Kaydanau Azərbaycan müxalifəti ilə niyə görüşmədi?

Bakıdaka «antiObama» kampaniyasına ABŞ səfirliyinin münasibəti nədən ibarətdir?

«Azadlıq» bu məsələlərlə bağlı suallarını səfirliyin mətbuat xidmətinin rəhbəri Kis Binə ünvanlayıb

ABŞ Konqresinin nümayəndə heyətinin Azərbaycana bir günlük səfəri hakimiyyət tərəfindən təşkil olunubmuş. Ölkəmizə gələn konqresmenlər prezident Ilham Əliyev, Milli Məclisin vitse-spikeri Ziyafət Abbasov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla görüşüblər. Nümayəndə heyətinə Konqresdə Azərbaycan işçi qrupunun sədri, Respublikaçı Konqresmen Bill Şuster rəhbərlik edib.
ABŞ səfirliyinin mətbuat katibi Kis Binin “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamaya görə, bu səfərin ABŞ-ın Azərbaycandakı səfirliyinə hər hansı aidiyyəti yoxdur. Diplomat bildirib ki, konqresmenlər öncə Çexiyaya səfər edib: “Onlar bura gəlmək istəyirdilər. Ancaq düşünürəm ki, səfər Amerikadakı Azərbaycan səfirliyinin vəsaiti hesabına baş tutub. Bizim səfirlikdən onları dəvət etməyiblər. Bu, konqresdəki Amerika-Azərbaycan qrupudur. Onlar Azərbaycanla maraqlanırlar”.
Diplomat onu da əlavə edib ki, konqresmenlər Bakı səfərini başa vuraraq Əfqanıstana uçublar.
Qeyd edək ki, konqresmenlərin Bakı səfəri zamanı onların səsləndirdikləri bəyanatlar loyallığı ilə seçilirdi. Yeri gəlmişkən, bir neçə gün əvvəl Strateji Araşdırmalar Mərkəzində “Barak Obama administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzusunda dəyirmi masada ABŞ-ın Corc Vaşinqton Universtitetinin professoru Kori Velt əsas məruzəçi qismində iştirak etmişdi. K.Veltin də söylədikləri fikirlər iqtidarın maraqlarına uyğun idi.
Bu səfərin yaratdığı suallarla ABŞ-ın ölkəmizdəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Kis Binə müraciət etdik:

– Vaşinqton Universitetinin professoru Kori Velt bir neçə gün əvvəl Bakıya səfər etmişdi. Səfər Strateji Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunmuşdu. Səfirliyin necə, Kori Veltin gəlişilə hər hansı əlaqəsi vardımı?
– Professor Velt Azərbaycana adi vətəndaş kimi səfər edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin bu səfərdə heç bir rolu olmayıb. Professoru konkret olaraq, Azərbaycana kimin çağırdığı barədə ətraflı məlumat almaq istəyirsinizsə, Strateji Araşdırmalar Mərkəzi ilə əlaqə saxlayın.

– “Yeni Müsavat” qəzetinə açıqlamanızda bildirmisiniz ki, konqresmenlərin Azərbaycana səfərində Azərbaycanın ABŞ-dakı səfirliyinin də rolu olub?
– Konqresmen Bill Şusterin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri konqresmenlərin öz təşəbbüsü ilə olub. Onlar konqresdə Azərbaycan işçi qrupunun üzvləri olduğundan onların Azərbaycana səfərləri başadüşüləndir.

– ABŞ dövlət katibinin müavininin köməkçisi Tina Kaydanau Ermənistanda səfərdə olarkən bu ölkənin müxalifət partiyalarının liderlərilə görüşüb. Amma Kaydanau Azərbaycanda olarkən bu səpkili görüşlər keçirməyib. Bunun səbəbi nədir?
– Tina Kaydanau hər dəfə Bakıda olarkən ölkədəki siyasi vəziyyətlə bağlı müxtəlif mövqelərlə tanış olmağa çalışır. O, Azərbaycanın müxalifət liderlərilə keçən ilin sonlarında  Bakıda səfərdə olarkən görüşüb.

– Sonda ABŞ səfirliyi konqresmenlərin və professor Veltin Bakıda səsləndirdikləri fikirləri dəstəkləyirmi?
– ABŞ Azərbaycanla strateji əməkdaşlığı yüksək qiymətləndirir. Bu əməkdaşlıq hər iki dövlətin maraqları üzərində qurulub. Onların əsasında hər iki ölkənin maraqları – təhlükəsizlik sahəsində əməkdaşlıq, energetika, siyasi və iqtisadi islahatların davam etdirilməsi durur. Müdafiə naziri Robert Qeytsin, dövlət katibi Hillari Klintonun səfərləri, o cümlədən dövlət başçıları Obama ilə Ilham Əliyevin görüşləri göstərir ki, ABŞ-ın Azərbaycana diqqəti əvvəlki kimi yüksəkdir. ABŞ eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədri kimi, hələ də Qarabağ probleminin Madrid prinsipləri əsasında sülh yolu ilə həllinin tapılmasına sadiqdir.

Xəyal