Bir gəncin ürəyinə sürgün edilmiş SEVGI

Azadlıq nədir ki, onun uğrunda insanlar ölür? Azadlıq nədir ki, insanlar onun uğrunda gəncliyini, ömrünü fəda edir? Azadlıq nədir ki, insanlar ömrünün ən gözəl günlərini həbslərdə keçirməyə razı olur? Nəhayət, azadlıq nədir ki, insanın ürəyinə hakim oldusa, daha onu oradan çıxarıb atmaq mümkün olmur?Azadlıq sevdalanmaqdır, bir realın bir mücərrədə olan eşqidir, gözəgörünməz bağlarla bağlanan pünhan bir “izdivacdır”, aşiqlikdir. Və bu ikilinin bir-birilə qovuşmasından doğulanlar yenidən dünyaya azadlıq üçün savaş verməyə gəlir.

Azadlıq bir insanın düşüncələrindəki üsyanın qəlbinə savaş hökmünü verə biləcək qüvvədir. Insanlığın bütün naqislikdən, şərdən xilas ola bilməsi üçün onun qarşısında açılmış geniş üfüqlərdəki rəqsdir, ya da həzin bir melodiyadır.

AZADLIQ zamandan, baş verənlərdən, ətrafdakılardan, naqisliklərdən sıyrılıb ancaq MƏNIM, ONUN ürəyində ola bilən, kimsənin əl uzadıb kirlədə bilməyəcəyi bir ucalıqdır!

AZADLIQ istədiklərimizi reallaşdıra, öz güvənini qoruya biləcək, özünü dərk etmənin verdiyi gücdür.

Və nəhayət, AZADLIQ Azərbaycanda illərdir, bəlkə də əsrlərdir insanımızın bilə bilmədiyi, qovuşa bilmədiyi bir əlçatmazlıqdır.Müasir dünyanın bir parçası olmağa iddia edən bir ölkənin vətəndaşının özünü bilməsilə başlayan AZADLIQ sevdasının hələ də həbslərdən keçdiyini görürük. Çünki bu ölkədən AZADLIĞI sürgün edib, insanların ürəyinə köləlik zənciri taxmaq istəyənlərin əməllərinə təhdiddir AZADLIQ!Insan özünü anlaya bildiyi qədər azadlığa qovuşmaq istəyir. Biri üçün azadlıq olan digəri üçün azadlıq olmaya bilər. Amma azadlığın özü birdir və o, bu gün həbs olunanların ürəyində məskunlaşmış, özünü divarlar arasına salınıb həbs olunanların ürəyində saxlaya bilən, məhkumların, dustaqların azad qəlbində özünü rahat hiss edən azadlığın bu ölkədən daha sürgün edilməsi mümkün deyil. Niyə? Çünki o ürəklərdə ki, AZADLIQ var, artıq iki “aşiqin” sevdasına kimsə əngəl ola bilməz, hətta həbsxana divarları belə.

Azadlıqdan məhrum edilmə…

Kim kimi azadlıqdan məhrum edir, kim kimin azadlığına məhdudiyyət qoyur? Ürəyində azadlıq olmayan biri azadlığa sevdalı olanı azadlıqdan məhrum edə bilərmi? Yox, bu, aldatmaca oyunudur. “Azadlıqdan məhrum edirəm” deyib də özünü aldadanın ürəyindəki azadlığın öldürülüb yerini Iblisə təslim etməsidir. AZADLIQ Iblislə izdivacda olanların ürəyində qala bilməz.

Azadlıqdan məhrum edilmiş kimi görünən gənc onun azadlığını – sevgilisini, sevdalısını əlindən alması ilə öyünənlərə rişxənd edir, öz azadlığı – sevgilisilə ruhən birləşərək onlara meydan oxuyur: “Mən AZADAM, onu məndən ala bilməzsiniz!”

Indi bu SEVGINI azad olmaq istəyənin qəlbindən kim çıxarıb ata bilər? Əksinə, dörd divar arasında o iki aşiqin sevdası daha da möhkəmlənəcək, çünki təklik ona sevgilisinin vəfalı, fədakar olduğunu, hətta ən yaxınından, doğmasından belə fədakar olduğunu bir daha sübut edəcək. Meydan oxuyanı azadlıqdan məhrum etdiklərini zənn edə bilərlər. Amma AZADLIQ vəfalı “YAR” kimi onunla birgə sürgünlərə gedəcək, əzablara dözəcək, inad edəcək. Bu “eşq” daha da alovlanacaq və nəhayət, bir gün SEVƏN sevdiyini – AZADLIĞI ondan qoparmaq istəyənləri bu atəşdə yandırıb qovuracaq.Bir də bu birgəlikdən daha böyük bir AZADLIQ doğacaq. Çünki bu ölkədən azadlığı sürgün etmək istəyənlər mahiyyətdə onu GƏNCLIYIN ürəyinə əbədi “sürgünə göndərdiklərinin” fərqində belə deyillər…

Bu gün “azadlıqdan məhrum edənlər olduqlarını” zənn edənlərsə, mahiyyətdə özlərinin “azadlıqdan məhrum olunanlar olduqlarını” bilməyəcəklər.Sizin göz bəbəklərinizdən, üzünüzün ifadəsindən, boynunuzun şuxluğundan, iradənizdən, vicdanınızdan sürgün edilmiş azadlıq O GƏNCIN ürəyində məskunlaşıb və orada AZADDIR!
AZADLIĞA könüllü məhkumluğu seçəni AZADLIQDAN məhrum etmək olmaz!Amma nə yazıq ki, siz heç bunu da anlaya bilməzsiniz!