Onun gəlməsi barədə xəbər hakimiyyət daxilində ciddi narahatlıq yaradıb
Bu səfər hakim ailəni birdəfəlik parçalaya bilər
Dünən aldığımız xəbərdə iddia edilir ki, mərhum prezident Heydər Əliyevin Londonda yaşayan və Azərbaycanla, az qala, bütün əlaqələrini kəsmiş kimi görünən qızı Sevil Əliyeva Azərbaycana gəlir və bir müddət burada yaşamağı planlaşdırır.
Mənbə bildirir ki, Sevil Əliyevanın Bakıya qayıtması barədə xəbər hakim ailənin və bütövlükdə hakimiyyət bosslarının ciddi narahatlığını yaradır.
Məsələ burasındadır ki, indi S.Əliyevanın Azərbaycanı idarə edən çevrələrlə, o cümlədən hakim ailə ilə ciddi münaqişələrinin olduğu söylənilir və bu münaqişələrin kökü ilə bağlı çox müxtəlif ehtimallar yazılıb, şərhlər verilib.
Hələ 7-8 ay bundan əvvəl nüfuzlu beynəlxalq təşkilat – “Beynəlxalq Böhran Qrupu” Azərbaycan hakimiyyətinin ünvanına kifayət qədər kəskin ittihamlarla zəngin hesabat hazırlamışdı. Hesabata hakim ailənin daxilindəki münaqişə ilə bağlı da ciddi məlumatlar əlavə edilmişdi. Bu məlumatda bildirilirdi ki, Sevil xanım Əliyeva və prezidentin əmisi Cəlal Əliyev “ailə biznesi”ndən kənarda qalıb, ailə biznesinə nəzarət isə Paşayevlərə və bu ailəyə yaxınlığı ilə seçilən şəxslərə keçib. Hesabatda daha sonra yazılırdı: “Paşayevlər ailəsi Ilham Əliyevin hakimiyyətə gəlməsindən sonra dirçəlməyə başlayıb. Onların nəzarətində olan əsas kompaniya ”Paşa Holdinq”dir. Bu şirkət inşaat, turizm, sığorta və bank işilə məşğuldur… “Ailə”nin üzvləri olmuş keçmiş prezident Heydər Əliyevin qardaşı Cəlal Əliyev və qızı Sevil Əliyeva “islahatçılar”ın fəallaşmasından sonra “Ailə biznesi”ndən uzaqlaşdırılıblar.
Buna səbəb isə onların Ilham Əliyevi lider kimi qəbul etməmələri olub.
Vaxtilə hakimiyyət daxilindəki naxçıvanlı qruplaşmalarla Paşayevlər qruplaşması arasında nüfuz savaşı açıq müstəviyə keçdi. Lakin 2008-ci il prezident seçkilərindən sonra bu mübarizədə səngimə başladı. Paşayevlər ailəsinin naxçıvanlılardan ibarət olmaması və 2013-cü ildə Mehriban Əliyevanın prezident olmaq ehtimalının yaranmasından sonra Naxçıvan qruplaşması Paşayevlərlə açıq qarşıdurmadan yayınmaq kursu götürdü”.
***
“Ailə biznesi”ndən kənarlaşdırılan Cəlal Əliyevin ən etibarlı adamlarından biri olan Abdulla Abdullayevə məxsus “A.M.A.Y.” şirkətinin isə qoparağı götürülüb və bu, ölkə ictimaiyyətinin gözləri qarşısında baş verir. Ictimai rəydə, hətta belə bir əminlik də var ki, adı çəkilən şirkətdə Cəlal Əliyevin də aktivləri var: hərçənd bunu hüquqi baxımdan təsdiq edəcək sənədlər ortalıqda yoxdur.
***
Bir neçə ay bundan əvvəl indi Londonda yaşayan və Sevil Əliyevanın çevrəsində olan şəxs kimi tanınan sabiq millət vəkili Rza Ibadovun barəsində axtarış elan edilmişdi: sabiq millət vəkili Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinirdi.ÿ(Seçki kampaniyası zamanı alternativi olan Rövnəq Abdullayevə qarşı apardığı təbliğatın nəticəsi olaraq).
Həmin ərəfədə belə bir xəbər yayılmışdı ki, “Space” telekanalının Sevil Əliyevanın əlindən alınması ilə bağlı son hazırlıq işləri görülür və əslində, indi bu prosesin başa çatdığını iddia edən adamlar var. “Space”-lə bağlı anlaşılmazlıq ərəfəsində başqa bir xəbər də yayılmışdı ki, Sevil Əliyeva Rza Ibadovu Azərbaycana ezam edir ki, buradakı əmlak-biznes işlərini qaydasına salsın, amma Rza Ibadovu təhdidlə Azərbaycana gəlmək fikrindən çəkindiriblər. Maraqlıdır ki, sabiq deputatın barəsində axtarış qərarı elan ediləndə bəziləri belə ehtimal etdilər ki, bu tədbir onun hətta S.Əliyevanın nümayəndəsi kimi də Azərbaycana yolunu bağlasınlar.
Görünür, S.Əliyeva bütün bu anlaşılmazlıqlara son qoymaq, özünün statusu ilə bağlı ağır müzakirələr aparmaq üçün Bakıya gəlir. Buradakı hakimiyyət çevrələrinin narahatlığı da həmin müzakirələrin çox ağrılı olacağı ilə bağlıdır.
İnformasiya şöbəsi