Paytaxtda cinayətkarlıq azalıb, yoxsa çoxalıb?

Əyyub Kərimov: «Statistikaya baxsaq, onda burada qurd quzu ilə otlamalıdır»

“Yalnız sosial şəraitin yaxşılaşması nəticəsində cinayət faktları azala bilər”

Bakı Şəhər Baş Polis Idarəsi 2011-ci ilin birinci rübü üzrə paytaxtda baş verən cinayətlərlə bağlı hesabat açıqlayıb. Belə ki, hesabata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayında xeyli azalma var. Ümumiyyətlə, Daxili Işlər Nazirliyinin son 10 ildəki hesabatlarına nəzər salsaq, ölkədə cinayətkarlığın kökünün kəsildiyi nəticəsinə gəlmək olar. Çünki ildən ilə cinayətkarlıq 70, 80, bəzən 90% azalır. Hər halda rəsmi statistikada belə göstərilir. Lakin reallıqda vəziyyət xeyli fərqlidir. Son illər xüsusilə ağır cinayətlərin artdığını müşahidə etmək olar. Bəs əslində vəziyyət necədir? Həqiqətən də cinayətlərin sayı azalıbmı?
Tanınmış hüquqşunas Əyyub Kərimov statistikanın heç bir halda reallığı əks etdirmədiyini deyir: “Statistikaya baxsaq, onda burada qurd quzu ilə otlamalıdır. Bütün qapılar açıq olmalıdır. Ancaq  reallıqda vəziyyət tamam başqadır. Nazir deyə bilməz ki, cinayətkarlıq artıb. Onda ona deyərlər ki, sən hara baxırsan”.
Ekspertin sözlərinə görə, cinayətkarlığın hansı səviyyədə olduğunu demək çətindir. Yalnız bu cinayətlərin açılma faizində artımın, ya azalmanın olduğunu demək olar: “Daxili Işlər Nazirliyi bu cinayətləri açmaq üçündür. Gecə-gündüz çalışsalar da onu azalda bilməzlər. Çünki cinayətkarlıq sosial bəladır. Yalnız sosial şəraitin yaxşılaşması nəticəsində cinayət faktları azala bilər. Bəyəm DIN islahat keçirir, yoxsa yoxsulluğun qarşısını almağa gücü var?”
Ekspert, hətta inkişaf etmiş ölkələrdə cinayətkarlığın açılma faizinin 30-40 arasında olduğunu deyir. Azərbaycanda isə rəsmi statistikada bu göstərici 80-90% göstərilir: “Əgər sosial bəla, işsizlik, yoxsulluq varsa, cinayətkarlıq olacaq. Sosial bəlanın qarşısını almaq üçün başqa qurumlar var. DIN bu bəlaya qarşı mübarizə apara bilməz. Usubovun bir müsahibəsi var idi. Deyir keçmişdə adam oğurluğu olmurdu. O hansı keçmişi nəzərdə tuturdu? Adam oğurluğu həmişə olub. Deyə bilərlər ki, cinayətkarlığın artması ilə bərabər onun açılma faizi də artıb. Buna inanmaq olar”.
Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə isə, cinayətkarlığın azaldığını demək üçün tutarlı sübutlar olmalıdır. Bu olmadığı halda cinayətkarlığın hansı səviyyədə olduğunu demək çətindir.

Fizzə