktaş” gəmiqayırma zavodundan suya endirilib. Milli Qəhrəman Mübariz Ibrahimovun adını daşıyan Türkiyədə suya buraxılmış bu gəmi hazırda dünya sularında üzür.
Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz Ibrahimovun həyat və döyüş yolundan bəhs edən sənədli film çəkilib, Biləsuvar rayonunda, qəhrəmanın doğulduğu Əliabad kəndində şəhidin xatirə muzeyi açılıb…
Mübariz vətəninə, millətinə bağlı bir insandı. O, sevgili Peyğəmbərimizin “Vətəni sevmək imandandır” kəlamına könlünün səsiylə bağlanan bir iman sahibi idi. Onu haqsızlığa, qansızlığa qarşı üsyana, məsum insanların intiqamına səsləyən də bu hiss idi. Ailə üzvlərinin söhbətlərindən bəlli olur ki, o, adi bir insan deyildi. Böyük dəyərləri, prinsipləri olan, zülmə qarşı vuruşmağı özünə insanlıq borcu bilən qəhrəman idi. Mübarizin yolu bir örnək, bir mübarizlik, igidlik məktəbidir. Bu yol insanları adilikdən çıxaran, böyük dəyərləri müqəddəsləşdirən, ölümü öldürən bir yoldur. Bu, həm də müqəddəs kitabımızın buyurduğu ən uca mərtəbəyə aparan yoldur. Xoş belə bir yolda canını fəda edən insanlara!
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir