Əliyevin fenomenal iqtisadiyyatı

Dünyada analoqu olmayan inkişaf, analoqu olmayan yoxsul ölkədə yaşanır?

Sosial-iqtisadi vəziyyətimizin hansı səviyyədə olmasını sıradan bir azərbaycanlı ailəsinin timsalında göstərmək olar. Konkretləşdirsək, evində məktəbli övladı, xəstəsi, pensiyaçı və qocası olan məmləkət əhlini aldatmağa dəyməz. Heç aldanmazlar da. Çünki günün real yaşam tərzi hansısa populist çıxışı, standart hesablamaları kölgədə qoyar. Amma, nümunə – daha doğrusu, müqayisə üçün ölkə başçısının çıxışından bir nüansı misal göstərmək yerinə düşər: “Son yeddi ildə Azərbaycanda bir milyona yaxın yeni iş yerləri açılmışdır ki, bunların mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılmışdır. Bütövlükdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir”. Prezidentdən sitat gətirən “Yeni Azərbaycan” qəzeti daha sonra qeyd edib ki, son bir neçə il ərzində ölkədə iqtisadi artım ən yüksək səviyyədə olmaqla bu göstəriciylə dünya miqyasında birinci yerdədir.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı öncə fenomen iqtisadiyyat ifadəsinə diqqəti çəkərək söylədi ki, iqtisadi artım tempinin yüksək səviyyəsinə cavab verən ölkə dünya iqtisadiyyatının fenomeni kimi qəbul olunur. Ölkədə yoxsulluğun azalması və iqtisadi göstəricilərə görə yüksək səviyyədən danışmaq olardı, əgər bu, sadəcə, reallıq olsaydı: “Bir neçə il öncə Azərbaycanda iqtisadi artım 30 faiz təşkil edirdisə, hazırda iqtisadi artımın cəmi 5,7 faizinə nail olunub. Son üç il ərzində ümumi daxili məhsulda beş dəfəyə yaxın artıb-azalma müşahidə edilib. Dünyada neftin qiyməti dəyişəndə Azərbaycanda da ümumdaxili məhsulda dəyişmələr olur”.
Ekspert söylədi ki, yeni iş yerlərinin açılması və sair məsələlərlə bağlı 2008-ci ildən sonra geriləmələr olub. Ölkə iqtisadiyyatında əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə geriləmə baş verib. Ona görə də iş yerlərinin açılmasıyla bağlı nikbin rəqəmlər spekulyasiyadan başqa bir şey deyil: “Qlobal iqtisadi böhran dövründə yeni iş yerlərinin açılmasını, artdığını iddia etmək populizmdən xəbər verir. Yəni bu, rəqəmlərlə ölkədəki real vəziyyəti ört-basdır etmək cəhdidir. Iqtisadi artımın səviyyəsi orta statistik azərbaycanlının həyatında təzahür olunur. Sadəcə olaraq, deyilənlər publika üçün nəzərdə tutulub”.
Iqtisadçı-ekspert Ilham Hüseynli hesab edir ki, əhalinin sosial-iqtisadi vəziyyətinin səviyyəsi onun gəlirlilik dərəcəsindən, pensiya, məvacibin həddiylə ölçülür. Ekspertə görə, əslində, əhalinin böyük həcminin yaşam tərzini normal hesab etmək olmaz: “Pensiyaların həcmi adi minimum istehlak səbətinin həcmindən dəfələrlə aşağıdır. Əslində, əməkhaqqı və pensiyaların minimum həcmi istehlak səbətinin həcmiylə ölçülməli, ona bərabər olmalıdır. Lakin reallıq tam əksinə olduğundan, Azərbaycanda uğurlu sosial-iqtisadi inkişafdan danışmağına dəyməz”. Ekspert qeyd etdi ki, zaman-zaman işsizlərin sayı artmaqda davam etdiyindən, böyük bir işsizlik ordusu meydana gəlir. Eyni zamanda, insanların olduqca aşağı əməkhaqqıyla yaşamağa məhkum edilməsi  yolverilməzdir: “Ona görə də müsbət məqamları nəzərdə tutan belə çıxışlar mövcud reallığa uyğun deyil”. I.Hüseynli xüsusi olaraq qeyd etdi ki, rüşvət və korrupsiyanın meydan suladığı, onun maksimal həddinə malik bir ölkədə uğurlu sosial-iqtisadi inkişafdan danışmağına dəyməz.

Nigar