Obama Suriya diktatoruna ilk zərbəni vurdu
Suriyada gərginlik davam edir. Ötən gün paytaxt Dəməşqdə qadınların iştirakı ilə Bəşər Əsəd rejiminə qarşı etiraz aksiyası keçirilib. Mitinq iştirakçıları Bəşər Əsədin istefasını və dinc aksiya iştirakçılarının öldürülməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edib. Aksiyada ölən və yaralananlar olmasa da, 70-dən artıq qadın həbs olunub.
Bəşər Əsəd hakimiyyətinə qarşı etirazların mərkəzinə çevrilən Dəraa vilayətinin mühasirəsi davam edir. Hökumət vilayətə əlavə qoşun və zirehli texnika göndərib. Dəraa sakinlərindən birinin BBC-yə verdiyi məlumata görə, 4 tank və 20 zirehli maşından ibarət konvoy vilayət ərazisinə daxil olub. Xatırladaq ki, Dəraa vilayəti aprelin 25-dən mühasirədə saxlanılır. Vilayətə gələn elektrik xətti kəsilib.
Dünən Dəraa şəhərində növbəti antihökumət aksiyası baş tutub. Minlərlə insanın qatıldığı mitinqi dağıtmaq üçün hökumət qüvvələri gözyaşardıcı qazdan istifadə edib. Vəziyyətin nəzarətdən çıxdığını görən təhlükəsizlik qüvvələri odlu silaha əl atıb. Nümayişçilərin atəşə tutulması nəticəsində azı 16 nəfər həlak olub. Onlarla etirazçı yaralanıb.
Obamadan Əsədə “şapalaq”
Dinc etiraz aksiyalarına müdaxilə etdiyinə və günahsız vətəndaşların qətlə yetirilməsinə görə Suriya hakimiyyəti beynəlxalq ictimaiyyətin sərt təpkisilə üzləşib. ABŞ prezidenti Barak Obama Suriyaya qarşı yeni sanksiyaların tətbiq olunması barədə fərman imzalayıb. Yeni sanksiyalar Suriya kəşfiyyat xidmətinin əməkdaşlarına və ölkə prezidenti Bəşər Əsədin iki qohumuna qarşı tətbiq olunacaq.
Bundan əlavə, əgər Suriya hökuməti rejim əleyhinə nümayişlərin iştirakçılarına qarşı güc tətbiqini davam etdirsələr, sanksiyalar Əsədin özünə qarşı da tətbiq oluna bilər.
Dünən axşam saatlarında isə məlumat yayıldı ki, ABŞ banklarında Əsəd ailəsinə məxsus hesablar dondurulub.
“Bəşər Əsəd azadlıq istəklərinin qarşısını ala bilməz”
“The New York Times” qəzeti Suriya prezidenti Bəşər Əsədi gözləyən aqibətlə bağlı məqalə dərc edib. Yazıda deyilir ki, Bəşər Əsəd 2000-ci ildə atasının yerinə hakimiyyətə gələndə çoxları onun demokratik islahatlara start verəcəyini düşünürdü. Amma təəssüf ki, bu baş vermədi. Suriya ordusu ölkədə azadlıq tələb edənləri öldürməyə başladı.
Qəzet qeyd edir ki, hətta Suriya prezidentinin ilkin zorakılıq aktlarından sonra da Barak Obama belə güman edirdi ki, Əsəd geri çəkilərək demokratik islahatlara başlayacaq və düzgün yolu seçə biləcək. Amma artıq Obamanın da səbr kasası doldu. Cümə günü etiraz edənlərə qarşı qanlı davranışdan sonra Obama Əsədi “Iranın yardımına arxalanaraq öz xalqına qarşı xəyanətdə” ittiham etdi.
“BMT Təhlükəsizlik Şurası isə hələlik heç quru bəyanat da verməyib. Təhlükəsizlik Şurasının üzvləri olan Çin və Rusiya avtoritar liderləri himayə edirlər. Buna görə də əsas yol Suriya hökumətinin fəaliyyətinin Beynəlxalq Məhkəmədə araşdırılmasını tələb etməkdir”, – deyə qəzet yazır.
Məqalə müəllifi onu da qeyd edir ki, Barak Obamanın BMT Insan Haqları Şurasına Suriya hökumətinin cinayətlərini ittiham edən hesabat göndərməsi alqışlanmalıdır. Suriya xalqı ölkənin gələcək taleyini müəyyənləşdirməlidir. Bəşər Əsəd güclü təhlükəsizlik komandasına güvənə bilər, amma o davamlı azadlıq istəklərinin qarşısını ala bilməz.
Suriyadan Türkiyəyə “Böyük köç”
Bundan başqa, Suriyada yaranmış gərginlik ölkə vətəndaşlarının kütləvi şəkildə qonşu ölkələrə miqrasiya etməsinə səbəb olub. Artıq Suriya ərazisindən Türkiyəyə yüzlərlə qaçqın axın edib. Onların Suriya-Türkiyə sərhədində müvəqqəti sığınması üçün yaxın ərazilərdə çadır düşərgəsi də qurulub. Türkiyə hökuməti isə ölkəyə 100 minlərlə qaçqının gələcəyindən ehtiyatlanır. Parlament seçkilərinə hazırlıq məqsədilə Konyada olan xarici işlər naziri Əhməd Davudoğlu səfərini yarımçıq qoyaraq təcili Ankaraya dönüb. 2 saata yaxın davam edən toplantıda Suriyadan Türkiyəyə köçlə bağlı tədbirlər müzakirə olunub.
İnformasiya şöbəsi