“10 mayda mitinq keçirə bilərdik”

Pənah Hüseyn: «Korrupsiya indiki hakimiyyətin mövcudluq və idarəçilik formasıdır»

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq millət vəkili Pənah Hüseynlə budəfəki müsahibəmizin məqsədi hazırda müzakirə mövzusu olan “yol xəritəsi”lə bağlı ətraflı məlumat almaq idi. Buna baxmayaraq, söhbət əsnasında ölkədəki siyasi durumla bağlı başqa məqamlara da toxunduq:

– Demokratiyaya keçidin “yol xəritəsi”ni təqdim etmisiniz, nədir bu sənədin tələbi?
– Dəqiqləşdirmək istəyərdim. Çünki bu, mediada Ictimai Palatanın Koordinasiya Şurasının sənədi kimi təqdim olunur. Amma bu, Koordinasiya Şurasının rəsmi sənədi deyil. Sözün düzü, mən təəccübləndim. Çünki həmin tədbirdə mən bir neçə dəfə dedim ki, bu sənəd Koordinasiya Şurasının sifarişilə hazırlanıb. Amma Koordinasiya Şurasının müzakirəsinə təqdim olunan sənəd deyil. Bu, həm Koordinasiya Şurasında müzakirə olunub, həm də məqsədəuyğun saydıq ki, Ictimai Palatanın ümumi müzakirəsinə çıxarılsın. Bu, Ictimai Palatanın ümumi mövqeyinin hazırlanması üçündür. Ola bilsin ki, Ictimai Palatanın yekunda qəbul edəcəyi mövqe fərqlənsin.
Ikinci və daha mühüm cəhət ondan ibarətdir ki, bunu daha çox demokratiyaya keçidin ssenarilərindən biri saymaq lazımdır. Biz bunu eyni zamanda “yol xəritəsi” adlandırırıq. O baxımdan bu, ən yumşaq ssenaridir. Faktiki bu, yuxarıdan aparılan inqilabi tipli ssenaridir. Diqqət edirsinizsə, bütün bu islahatların hazırlanması və həyata keçirilməsi dövründə hakimiyyət strukturlarının, yeni azad və ədalətli seçkilər vasitəsilə formalaşdırılana qədər saxlanması nəzərdə tutulur. Açıq danışmaq lazımdır. Burada əsas məsələ prezidentdir. Ictimai Palata hələ indiyə qədər sənədində Ilham Əliyevin istefası məsələsini gündəmə gətirməyib. Strateji vəzifə rejim dəyişikliyi kimi ifadə olunur. Hamı da bilir ki, bizdə rejimin mahiyyətində və başında prezident Ilham Əliyev durur.
Bu, Azərbaycan üçün hadisələrin yumşaq və dinc dəyişiklik şanslarını saxlamaq, seçim imkanını mümkün qədər cəmiyyətin böyük kəsiminə vermək məqsədi daşıyır.

Bəs aksiyalardakı şüarlar?

Amma bilirsiniz ki, Ictimai Palata daxilində bu proseslərlə bağlı məntiqə uyğun, daha aydın və dəqiq tələblərin qoyulması ənənəsi mövcuddur. O baxımdan da mitinqlərdə istefa şüarının səslənməsi bunun təzahürüdür. Təklif olunan, qeyd etdiymiz mövqe hadisələrin müəyyən şərtlərin saxlanması şəraitində inkişafını nəzərdə tutur. Yəni, tamamilə mümkündür ki, yaxın zamanlarda proseslərin gedişində başqa bir model Ictimai Palatanın gündəminə gəlsin. Ona görə bizim rəqiblərimizin – hakimiyyət orqanlarının öz mövqelərini mümkün qədər tez müəyyənləşdirməsi məqsədəuyğundur. Çünki bu, tək Azərbaycan hadisəsi deyil. Bir dünya hadisəsidir. Artıq bir sıra rejimlər üçün əvvəlki kimi yaşamaq və münasibətlərini qoruyub saxlamaq mümkün olmayacaq. Bu artıq aksioma kimi qəbul olunur. Azərbaycanda da bu olacaq. Məsələn, bu yaxınlarda diqqət etdinizsə, “WikiLeaks”in sonuncu sənədləri dərc olundu. Buradakı məlumatlar  Estoniya, Azərbaycan və Özbəkistan barədə idi. Bu sənədlərdə ABŞ səfirinin Baltikyanı ölkələrin birinin prezidentliyə namizədi, Azərbaycan və Özbəkistan prezidentlərilə danışıqları barədə arayış verilib. Orada açıq şəkildə indiki hakimiyyətlərin inkişafına dair mövqelər bildirilir.

