“Prezident olsam, Əliyevdən daha bərbad olaram”

Hakim ailə ölkəyə həyətyanı sahəsi kimi baxır

Xalqın puluna Dubayda 50 milyona villa almaq, sonra da Qarabağ haqqında alovlu çıxışlar etmək anormallıqdır


Ayəndə Mürsəliyeva

“Facebookdan dünyaya” rubrikasının bu dəfəki qonağı Azərbaycanın etirazçı reperi Araz Önərdir. Onun mahnıları  ölkəmizdəki rüşvətə, siyasi ədalətsizliyə, monarxiya qurulmasına etiraz ruhunda yazılmış mahnılardır. “Davam edir 37″, ”Qorxağa ver cəsarət”, “Bizimlə ol” və.s kimi mahnıları gənclərin çox dinlədiyi mahnılardandır. Araz Önər həyatda cəsarətlı olmaqla bərabər, həm də “Facebook” sosial şəbəkəsində fəallığı ilə seçilən profillərdəndir. Bu proyekt çərçivəsində onu qəzetimizin oxucularına təqdim etmək fikrindəyik.


Bizdə həyat belədi, ya ağdı, ya qaradı,
Hərdən yaşıl olur, hərdən bozdu, sarıdı.
Dubinkanın yerindən bədənimiz yaradı,
Şirbəndin əsl adı “Meydan uşaqları”dı.

– FB-də göstərdiyiniz ad real addırmı?
– Xeyr, FB-də göstərdiyim ad real ad deyil. Bu adı mən təsadüfən seçmişəm. Hərdən bəzi adamlar soruşur mənası nədir? Mənə görə heç bir mənası yoxdur. Sadəcə, bir addır seçmişəm. Ikinci dəfə həyata gəlsəydim, bir də ad seçməzdim. Əsl soyadım Qasımovdur.

– Səni Azərbaycanda çoxları tanıyır. Amma yenə də özün haqqında qısa məlumat verməni istəyirəm.
– 1990-cı ildə Bakıda anadan olmuşam. Orta təhsilimi 132 saylı orta məktəbdə almışam. Ilk dəfə rüşvəti o məktəbdə vermişdim. Sonra Bakı Dovlət Universitetinə daxil oldum. Şərqşünaslıq fakültəsində bir müddət oxudum. Gördüm mənlik deyil,.. həm də Abel müəllim də məni qovmaqda maraqlı görünürdü. O məni qovana yaxın dedim ki, qovma, özüm çıxıram. Indi Hollandiyadayam. Bura təhsil üçün gəlmişdim, ancaq bəzi səbəblərə görə mühacirət üçün də müraciət etdim. 5 illik oturum verdilər. Ancaq təhsilimi bitirən kimi Bakıya qayıdıb, musiqi fəaliyyətimlə avtoritarizmə və onun bütün atributlarına qarşı kampaniya aparmaq istəyirəm. Bu arzunu həyata keçirə biləcəyimi düşünürəm.

– Neçə FB hesabınız var?
– FB-da bir hesabım var. Ikincisinə hələ ki, ehtiyac görmürəm.

– FB sənin üçün nə anlamına gəlir?
– Sadəcə, ünsiyyət vasitəsi. Həm də FB-də daha asan realizə olunmaq şansımız var. Ona görə də bura real həyatdan daha rahatdı. Buna baxmayaraq, məncə “Facebook”a çox aludə  olmamaq da lazımdır. Hərdən günlərlə “Facebook”a girmirəm. Gölün qırağında oturub sərin pivə içmək, insanlarla ünsiyyət qurmaq ehtirasımı öldürür.

– Daha hansı sosial şəbəkələrə müraciət edirsən? Bəzi adamlar deyir ki, sosial şəbəkələr ziyanlıdır, sən necə düşünürsən?
– Başqa sosial şəbəkələrdə də varam. Twitterdə, Odnoklassniki də. Amma Odnoklassniki hesabımı sonuncu dəfə 2008-ci ilin dekabr ayında yoxlamışam. Sosial şəbəkələrin zərərinə və ziyanına gəlincə… Mən buna fərdi yanaşıram. Mənə heç bir ziyanı yoxdur, çünki düzgün istifadə etməyə çalışıram. Hökumətimiz deyir ki, sosial şəbəkələr ziyandır. Insanlar evlənir, boşanır və s. Amma insanın evlənib-boşanması normal şeydir. Anormal olan xalqın puluna Dubayda 50 milyonluq villa almaqdır. Sonra da çıxıb Qarabağ haqqında alovlu çıxışlar etməkdir. Bax bu, anormallıqdır.

– Siyasətlə maraqlanırsızmı?
– Əvvəl siyasətçi olmaq istəyim var idi. Amma indi fərqli düşünürəm. Hesab edirəm ki, siyasət siyasətçilərin işidir: Araz Önər (zarafatyana). Buna baxmayaraq, ölkənin siyasi həyatına təsir etməyi hər bir vətəndaşın borcu hesab edirəm. Özüm də çalışıram təsir edim. Ümumiyyətlə, mən siyasiləşməkdən qorxan adam deyiləm. Amma yenə deyirəm, əgər mən siyasi mübarizədə varamsa, bunu yalnız ədalətin bərqərar olunması üçün edirəm. Hesab edirəm ki, mən prezident olsam, Ilham Əliyevdən daha bərbad olaram. Amma bu Ilham Əliyevə insanlara zülm etmək haqqı vermir.

– “Facebook” dostlarınızı gerçək həyat dostlarına çevirə bilmisizmi?
– Bəli. Elə olur real həyatdaki dostları FB dostuna çevirirəm, elə olur FB dostlarını real həyata çevirirəm. Amma bunda heç bir məna axtarmıram.

– FB-la aparılan müzakirələri ciddi müzakirə hesab edirsənmi?
– Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanda ciddi siyasət olmadığı üçün ciddi siyasi müzakirə də ola bilməz. Təsəvvür edin, bir ailə on illərdir bir ölkəyə başçılıq edir. Siz indi onların psixoloji vəziyyətini təsəvvür edin. Onlar bu ölkəyə həyətyanı sahə kimi yanaşırlar. Indi mənim bir çıxış yolum var: ya açıq-aşkar bunlara qarşı mübarizə aparam, ya da onların dediklərini edəm. Hesab edirəm ki, burada ciddi müzakirə ola bilməz.

– Azərbaycanda “Fasebook” müzakirələrinin ictimai rəyə nə dərəcədə təsiri var?
– Bizdə ictimai rəy deyilən şey yoxdur. Bizdə var kütlə, bir də var kütləni özünəməxsus idarə edən hökumət. Bizdə ANS var, tar var, muğam var, dolma var, amma ictimai rəy yoxdur. Olmayan şeyə də təsir edə bilmərik.

– “Facebook”a ayırdığınız zamana heyfslənmirsiz ki?
– Deməzdim ki, “Fasebook”da vaxt itirirəm. Mən ümumiyyətlə, heç bir şeyə “vaxt itirmək” deyə bilmərəm. Həyatın hər şeyindən həzz almağa çalışıram.

– Mətbuatda ərəb ölkələrində baş verən inqilablarda  “Fasebook”un böyük rolu olduğu söylənilir. Siz necə fikirləşirsiz?
– Düşünürəm ki, FB təşkilatçı deyil, sadəcə təşkilatçılar üçün bir vasitədir. Inqilablarda təbii ki, “Facebook”un və Twitterin böyük rolu var. Ancaq gəlin Misirdə, Liviyada vuruşan qardaşlarımızın və bacılarımızın haqqını “Facebook”la Twitterin boynuna yazmayaq.

– Sosial şəbəkələrə olan təxribatçı hücumlar barədə nə deyə bilərsən?
– Bilirsiniz, hökumət deyir ki, “Facebook” ailələri dağıdır. Ancaq hökumətin bu gün məqsədi müxalifətçilərə problem yaratmaqdır. Problemlər də məişət səviyyəsindədir. Inanın, bu tip addımları yalnız intellektual və mənəvi cəhətdən kasad hökumətlər edər. Onların biri də hazırda Azərbaycanda, bizim başımızda turp əkməklə məşğuldur. Həmən bu təxribatçı hücumlar da mənim yuxarıda yazdıqlarımla əlaqədardı. Bütün günü dilindən Qarabağ düşməyən bir hökumətin, Azərbaycanın mübariz bir oğlunun şəklindən istifadə edərək öz mülkünü, hökumətini möhkəmlətməsi sosial-siyasi yaramazlıqdan başqa bir şey deyil.