Novruz Məmmədov köçkün ailələrindən faiz alırmış

Prezident Administrasiyasının şöbə müdiri 47 məcburi köçkün ailəsini dolanışıqdan məhrum edib

Suraxanı rayonundakı Zığ qəsəbəsində yerləşən Duzlu gölün ətrafındakı 5 kommersiya xidməti obyekti sökülərsə, 47 məcburi köçkün ailəsi yaşamaq üçün vəsaitdən məhrum olar. Gölə və ona bitişik əraziyə Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov iddia edir. Bu barədə dünən Insan Hüquq və Azadlıqlarını Müdafiə Ictimai Birliyinin rəhbəri Rasim Əlizadə RATI-nin ofisində keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, ötən ilin avqustunda Suraxanı Rayon Məhkəməsi N.Məmmədovun xanımı Gülnarə Məmmədovanın vətəndaş iddiasını təmin edib və 14 ha sahənin – gölün və ona bitişik ərazinin onun mülkiyyətinə verilməsi barədə qərar qəbul edib. Lakin burada “Ümid” istirahət zonası yerləşir və 1994-cü ildən məcburi köçkünlər burada məskunlaşıb. Onlar dolanmaqdan ötrü müalicə məqsədilə gölə gələnlərə xidmət göstərmək üçün gölün sahilində bir sıra obyektlər: duşxana, kafe və s. açıblar. Əliyevin sözlərinə görə, 2002-ci ildə onlara bildirilib ki, bu ərazi N.Məmmədova məxsusdur.
Ona görə də bəzi obyektlər sökülüb. Lakin əhalinin etirazından sonra N.Məmmədov məcburi köçkünlərə burada qalmağı və obyektlərdən istifadə etməyi təklif edib, lakin zonanın bundan sonra onun sərəncamında olması barədə xəbərdarlıq edib. 2009-cu ilədək bu cür davam edib. 2009-cu ildə N.Məmmədovun qohumları məcburi köçkünlərdən tələb edib ki, kommersiya obyektlərindən əldə etdikləri gəlirin 70 faizini ona versinlər. Bir il vəziyyət belə olub.
Lakin mövzu mətbuata çıxandan sonra köçkünlər pul verməkdən imtina ediblər. “Biz bütün instansiyalara- Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna müraciət etmişik, lakin nəticəsi olmayıb. Pansionatda yerləşən ailələrin hamısı faktiki olaraq həmin 5 obyektdən dolanır. Əgər bu obyektlər sökülərsə, biz yaşaya bilmərik.
“Mən pensiyaçıyam, oğlum isə əlildir.  170 manat həcmində ümumi pensiyamıza 5 nəfərlik ailə yaşaya bilməz”, – Zəngilandan olan 71 yaşlı Xasay Əliyev bildirib.
Onun sözlərinə görə, köçkünlər təklif edirlər ki, dövlət proqramı çərçivəsində onları başqa yerlərə köçürsünlər və kommersiya obyektlərindən istifadə etmələrinə imkan versinlər. Hüquq müdafiəçisi Rasim Əlizadə deyib ki, məhkəmə sağlamlıq mərkəzinin tikilməsi üçün gölün və istirahət zonasının Məmmədovaya verilməsi barədə Bakı meriyasının 2002-ci il tarixli sərəncamını nəzərə alıb. “Lakin bu sərəncam qanunsuzdur, çünki belə qərarlar müsabiqə əsasında qəbul olunmalıdır”, – deyə o, vurğulayıb. Bundan əlavə, ərazidən faktiki istifadə edənlər prioritet hüquqa malikdir. Məhkəmədə iddiaçı qeyri-rəsmi şəxs deyil, meriya ola bilər.
Əlizadə qeyd edib ki, iddiaçı köçkünlərdən 105 min manat həcmində kompensasiyanın ödənilməsini tələb edib.
Lakin məhkəmə “mərhəmət” göstərərək cavabdehlərin cəmi 20 manat ödəməsi barədə qərar çıxarıb.
Bakı Apellyasiya Məhkəməsi Suraxanı məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bundan sonra köçkünlər ədalətin bərpasına inamlarını itiriblər. Onlar dəstəyi KIV-də və ictimai rəydə axtarırlar.
Əlizadə qeyd edib ki, əgər ölkədə korrupsiyaya qarşı real mübarizə gedirsə, dövlət büdcəsindən 14 ha ərazinin məmur ailəsinə verilməsi barədə qanunsuz qərar ləğv olunmalıdır. Iddiaçıdan və N.Məmmədovdan şərh almaq cəhdləri nəticə verməyib. “Turan” qarşı tərəfin və məlumatda adı çəkilən dövlət qurumlarının mövqeyini təqdim etməyə hazırdır.