Gürcülər İlam Əliyevi kiminlə devirirlər?

 

 

Metyu Brayza Azərbaycandan çıxarılacaqmı?

Heydər Camalın məşhur bəyanatı özünü çox gözlətmədi

Bir neçə gün əvvəl Heydər Camal belə bir bəyanat yaymışdı ki, Gürcüstan və ABŞ Azərbaycanda dövlət çevrilişi hazırlayır. Heydər Camalın mülahizələrinə görə çevriliş bu il mayın 28-də baş verməlidir. “Azadlıq”ın bu bəyanata münasibəti, təqribən belə olmuşdu ki, “Rusiya İslam Komitəsi” adlı təşkilatın rəhbəri olaraq tanınan, Rusiyada yaşayan, Azərbaycana elə-belə gəlib-gedən Heydər Camal Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin dezinformasiyasını ictimaiyyətə təqdim edir. Bu reaksiya da özünü çox gözlətmədi və onu möhkəmləndirən arqument Tbilisidən səsləndi. Gürcüstan Leyboristlər Partiyasının lideri belə bir açıqlama yaydı ki, prezident Mixeil Saakaşvili və ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Azərbaycanda dövlət çevrilişi hazırlayırlar. (Orada təkid edilir ki, İlham Əliyev Metyu Brayzaya etimadsızlıq göstərib onu ölkədən çıxarmalıdır). İlk baxışdan belə görünə bilər ki, Gürcüstanın müxalif Leyboristlər Partiyasının baş katibi Koko Satberavşilinin səsləndirdiyi bu bəyanat cənubi Qafqaz ölkələrindəki ABŞ səfirlərinin bu günlərdə Tbilisidə keçirdiyi görüş Leyboristlərin acığına gəldiyi üçün səsləndirilib (və onlar Heydər Camalla eyni ruhlu bəyanat veriblər).  Amma bu, ilk baxışdan belədir. Hətta nəzərə alsaq ki, Heydər Camalın bəyanatı da həmin görüşdən az əvvəl səslənmişdi, bu məsələnin arxasında ciddi niyyətlər dayanır. Təbii ki, bu niyyətlər Rusiyanın Cənubi Qafqazda sıxışdırılması və ABŞ-ın bu regiondakı planlarına görə Rusiyadan icazə almaq fikrində olmaması qərarı səslənəndən sonra.

Andrey Kokoşkin adlı adam kimdir?

Heydər Camalla məsələ aydındır. O. Azərbaycan və Rusiya hökumətləri ilə çox əla münasibətləri olan adamdır və bu münasibətlərin əlavə olaraq hansı sementlə bərkidildiyi barədə çox mülahizələr irəli sürmək olar. Amma eyni dərəcədə də Gürcüstan Leyboristləri maraqlı faktordur. Bu partiyanın rəhbərlərindən biri Azərbaycanla bağlı bəyanat səsləndirirsə, biz, ən azı həmin partiyanın hansı hava ilə nəfəs aldığını bilməliyik.

