Yaxud diktaturanın «Belarus yolu» barədə
Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdən təcridi davam edir. Sonuncu addım – Azərbaycanın ABŞ-la birgə hərbi təlimlərindən imtinası bu prosesi xeyli sürətləndirdi.
Azərbaycan ətrafında yaranmış gərgin beynəlxalq vəziyyətin iki mühüm ştrixi diqqəti cəlb edir:
Birincisi, Azərbaycanda demokratiya olmadığı təqdirdə rəsmi Bakı ilə əməkdaşlığın hər hansı dövlətə fayda vermədiyini anlayan beynəlxalq birliyin fəaliyyəti;
Ikincisi, beynəlxalq birliyin bu fəaliyyətindən kəskin narahat olan Azərbaycan hökumətinin isterik münasibəti və tutduğu siyasi yol.
Bu münasibətlər sistemində dünya birliyi Azərbaycan hökumətindən islahatlar tələb etdikcə və ölkə daxilində ictimai rəy, vətəndaş fəallığı da xarici faktorlarla paralellik imkanı əldə etdikcə Azərbaycan hökuməti daha kəskin kurs götürür.
Əlbəttə, bu addımlar ilk növbədə hakimiyyətin hələ də güclü olması rəyini yaradır. Yəni, bu, ilkin aqressiv reaksiyanın bağışladığı təsirdir. Amma görünən odur ki, hakimiyyət əsəbi və fiziki baxımdan var gücünü sərf edir və demək olar ki, zəifliyini gizlədə bilmir. Məhz buna görə də özünü gizlətmək qərarı verib. Yəni dünya ilə münkün dialoqun kəsilməsi üçün cəhdlər edilir. Hətta bizə ən yaxın ölkə olan Türkiyə ilə viza rejimini aradan qaldırmır. Bu ssenari vaxtilə bizim şahidi olduğumuz “Belarus modeli”ni xatırladır. Görünən budur ki, Ilham Əliyev Lukaşenkonun yolunu getməkdə qərarlıdır. Biz də bu siyasi xəttin ölkəni hara aparacağı barədə bəzi analitik informasiyaları bölüşmək fikrindəyik. Beləliklə, Belarusda və ya “Belarus yolu”nda nə var?
Həvarilərindən biri Isa Peyğəmbərə deyir ki, atam ölüb, izn verin, onu basdırım. Maraqlı bir cavab alır: “Qoy, ölüləri ölülər basdırsın”.
Ilham Əliyevin Lukaşenkoya üz tutması nədənsə, bu ifadənin fəlsəfəsinə çox yaxındır. Bugünlərdə Avropa Komissiyasının katibi Joze Manuel Borrozonun Lukaşenkonun təhqirinə “mən onu tanımıram” şəklində cavab verməsi, həm də dünyada Lukaşenkonun hansı statusda olduğuna bir sübutdur. Onun yalnız diktatura bəxş etdiyi xalqı isə indi bu kolxoz sədrinin əməllərinə görə dünyadan təcrid olunub. ABŞ və Avropa Birliyinin qınaqlarından çəkinən Rusiya da Lukaşenkonu ələ salan televiziya proqramları yayımlayır. Göründüyü kimi, onun üçün indi saman çöpü belə qalmayıb. Elə isə, hər zaman analoqsuzluğu ilə öyünən hökumət uçurumdan düşənin arxasınca atılmaqla təkrarsızlıq yaratmaq istəyir?
Bu sanksiya, bu da aclıq bataqlığı…
Iqtisadi sanksiyalar artıq öz effektini verib. Belarus iqtisadiyyatı ciddi böhran yaşayır. Bir neçə yüz milyonluq borca görə ölkə açıq-aşkar çətinlik çəkir. Bu, Avropanın ortasında olan bir ölkə üçün çox dözülməz vəziyyətdir. Aleksandr Lukaşenko öz rezidensiyasının 100 metrliyində baş vermiş partlayışa görə minlərlə kilometr uzaqdakı dövlətləri ittiham edir. Nəticə odur ki, səfaləti idarə etmək də olmur. Amma bir kriteriya üzrə Lukaşenko öz davamçılarından öndədir ki, o, korrupsiya çirkabında boğulmur… Ilham Əliyev isə beynəlxalq rüşvət qalmaqalında belə, ittiham olunur. Kojeni qalmaqalı, Dubay villaları buna bariz misallardır.
Seymur Həzi