Ərdoğanın “Şengen” təklifi Azərbaycana mesajdır

Elxan Şahinoğlu: «Türkiyə viza məsələsinin uzanmasından xeyli narahatdır»

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan türkdili ölkələr arasında Avropa Ittifaqındakı Şengen müqaviləsi kimi bir anlaşmanın olmasını təklif edib. Onun fikrincə, bu ölkələrin vətəndaşları bir-birinə sərbəst gedib-gəlməlidir. Qeyd edək ki, türkdilli ölkələrdən yalnız Azərbaycan Türkiyə ilə viza rejimini ləğv etməyib. Ərdoğanın bu təklifi də məhz Azərbaycana mesaj kimi qiymətləndirilir. Azərbaycanın buna cavabı necə olacaq?
Xarici Işlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bu məsələnin XIN-in deyil, Prezident Administrasiyanın səlahiyyətinə aid olduğunu bildirdi.
“Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Ərdoğanın təklifini müsbət qiymətləndirdi. Onun fikrincə, əslində türkdilli dövlətlər arasında viza rejimi olmamalıdır. Lakin Azərbaycanın bu məsələdə ləng hərəkət etməsi təəssüf doğurur.
Ekspertin fikrincə, necə olursa olsun, Azərbaycan strateji müttəfiqi ilə viza məsələsini mütləq həll etməlidir: “Rusiya bizim torpaqları işğal edən Ermənistanın strateji müttəfiqidir. Necə olur ki, Rusiya ilə viza yoxdur. Ancaq strateji müttəfiqimiz olan Türkiyəyə qarşı viza rejimi tətbiq edilir”.
E.Şahinoğlunun sözlərinə görə, Türkiyə bu məsələnin uzanmasından xeyli narahatdır. Dövlət naziri Zəfər Çağlayanın son ayda iki dəfə məsələyə toxunması buna sübutdur.
Ekspertin fikrincə, əslində Ərdoğanın bu təklifi dolayısı ilə Azərbaycana mesajdır ki, viza məsələsini qısa müddətdə həll etsin.

Fizzə