Dövlət başçısı Rusiyanın silahlarına güvənmirmiş
Sülhəddin Əkbər: «Azərbaycanın ABŞ-dan hərbi yardım istəməsi Bakının rəsmi və qeyri-rəsmi siyasəti arasında ciddi ziddiyyətlərin olduğunu göstərir»
Azərbaycan hakimiyyəti xarici siyasət vektorunda Rusiya meylli kurs yürütsə də, WikiLeaks saytının yaydığı məlumatlar tam başqa mətləblərin üstünü açıb. Belə ki, dövlət başçısı Ilham Əliyev ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Enn Dersi ilə görüşən zaman Vaşinqtondan hərbi yardım istəyib: “Biz real kömək və fayda görmək istəyirik. ABŞ hökuməti bizim müdafiə xarakterli silahlar barədə xahişlərimizə, xüsusən də Ermənistana təhlükə olmayan Hava Hücumundan Müdafiə Sistemləri ilə bağlı xahişlərimizə müsbət cavab verməlidir. Biz hücuma məruz qalacağımız təqdirdə müdafiə olunmaq istəyirik. Azərbaycan Rusiyadan ala biləcəyi silahlara etibar etmir, çünki onlar ”elektron nəzarətdə” olur. Bizə Iran və ya Rusiyanın nəzarətində olmayan silahlar lazımdır”.
I.Əliyevin yürütdüyü siyasi kurs isə Rusiya meylliliyi ilə seçilir. Hətta bəzi hallarda Azərbaycan Kremlə güvənərək Qərblə açıq qarşıdurmaya belə gedir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin fikrincə, əgər saytın yazdıqları həqiqətə uyğundursa, bu, Azərbaycanın rəsmi və qeyri-rəsmi siyasəti arasında ciddi ziddiyyətlərin olduğunu göstərir. Belə bir siyasətin Azərbaycanın dövlət maraqlarına uyğun olmadığını deyən S.Əkbər vurğuladı ki, rəsmi Bakı ABŞ-ın təhlükəsizlik çətiri altına girməklə bağlı təklifinə də vaxtilə yox deyib: “Hətta yayılan bəzi məlumatlara görə, 2007-ci ildə ABŞ-ın dövlət katibi Kondaliza Raysın dövlət başçısına məktubu olub. Həmin məktubda vurğulanıb ki, ABŞ Azərbaycanın hərbi təhlükəsizliyinə təminat verən sazişi imzalamağa hazırdır. Amma bildiyiniz kimi bu günə qədər belə saziş imzalanmayıb. Əksinə NATO ilə əməkdaşlıqda daha da geriləmələr müşahidə olunub. Bu isə onu göstərir ki, ABŞ-Azərbaycan münasibətlərində kifayət qədər girişli-çıxışlı məqamlar olub”.
Xəyal