“Uğurlu daxili və xarici siyasət”, “Balanslaşdırılmış xarici siyasət…”. Bunlar bizim başda kral həzrətləri olmaqla, rejim mənsublarının dilindən tez-tez eşitdiyimiz sözlərdir. Həmin sözlər artıq camaat arasında lətifəyə çevrilib. Insanlar bunu eşidəndə gülüb keçirlər.
Xüsusən “uğurlu xarici siyasət” haqqında danışmağa dəyər. Bu üç sözlük ifadə özünü “konstruktiv müxalifət” adlandırıb, əslində hakimiyyətə yarınmaq üçün fürsət güdənlərin leksikonunda ayrıca yer tutur. Bir də görürsən, çıxıb deyirlər: “Hakimiyyətin daxili siyasətində müəyyən problemlər var, amma onun xarici siyasətini bəyənirik”.
Mən əlbəttə, indi durub “bir ölkənin xarici siyasətinin əslində həmin ölkənin daxili siyasətinin davamı olduğu” barədə şablon sözlərlə zəhlənizi tökmək istəmirəm. Amma inanın ki, Azərbaycanın xarici siyasətinin yanında daxili siyasətimiz toya getməlidir. Məsələn, daxili siyasət nəticəsində korrupsiya qoxusa belə, körpülər tikilir heç olmasa. Xarici siyasət sayəsində isə maşallah və əlhəmdülillah, qardaş dediyimiz Türkiyə ilə körpüləri yandırmaq həddinə belə, çatdıq.
Bəs bunun nəyini bəyənirlər?
Demək artıqdır ki, Əliyevlərin xarici siyasətini bəyənmək Azərbaycanda yaltaqlığın, rejimin qabından yallanmaq üçün fürsət qazanmağın məxsusi variantıdır. Belədə bir güllə ilə iki dovşan vurmuş olursan: həm özünü rejimin ölkə içindəki cinayətlərinə şərik etmir və xalqda daha çox ikrah doğurmursan, həm də hakimiyyətin xoşuna gələ bilirsən, onun gözündə doğma görünürsən.
Oysa Əliyevlərin xarici siyasəti daxili siyasətindən daha rüsvayçı, daha acınacaqlıdır. Bu “uğurlu xarici siyasət” sayəsində dünyada Azərbaycanın yox, rejimin özünün dostları, lobbiçiləri var. Onlar rejimə qarşı demokratik dünyanın təzyiqləri artan kimi Ilham Əliyevin vəkilliyini üzərinə götürür, əvəzində isə babat qamarlayırlar. Əlbəttə, konfet kağızı yox. Azərbaycanla bağlı taleyüklü məsələlərdə isə belə reket, “moşennik” lobbiçilərdən çırt səsi çıxmır.
Cib boyda Azərbaycan…
Əliyevlərin “uğurlu xarici siyasəti”i sayəsində dünyada elə bir telekanal, qəzet, sayt tapmaq çətindir ki, orada Qarabağ Azərbaycan ərazisi kimi göstərilsin. Hətta bir çox ölkənin rəsmi saytlarında belə, Azərbaycanın ərazi bütövlüyünün təhrif edilməsi adi haldır.
Amma siz bir dəfə görmüsünüzmü, Ilham Əliyevi Azərbaycanın prezidenti kimi yox, baş naziri, yaxud da parlament sədri kimi təqdim etsinlər? Yox. Çünki bizim dünyadakı dostlarımız əslində Azərbaycanın yox, rejim başçısının dostlarıdır. Onlar üçün Azərbaycan ancaq Ilham Əliyevin cibindən ibarətdir. Onlar üçün Azərbaycanın ərazi bütövlüyü heç nə ifadə etmir. Kralın cibi isə hər şey deməkdir.
Daxili siyasətə şükür!
Günlərdir başda “Azadlıq” qəzeti olmaqla, ölkə mediası rejimin uğurlu xarici siyasətinin Sankt-Peterburqdakı davamçısı Qüdsi Osmanov haqqında yazır. Peterburq konsulumuz olan bu gənc diplomatın adı ilə bağlı olmayan cinayət yoxdur: saxta arayış düzəltmək var, pul atmaq var. Şantaj var. Adam döymək var. Böhtan var. Bir sözlə, var oğlu var. Say, say bitmir.
Amma ən iyrənci – Peterburq konsulumuz gənc bir xanımı zorlamaqda suçlandırılır. Bunu həmin xanım özü də etiraf edib. Onun yaxınları da təsdiqləyib. Bir sözlə, Qüdsi Osmanov dünya diplomatiya tarixinin ən çirkin səhifələrindən birinə imza atmış durumdadır.Görürsünüz ki, mən havayı demirdim xarici siyasətimizə baxanda daxili siyasətimizin toya getməli olduğunu. Daxili siyasətimiz yenə üzə qız durğuzur, xarici siyasətimiz isə birbaşa qız zorlayır!
Di gedin ürəyiniz istəyən qədər bəyənin də, dəstəkləyin də.