İmkansız gənclər oxumaqdan da məhrum edilir

Təhsil haqqını qaldırmaq nə vaxtdan gənclərə qayğı sayılır?

Misir Mərdanovun açıqlaması Əli Əhmədovu ifşa etdi

Təhsil naziri Misir Mərdanov növbəti dəfə ali məktəblərdə təhsil haqlarının qaldırılması təklifi ilə çıxış edib. Nazir hətta bununla bağlı Tarif Şurasının qərarına da ehtiyac görmür. Baxmayaraq ki, dövlətin pullu təhsil xidmətləri üzrə ödəniş haqlarını Iqtisadi Inkişaf Nazirliyi yanında Tarif Şurası müəyyənləşdirməlidir. Bu səbəbdən də ekspertlər təhsil nazirinin təhsil haqlarının artılırması ilə bağlı verdiyi bəyanatı qanunsuz sayır.
Misir Mərdanovun son təklifi hökumətin sözü ilə əməlinin üzs-üstə düşmədiyini bir daha sübut edir. Prezidentin gənclərlə görüşdə səsləndirdiyi fikirlərdən sonra nazirin belə bir açıqlaması da bunu deməyə əsas verir. Hakim partiya narazı gəncləri şantaj etməklə məşğuldur. Eyni zamanda YAP icra katibi Əli Əhmədov regionlara səfər edərək gənclərin yaxşı təhsil almasının vacibliyindən danışır. O bildirib ki, gənclərin yüksək təhsili təmin etmək dövlətin ali vəzifəsidir. Lakin orta aylıq maaş 300 manatdan artıq olmayan ölkədə təhsil haqqının artırılması gənclərin təhsili üçün ciddi maneədir. Qeyd edək ki, hazırda dövlət ali təhsil müəssisələrində təhsil alan gənclərin 60%-i ödənişli əsasla oxuyur. O da sirr deyil ki, bəzən təhsil haqqının yüksək olması gənclərin təhsildən uzaqlaşmasına da səbəb olur. Belə olan halda gənclərə hansısa qayğıdan danışmaq olarmı?
Etirazların baş qaldırdığı ərəb ölkələri ilə Azərbaycanı müqayisə edəndə hakimiyyət təmsilçiləri burada vəziyyətin daha yaxşı olduğunu və üsyan ehtimalının olmadığını deyir. Lakin həmin ölkələrdəki iqtisadi durumu və əhalinin yaşayış səviyyəsini ölkəmizlə müqayisə edəndə iqtidarın nə böyük yanlışa yol verdiyini görmək olur.
Xatırladaq ki, Azərbaycanda ali məktəblərdə ən yüksək təqaüd 80 manatdır və tələbələr üçün heç bir imtiyaz yoxdur.
Indi üsyanların baş verdiyi, eyni zamanda etirazların davam etdiyi ölkələrdəki duruma nəzər salaq.
Məsələn, hərəkətləri ilə nəinki xalqının, bütün dünyanın etirazına səbəb olan Liviya diktatoru Qəzzafinin təhsilə və tələbələrə göstərdiyi qayğıya həsəd aparmaq olar. Bu ölkədə nəinki təhsil pulsuzdur, hətta başqa ölkələrin ali məktəblərində oxumaq istəyənlərin təhsil haqqını da dövlət ödəyir. Üstəlik, ölkədən kənarda təhsil alan tələbələrin səhiyyə xərcləri də dövlət öz üzərinə götürüb.
Inqilabların baş verdiyi Misir və Tunisdə də təhsilin pulsuz olması ilə yanaşı tələbələr yüksək təqaüdlə də təmin edilib.
Ümumiyyətlə, bütün neft ölkələrində təhsil pulsuzdur. Tələbələrin orta təqaüdü isə 700 dollardan aşağı deyil.
YAP iqtidarı özünü MDB-nin digər ölkələri, xüsusilə də Ermənistanla müqayisə etməyi sevir. Lakin bu ölkələrdə də tələbələrə və təhsilə qayğı ölkəmizdə olduğundan xeyli yüksəkdir.
Məsələn, Azərbaycandan fərqli olaraq Ermənistanda tələbələrin aldığı təqaüd yaşayış minimumuna bərabərdir. Eyni zamanda düşmən ölkədə təhsil alanlar yataqxana ilə yanaşı ərzaq məhsullarına güzəşt də əldə edir. Hələ onu da yada salaq ki, Azərbaycan ali məktəblərinin diplomları xaricdə tanınmasa da, Ermənistanın ali məktəb diplomu bütün Avropada etibarlıdır. Digər MDB ölkələrində də tələbələrin müəyyən imtiyazları var.
Göründüyü kimi, Azərbaycanda təhsilə diqqət və tələbələrin durumu nə neft ölkələri, nə də MDB dövlətləri ilə müqayisəyə gəlmir.
Əgər yaşayış səviyyəsi Azərbaycandan xeyli yüksək olan ərəb ölkələrində əhali üsyana qalxıbsa, YAP hakimiyyətinin gözü çıxmış qardaşdan nəticə çıxarmasının vaxtı çoxdan çatıb.

Fizzə