Ərəb Yuqoslaviyası

Bir dəfə Israilə köçmüş bir yəhudi haqqında yazı oxumuşdum. Israildə azca yaşayandan sonra həmin yəhudi dostuna məktub yazır və məktub da bircə cümlədən ibarət olur: “Hər şey yalan imiş!”. Indi mən ərəb dünyasındakı bu əcaib diktaturalara baxıram. Hər şey açılıb tökülür, hər şey aydın olur və bu rejimlərin əcaib mənzərəsi göz önündə dayanır. Bu illər ərzində dünya necə də dözürmüş bunlara?! Amma dərhal soyuq məntiq məni özümə gətirir. Hə, dünya hələ bir qırx il də dözərdi, ərəblər artıq özləri dözmürlər!.. Qəzzafinin ardınca Əsəd də küçələrə tankları çıxardı. Belə hadisələr son illər ancaq və ancaq Yuqoslaviyada olmuşdu: tanklar, təyyarələr və vətəndaş müharibəsi!

Siz təsəvvür edin, hakimiyyət sənin üçün nə qədər əziz olmalıdır ki, ölkənin vətəndaşlarına qarşı hərbi texnika çıxarasan! Onlar bunu etdi! Olsun. Bunu etmək olar, amma bunun nəticələrinin arxasında dayanmağı bacarmaq – bu da var! Prosesin əvvəlində yazmışdım ki, bəli, Qəzzafini də Səddamın taleyi gözləyir. Indi görürəm ki, bir neçə ərəb diktatorunun işi hərbi tribunallıqdır. Bəli, Miloşeviç də çox qan tökmüşdü, axırda tribunala verildi. Ümumiyyətlə, mənə qalsaydı bütün totalitar və avtoritar rejimləri bəşəriyyətə qarşı cinayət elan edərdim. Artıq bunların vaxtı keçmiş! Amma dad yarımçıq əlindən. Indi Misir, Yəmən, Liviya, Suriya etiraf olunub. Amma bəs Səudiyyə Ərəbistanı?! O, nə vaxt etiraf olunacaq? Bəlkə proseslər elə belə yarımçıq münasibətlər ucbatından uzanır? Bizim üçün ancaq indi “ərəb dosyesi” açılır. Bu günlər Suriya rejimi haqda bir yazı oxudum. Doğrusu, mən onu bu qədər də əcaib təsəvvür etmirdim! Amma nələr varmış bu ölkədə! Mürgüləyən Şərq həmişə bir məsələdə ayıq olub: müstəbidlik məsələsində! Mürgü döyən Şərq hər an bir məsələdə öndə olub: ağlagəlməz işgəncə üsulları fikirləşməkdə! Olsun.

Son nəticədə Şərq özü-özünə işgəncə verir. Özü də təkcə Şərq yox. Bəlkə elə bir vaxt gələcək ki, Şərqin də sonuncu diktaturası haqda yazacağıq. Indi necə ki, Belarus Avropanın sonuncu diktaturasıdır! Az qalıb! Ola bilsin, on ilə artıq diktaturalar haqda sorğu-məlumat kitablarından oxuyacağıq. Indi bəlkə də mən tələsirəm. Amma düşünürəm ki, çoxu belə istəyir.

Ölkə siyasəti gərgin olaraq qalır

Bir az da özümüzdən danışaq. Axı özümüz də babat gündə deyilik! Elə eyni müstəbid rejimlərdən birini də özümüz yaşayırıq. 2013-cü ili neft gəlirlərinin pik ili kimi qeyd edirdilər. Mən də inanmaq istəyirəm ki, 2012-ci il avtoritar rejimin pik ili olacaq, sonra isə tənəzzül başlayacaq. Bunların məntiqi sadə və bəsitdir: başqa yerdə çox şey ola bilər, bizdə olmayacaq! Qəribə, məntiq! O qədər qəribədir ki, adamın lap gülməyi gəlir! Məgər biz Aydan gəlmişik? Bəlkə bütün cəmiyyətlərə şamil olunan qanunların bizlərə heç dəxli yoxdur və bizim üçün xüsusi qanunlar yazmaq lazımdır? Onlar çalışırlar ki, belə, bu cür qanunlar yazsınlar. Amma despotların yazdığı qanunları bir gün Allahın özü pozur! Bəli, son hadisələr bizimkilərin də on səkkiz ili boş keçirmədyini deməyə əsas verir, əsl cəbr aparatı yaradıblar. Bəli, politologiyada da deyilir ki, dövlət legitim zor, cəbr aparatıdır! Amma bəziləri bunu lap hərfi mənada başa düşür! Dövlət ancaq bir halda cəbr aparatı rolunu oynaya bilər: insan hüquq və azadlıqlarını, ölkənin təhlükəsizliyini təmin etmək zərurəti olanda!

Bəli, hər şeyin bir məntiqi sonluğu var. Bu gün kiçik etirazlara imkan vermir, onları yasaq edirsənsə, sabah daha böyük etirazla üzləşməli olacaqsan, onu boğa bilməyəcəksən! Etirazlar kiçik olanda onların ifadəsi daha təhlükəsiz olur. Etirazlar böyüyəndə isə qarşısında dayanmaq olmur. Belə olan halda keçmişdə krallardan birinin verdiyi sualı təkrar etməli və onun cavabını öz qulaqlarınla eşitməli olursan: “Bu, nədir? Qiyam? Yox, əlahəzrət, daha pis, inqilab!”. Bəli, bu da məntiqi sonluqdur… Deyirlər, məntiq soyuq su kimidir, insanı özünə gətirir. Amma hələ özünə gəlmək yoxdur, rejim öz eyforiyasını yaşamaqda davam edir. Amma nə vaxta qədər? Axı hətta dünyanın da sonu var! Hətta dünya da fanidir!..