***

Gürcüstan Leyboristlər Partiyası Saakaşvili hakimiyyətinə müxalifətdə olan partiyadır. Partiyanın gürcü cəmiyyətdə müəyyən dayaqları, sosial bazası var. Amma bu partiyanın Rusiyada da çox ciddi dayaqları və sosial olmayan bazası var. Gəlin, bir qədər əvvələ qayıdaq.
Saakaşvili hakimiyyətə gələndən və Rusiya ilə Gürcüstan arasında əvvəlcə anlaşılmazlıqlar, sonra soyuq münasibətlər, sonra düşmənçilik başlayandan Leyboristlər Partiyası Rusiya ilə fəal əlaqələrin qurulması ilə fərqlənir.
2004-cü il iyul ayının 29-da Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili Moskvaya protokollaşdırılmış işgüzar səfərə yollanır. Bu səfər çərçivəsində Natelaşvili Rusiyanın ictimai-siyasi cevrələri ilə, siyasi partiyaları ilə yox, əsasən bir nəfərlə görüşür. Bu, Rusiya Dumasının MDB ölkələri ilə münasibətlər üzrə daimi komitəsinin sədri Andrey Kokoşkin idi. Natelaşvilinin başqa görüşləri də nəzərdə tutulmuşdu. Həmin Komitənin başqa üzvləri ilə. Məsələn Komitənin “təhlükəsizlik, müdafiə və müdafiə hüququ” üzrə məsul üzvü Vyaçeslav Morozovla. Şalva Natelaşvili Rusiyada eyni protokol üzrə cəmi 6 ay əvvəl, 2004-cü ilin yanvar ayında da olmuşdu.
Həmin zamanlarda Saakaşvili Gürcüstanın MDB-dən ayrılacağı ilə bağlı ilk bəyanatları vermişdi. Bu, məsələnin bir tərəfidir. Amma məsələnin digər tərəfi də var ki, bu da Andrey Kokoşkinin şəxsi ilə bağlıdır.
Andrey Kokoşkin hərbi-siyasi məsələlər üzrə ekspert sayılır. Əlbəttə, biz onu vurğulamaq istəmirik ki, Rusiya parlamenti MDB ölkələri üzrə komitəyə rəhbər təyin edərkən (ya seçərkən) şəxsin hərbi məsələlər üzrə ekspert olmasını xüsusi olaraq  nəzərə alıb. Amma maraqlıdır ki, həmin bu Kokoşkin 1992-97-ci illərdə RF Müdafiə nazirinin birinci müavini, 1997-ci ilin avqust ayının 28-dən1998-ci ilin mart ayının 3-nə qədər Dövlət Hərb Müfəttişi və RF Müdafiə Şurasının katibi, həmin il (1998) martın 3-dən 10 sentyabra qədər isə Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifələrində işləyib. 1999-cu ilin dekabrında, “təsadüfən” Dumaya düşən Andrey Kokoşkin tamamilə “təsadüfən” MDB məsələləri üzrə Komitəyə rəhbərlik etməyə başlayır.  Bu Komitənin rəhbəri olaraq, o, eyni zamanda “Həmvətənlərlə iş üzrə” də məsul şəxs olaraq müəyyən edilir (Bu kontingentə də Rusiyanın gerçək və potensial agentura şəbəkəsi kimi baxmırıq).

***

Gürcüstan Leyboristlərinin yuxarı, yəni bəyanat istehsal edən hissəsi bu adamla daimi münasibətlərdədir, onun Rusiya ilə əlaqələri bu münasibətlərin üzərində və ətrafında qurulub. Heydər Camalın bəyanatının bu mətbəxdə kseroksdan çıxarılmasında təəccüblü heç nə yoxdur, əksinə, tamamilə təbiidir… Yeri gəlmişkən, Leyboristlərin Liviyadakı proseslərə münasibətini ifadə edən 5 mart 2011-ci il tarixli bəyanat da PF-nin baş naziri Vladimir Putinin bəyanatının kserosurəti təsirini bağışlayır.

İnformasiya şöbəsi.

***

Gürcü partiya sədrindən sensasiyalı bəyanat

“Gürcüstan hökuməti ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ilə birgə Azərbaycanda dövlət çevrilişi etməyi planlaşdırır”. “Qafqazinfo”nun “Qruzia online” saytına istinadən verdiyi məlumatına görə, belə bir bəyanatla Gürcüstanın müxalif Leyboristlər Partiyasının baş katibi Koko Şatberavşili çıxış edib. O, mətbuat konfransında bildirib ki, xarici mətbuatda da “Saakaşvili və onun komandasının Azərbaycanda növbəti rəngli inqilab həyata keçirməsi ilə bağlı planı” geniş işıqlandırılıb. Leyboristlər Gürcüstan hökuməti ilə yanaşı çevrilişdə ölkəmizdə səfir olan Metyu Brayzanın də adını çəkiblər. Onlar bildiriblər ki, Brayza Tbilisiyə sonuncu səfəri zamanı məhz bu məsələni müzakirə edib. Gürcüstan leyboristləri Brayzanı “Qafqazda birinci dəfə deyil ki, partlayış vəziyyəti yaradan və gürcü hakimiyyətinin himayəçisi”, həmçinin “səfir – fırıldaqçı” adlandırıblar. Şatberavşili rəsmi Bakını Brayzanın diplomatik səlahiyyətlərinin dayandırılması üçün tədbir görməyə çağırıb.