“Azərbaycan hakimiyyəti digər rejimlərin sərgilədiyi addımları atır”

Bir qədər də açıq danışsaq, hamımız bilirik ki, bu proses əslində, böyük bir politoloji oyunun tərkib hissəsidir. Bir tərəfdən bu rejimlərə qarşı daxili narazılıq var. Belə demək mümkünsə, bu nümayişlərin, inqilabların alt yapısı mövcuddur. Bəzisində narazılıq, bəzisində nifrət, bəzisində isə qorxu var. Digər tərəfdən, bu, böyük bir projenin – dünyanın yeni geosiyasi xəritəsinin dizaynı ilə üst-üstə düşəndə çox ciddi vüsət alır. O baxımdan da bunun qarşısının alınması mümkün deyildir.
Amma eynilə Azərbaycan hakimiyyəti bütün dünyanın gözü qarşısında digər rejimlərin sərgilədiyi addımları ortaya qoyur. Mübarək də vaxtilə deyirdi ki, meydana dörd min adam toplanıb, onlar kimdir ki? Daha sonra Mübarəkin tərəfdarları dəvələrlə meydana çıxdılar, bıçaqla silahlandılar. Mübarəkdən istefa verməsi tələb olunanda o, bundan imtina etdi. Indi isə özünün və yaxınlarının vəziyyəti göz önündədir. Qəzzafi isə etiraz edənləri “siçan” adlandırdı. Dedi ki, “bir neçə siçan orada gəzişir”. Amma indi yaranmış situasiyaya diqqət yetirin. Digər ölkələrdə Bəşər Əsəd və onun tərəfdarlarının yaratdığı quruluş keçmiş sovet idarəçiliyinə bənzəyir. Xüsusilə, Suriya parlamentini bu baxımdan vurğulamaq lazımdır. Orada qarşılanma sovet dövründə baş katibin qarşılanmasını xatırladır.
Indi bizim hakimiyyət Azərbaycan müxalifətini heç bir qüvvəsi, tərəfdarı olmayan kimi təqdim etməyə çalışır. Ciddi addımlar atmaq islahatlar aparmaq, proseslərə təkan vermək, bu qüvvələrlə hansısa şəkildə toqquşmaya deyil, razılaşmaya getmək əvəzinə, digər hakimiyyətlərin addımlarını təkrarlayır.
Bundan başqa, bin Ladenin öldürülməsi xəbəri oldu. Bu da ondan xəbər verir ki, dünyada böyük güclər tərəfindən aparılan proses daha böyük vüsət alacaq. Azərbaycanın bu proseslərdən təsirləndiyi gizli deyil. Heç kim istəmir ki, Azərbaycan Liviya olsun, Suriyadakı hadisələr baş versin. “Yol xəritəsi”nin də mahiyyətində duran və bəziləri üçün qəbulolunmaz görünən təkliflərin məqsədi budur.

“İlham Əliyev Heydər Əliyev dövründən də geri gedib”

– Belə bir təəssürat yaranır ki, siz Ictimai Palata olaraq, hakimiyyəti sanki gələcək xoşagəlməz hadisələrə görə şantaj edirsiniz ki, baş verənlərin məsuliyyəti daha çox onların üzərində olacaq…
– Istəsəniz o cür də ifadə edə bilərsiniz. Amma burada hakimiyyəti şantaj etmək fikri yoxdur. Əvvəla, narazılıq təkcə müxalifətdə deyil, bütün cəmiyyətdə var. Siz də bunu müşahidə edirsiniz. Hadisələrin xaosa getməsindən narahatlıq keçirən qüvvələr var. Biz heç də hər şeyin 1993-ci illər dövrünə qayıtmasının tərəfdarı deyilik. On səkkiz ildə qazanılan, müsbət sayıla bilən məsələlərin daha da inkişaf etdirilməsinin tərəfdarıyıq. Bu fikirlər mənə məxsusdur. Azərbaycanın inkişafına mane olan, ölkəni geri atan, diktator stabilliyinin verə biləcəyi resurslar artıq qurtarıb.
Son illər bütün istiqamətlər üzrə – istər qanunvericilik, istərsə də onun həyata keçirilməsi istiqamətində geriləmə yaşanır. Biz artıq Ilham Əliyev dövrünü Elçibəy dövrü ilə müqayisə etmirik. Heydər Əliyev dövrü ilə müqayisədə demokratiyanın səviyyəsini dəyərləndirərkən, görünür ki, Ilham Əliyev Heydər Əliyev dövründən də geri gedib.
Bu sənədlə bağlı Koordinasiya Şurasında ilkin müzakirələr aparılıb. Bəzi yoldaşlar bildirdilər ki, bu, bir növ provokativ sənəddir. Bəli, bu sənəddə bir növ qıcığa səbəb olma və diqqəti cəlb etmə amili var.
Yeri gəlmişkən, kütləvi aksiyalar məsələsinə diqqət yetirin. Son sessiyada aksiyanın gününü təyin etmədik. Burada gizli heç bir şey yoxdur. Çox güclü təzyiq vardı ki, “bir halda ki, hakimiyyət çox ciddi şəkildə anti-azadlıq kursu aparır, məsələn, mayın 10-a mitinq təyin olunsun. Nə olur-olsun, biz ora min nəfər adam çıxaraq və məhz o gün həmin tədbiri həyata keçirək. Ən azı, Bakının hər yerinə polisləri tökəcəklər, postlar qurulacaq, narahatlıq və gərginlik olacaq. Həmin gün də bütün dünyada baş verənlərlə bağlı müəyyən təhlillər aparılacaq”.
Bizim şantaj etmək fikrimiz olsaydı, bunu edərdik. Biz bu hakimiyyətə islahatlar şansı veririk. Amma bu da sonsuz deyil.

“Əsas təklif odur ki, məmur-oliqarxlar dərhal istefaya göndərilsin”

– Hökumətə yaxın deputatlardan biri deyib ki, korrupsiyaya qarşı mübarizəni görünməyən əl dayandırdı, bu necə mübarizədir ki, heç bir oliqarxa toxunulmadı? Korrupsiyaya qarşı mübarizənin nöqtələnməsinin sizin mitinqlə bağlı qərarınızla əlaqəsi varmı?
– Birincisi, bu kampaniyada məqsəd korrupsiyanı aradan qaldırmaq deyildi. Bu həyəcanla əlaqədar atılan bir taktiki gediş idi. Kütləvi aksiyalar məsələsi, hətta müzakirə olunarkən, təxminən bir neçə ay gözləmək təklifi var idi. Bu mövqe də belə izah olunurdu ki, korrupsiyaya qarşı mübarizə taktikasıyla hakimiyyət bəzilərində ümid yaradıb ki, nəsə olacaq. Bunun da iki-üç ay müddəti vardı. Bu müddəti gözləmək lazım idi ki, cəmiyyət bu hakimiyyətin heç bir halda korrupsiyaya qarşı mübarizə aparmaq fikrində olmadığına əmin olsun. Bu, sadəcə baş aldatmaqdır.
Bəzi yoldaşlar da düşünürlər ki, kütləvi aksiyaların başlanması təhdidi daim qalsaydı, ola bilsin ki, bu korrupsiya məsələsi bir qədər irəli gedə bilərdi. Hadisələrin müəyyən mərhələsi baş verib, qurtarmışdı. Ona görə də burada “nə ola bilərdi”, şərt şəkilçisilə danışmaq doğru deyil. Əslində, bu heç korrupsiyaya qarşı mübarizə də deyildi. Korrupsiyaya qarşı mübarizə bizim “yol xəritəsi”ndə göstərdiyimiz bir sıra addımlar atılandan sonra mümkün idi. Diqqət yetirdinizsə, orada təkliflərdən biri bundan ibarətdir ki, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası yenidən təşkil olunsun və bu dəfə paritet əsasla seçilsin. Ictimai Palata və hakimiyyət nümayəndələrindən təşkil olunsun.
Korrupsiyaya qarşı real mübarizə əslində, ciddi bir rejim dəyişikliyidir. Indiki hakimiyyət üçün isə korrupsiya mövcudluq və idarəçilik formasıdır. Azərbaycanın resursları imkan verir ki orta aylıq əməkhaqları Avropa səviyyəsinə çatdırılsın. Biz maaşların iki dəfə qaldırılmasını təklif edirik. Sizi inandırıram ki, əgər xalq hərəkətə gəlsə, bu təbirlər güclənsə, nəticə olar. Səudiyyə kralı təsadüfən paylamadı ki, 37 milyardı… Heç şübhəsiz, hər bir vətəndaşın öz maraqlarını təmin etmək hüququ var idi. Yetər ki, biz çoxalaq və doğru istiqamətə addımlayaq.

– Hakimiyyətdaxili qruplaşmalardan birinə yaxın şəxs deyib ki, nə zamansa bu “yol xəritəsi”nin müəllifi olublar…
– Dostum Fazil Qəzənfəroğlunun daha çox Prezident Aparatına  bağlı rəyi ifadə etməsi kimi fikir var. Belə görünə bilər ki, Prezident Aparatı oliqarxların öhdəsindən gələ bilmir və bunu dayandırdı. Digər bir siyasətçinin isə cəmiyyətdə, “Kəmaləddin Heydərovun xəttinin müdafiəçisi” imici var. Deyir, “od olmasa, tüstü çıxmaz”. Bu, gizli deyil.
Bizim təklifimiz dialoqlar vasitəsilə Azərbaycanda real köklü islahatların həyata keçirilməsidir. Bunun yeganə tərəf müqabili Ilham Əliyevdir. Birinci əsas təklif odur ki, məmur-oliqarxlar dərhal istefaya göndərilsin. Yalnız bundan sonra hansısa yeni mərhələdən danışmaq olar.

Seymur Həzi,
Xəyal Şahinoğlu